Qırğızıstanın Edelveys təlim mərkəzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Mərkəzi Asiya Regionunun Kollektiv Çevik Yerləşdirmə Qüvvələrinin (CRDF CAR) "Rubej-2025" komanda-qərargah təlimi başlayıb.
Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlimlərdə Qırğızıstan, Qazaxıstan, Rusiya, Tacikistanın hərbi kontingentləri, Birləşmiş Qərargah və KTMT Katibliyinin əməliyyat qrupları iştirak edir. İştirakçıların ümumi sayı təqribən 1200 nəfər şəxsi heyət, 500 ədəd hərbi və xüsusi texnika, o cümlədən təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları və döyüş katerlərindən ibarətdir.
Açılış mərasimində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov bildirib ki, Mərkəzi Asiya regionu dövlətləri üçün əsas təhlükə radikal ekstremist qrupların Yaxın Şərqdən region dövlətlərinin cənub sərhədlərinə doğru hərəkət etməsi, öz ideologiyasını bütün ölkələrə yayması, gənclərin terror təşkilatlarına cəlb edilməsinin real imkanlarıdır”. Bu şəraitdə uğurlu döyüş tapşırıqları milli silahlı qüvvələr, region dövlətlərinin digər təhlükəsizlik qurumları və KTMT-nin Kollektiv Qüvvələri arasında dəqiq koordinasiya tələb edir.
Qeyd edək ki, əlimlər sentyabrın 17-dən 20-dək keçiriləcək. Təlimin əsas məqsədi üzv dövlətin ərazisinə basqın etmiş qeyri-qanuni silahlı birləşmələrin məhv edilməsi üçün CAR CRRF tərəfindən döyüş əməliyyatlarının hazırlanması və aparılması təcrübəsindən ibarətdir.
Gülşən Şərif