EN

Qarabağ bu gün dirçəlişin, inkişafın və gələcəyə inamın rəmzidir ŞƏRH

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının dövlətçilik tarixi zəngin və şərəfli səhifələrlə doludur. Xalqımız əsrlər boyu öz milli kimliyini, azadlığını və ərazi bütövlüyünü qorumaq uğrunda mübarizə aparıb. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində ölkəmizin ərazilərinin bir hissəsi - Qarabağın qədim şəhərləri, kəndləri, rayonları işğal edilmiş, xalqımız ağır sınaqlarla üz-üzə qalmışdı. Lakin Azərbaycan xalqı bu haqsızlıqla heç vaxt barışmadı, öz torpaqlarına qayıdacağı günə hər zaman inandı.

Vətən müharibəsində əldə edilən şanlı Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması bunun bariz nümunəsidir. Bu tarixi qələbələr xalqımızın müasir tarixində yeni mərhələ açdı. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin işğaldan azad olunması ilə dövlətimizin milli maraqları, tarixi ədalət və beynəlxalq hüququn norma və prinsipləri bərpa edildi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov söyləyib.

O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Zəfər Azərbaycan dövlətinin gücünü, xalqımızın sarsılmaz birliyini, ordumuzun qəhrəmanlığını və milli iradəmizin möhkəmliyini bütün dünyaya nümayiş etdirdi.

“Sevindirici haldır ki, 2023-cü il oktyabrın 15-i Azərbaycan tarixində əlamətdar günlərdən biri kimi qeyd olunmaqdadır. Həmin gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Bu möhtəşəm hadisə Azərbaycan xalqının milli qürurunun və qələbə əzminin ən yüksək təcəssümü idi. Otuz il həsrətlə gözlədiyimiz bayraqqaldırma mərasimləri bir daha sübut etdi ki, haqqın, ədalətin və tarixin səsi həmişə qalib gəlir.

Həmçinin 2023-cü il noyabrın 8-də - Vətən müharibəsində Qələbənin üçüncü ildönümündə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndi şəhərində keçirilən hərbi parad müstəqil Azərbaycanın gücünün, Ordumuzun qüdrətinin və xalqımızın birliyinin nümayişi idi. Bu parad həm də bütün dünyaya aydın mesaj verdi: Qarabağ əzəli Azərbaycan torpağıdır və burada heç vaxt başqa bir gücün hökmranlığına yol verilməyəcək”, - deyə S.Novruzov vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə Qarabağ Universitetinin yaradılması azad edilmiş ərazilərin sosial-iqtisadi, elmi-mədəni inkişafında mühüm mərhələdir. Qarabağ Universiteti yalnız bir təhsil müəssisəsi deyil, həm də bölgənin intellektual inkişafının, elmin və biliklərin dirçəlişinin rəmzidir.

Eyni zamanda, respublika ərazisində Ağdərə rayonunun yaradılması dövlət idarəçiliyinin səmərəliliyini artırmaq, əhalinin rahatlığını təmin etmək və Qarabağ bölgəsinin tarixi simasını bərpa etmək baxımından əhəmiyyətli qərardır.

Bu addımlar Qarabağa Böyük Qayıdış proqramının daha planlı, sistemli və çevik həyata keçirilməsinə geniş imkanlar açır, eləcə də strateji hədəflərə xidmət edir, gənclərin doğma yurdlarında təhsil alaraq regionun inkişafına töhfə verməsinə şərait yaradır.

“Ümumiyyətlə, Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri bərpa-quruculuq işləri ilə tanışlıqla bərabər, yeni sosial obyektlərin açılışı və təmləqoyma mərasimlərinin keçirilməsi, doğma torpaqlarımıza qayıtmış sakinlərlə görüşləri ilə yadda qalır. Dövlətimizin başçısı daim çıxışlarında bildirir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Bütövlükdə, ilin elə bir ayı yoxdur ki, ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfəri olmasın. Müzəffər Ali Baş Komandanın Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfərləri də Qarabağın bərpa və inkişaf yolunun əyani göstəricisidir. Dövlətimizin başçısının bu şəhərlərdə Dövlət Bayrağını ucaltması, hərbi paradı qəbul etməsi, yeni layihələrin təməlini qoyması həm tarixi ədalətin bərpası, həm də Böyük Qayıdış prosesinin dövlət səviyyəsində necə strateji yanaşma ilə həyata keçirildiyini nümayiş etdirir.

Cari ilin sentyabr ayında Prezident İlham Əliyevin bölgəyə son səfərləri də Qarabağın yenidən qurulmasında yeni mərhələ açıb. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azad olunması və bu bölgələrdə aparılan bərpa-quruculuq işləri, məcburi köçkünlərin öz doğma torpaqlarına dönməsi, müasir şəhərlərin və kəndlərin salınması, sosial infrastrukturun yaradılması, elm və mədəniyyət ocaqlarının açılması Azərbaycanın güclü dövlətçilik iradəsinin təzahürüdür.

Bir sözlə, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə bu gün Azərbaycanın dövlət suverenliyinin, tarixi ədalətin və milli birliyin təntənəsinə çevrilib. Dövlət Bayrağımızın bu şəhərlərdə dalğalanması, hərbi parad, Qarabağ Universitetinin təsisi, Ağdərə rayonunun yaradılması və Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi müstəqil Azərbaycanın ən böyük qələbələrinin təcəssümüdür, Qarabağ isə bu gün dirçəlişin, inkişafın və gələcəyə inamın rəmzidir”, - deyə deputat vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
37
2
azertag.az

3Sources