"Sumqayıt" klubunun baş məşqçisi Saşa İliçin Offsideplus.az-a müsahibəsini təqdim edirik:

— Salam. Özünüzü necə hiss edirsiniz?

— Salam. Çox yaxşı. 2 aydan bir az çox olar ki, buradayam. İndi "Sumqayıt", şəhər barədə çoxlu şeylər bilirəm. Bütün komandamla, birgə işlədiyim insanlarla yaxınam. Bura mənim üçün yaxşıdır. 

— Dediyiniz kimi 2 ay olar ki, "Sumqayıt"ın baş məşqçisisiniz. Əvvəlcə, bu komandaya gəlişinizdən başlayaq. Necə baş verdi, proses necə idi? 

— Əvvəlcə prezidentimiz, Riad (Rəfiyev) Belqrada gəldi. Söhbət etdik, "Sumqayıt"la planları, stadionun perspektivlərini göstərdi. Bunu bəyəndim. Köməkçi məşqçimlə də anlaşıb, buraya gəlmək qərarını verdik. 

— Azərbaycan Premyer Liqasını daha öncə də izlədiyinizi demişdiniz. Çempionatı kənardan izləyəndə münasibətiniz necə idi, daxilində olduqca təəssüratlarınız necədir?

— İlk öncə bəli, oyunları izləyirdim. Avrokuboklarda iştirak edən "Qarabağ", Marko Yankoviçə görə matçlara baxırdım. Azərbaycandan təklif alanda Voyislav Stankoviçlə danışdım. Azərbaycanda 10 ilə yaxın müddətdə forma geyinib. Mənə şəhəri, klubu izah etdi. Məlumatlı olduğum üçün qərar vermək mənim üçün asan oldu. 

— 12 klublu çempionat, 3 komanda I Liqadan Premyer Liqaya yüksəlib. Müsbət irəliləyişdir, lakin öz neqativ cəhətləri də var. Hansı çətinliklərlə üzləşmisiniz?

— Daha öncə 10 komandanın iştirak etdiyini bilirdim. İndi 12 klubdur. Bir az meydançalarda problem var. 2 gün əvvəl səfərdə kifayət qədər yaxşı olmayan meydançada oynadıq. Qalan məsələlərdə hər şey qaydasındadır.

— 4 oyuna 7 xal, 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət. "Kəpəz", "Qarabağ" kimi komandalar asanlıqla təslim olan heyətlər deyil. Bunu çempionatın gedişində də görəcəyik. Rəqabəti necə dəyərləndirərdiniz?

— İlk öncə deyim ki, çətin liqadır. Bu mənim fikrimdir, "Qarabağ" Azərbaycanın ən yaxşı komandasıdır. Premyer Liqada "Neftçi", "Zirə", "Sabah", "Araz-Naxçıvan", "Turan Tovuz" kimi klublar avrokuboklar üçün savaşacaq. Mümkündür ki, biz də gələn il avrokuboklar üçün mübarizə aparaq. Çətindir, amma çalışacağıq. 

— Komandanın qarşısına qoyulan hədəf avrokuboklardır? 

— Bu, bizim arzumuzdur. Çempion olmağı da arzulayırıq, amma çətin məsələdir. Avrokuboklara yollanmaq da çətindir. Hər gün sabahkı oyunun daha vacib olduğunu deyirəm. Qarşıdan gələn digər oyunları düşünməyə vaxt qalmır. Başlanğıcda xallar yığdıq, bəzilərində yaxşı oynadıq, bəzilərində yaxşı çıxış etmədik. Bu, normaldır. Yeni oyunçularımız var. İnkişaf etmək və yaxşı oynamaq üçün vaxt lazımdır. 

— "Sumqayıt"a gəldiyiniz ilk gündən bu günə qədər komandada nələrə nail olmusunuz? Gəldiyinizdə komanda yenilənmiş, bir çox futbolçu komandadan ayrılmışdı...

— Bütün Azərbaycan klubları üçün bu problem var. Bir çox futbolçuların, xüsusilə legionerlərin komandadan ayrıldığını, yenilərinin gəldiyini bilirdim. Bir çox futbolçumuz hazırlıq zamanı və ya sonradan bizə qoşuldu. İndi bütünük. Hər gün çalışırıq ki, futbolçularımız onlardan nə istədiyimizi anlayır. 

— Komandada atmosfer necədir? 

— Bunu futbolçulardan soruşmalısınız. Məncə atmosfer yaxşıdır. Məşqdə hamının 100%-ni göstərdiyinə baş məşqçi kimi əmin olmalıyam. Futbolçularla yaxınıq, deyib-gülürük. Ona görə də məncə, ab-hava yaxşıdır. 

— Roy Kehat müsahibəsində demişdi ki, siz bəzən zarafatlaşırsınız, bəzən tamamilə ciddi olursunuz...

— Keçmiş futbolçu olmuşam. Yaxşı məşqçilərlə çalışmışam, onlara qulaq asmışam, çoxlu şeylər öyrənmişəm. Buna görə də oyunda, məşqdə futbolçu maksimumunu verməlidir, bundan sonra hər şey ola bilər. Disiplinli və ciddi olmaq futbolçudan istədiyim birinci şeydir.

 Müqayisə edin: Futbolçularla futbolçu kimi danışmaq, yoxsa baş məşqçi?

— Bir az çətindir. Futbolçu olmaq daha asandır. Futbolçu olanda daha çox özünü barədə düşünürsən. Baş məşqçi kimi isə 20 nəfər futbolçu və klubdakıları fikirləşirsən. Ona görə müqayisə etsəm ki, hansı daha asandır, bu, futbolçu olardı.

— Baş məşqçi olandan sonra nəyin çətin olduğunun fərqinə vardınız?

— Bilirsiniz ki, 42 yaşıma qədər futbol oynamışam. Son 4-5 ildə əvvəlki klubum "Partizan"da baş məşqçimə köməklik edirdim. Karyeramın sonunda artıq məşqçiliyə başlamışdım. Futbol oynadığım zamanlardan hazırlaşmağa başlamışdım. Futbolçu karyeramın sonlarında olduğuna görə də asan qərar oldu.

— "Partizan"dan söz düşmüşkən, bu komandada ən çox oyun keçirmiş futbolçusunuz. Bu sizin üçün nə məna kəsb edir? 

— İlk olaraq "Partizan" mənim klubumdur, sevdiyim komandadır. Bu klubu doğulduğum gündən dəstəkləyirəm. "Partizan" tarixində ən çox oyun keçirən futbolçu olduğuma görə çox şadam. Bu klubu sevirəm. Tarixlərindəki ən yaxşı futbolçu olmadığımı bilirəm, çünki tarixi var, Avropada ən yaxşı komandalardan biridir. Bu klubda 25 ildən çox müddətdə oynamağım mənim üçün böyük məna kəsb edir.

— "Qalatasaray" klubunun ölkəmizdə həddindən artıq azarkeşi var. "Cim-Bom"da keçirdiyiniz günləri necə xatırlayırsınız? Niyə bu klubda uzun müddət qalmadınız? 

— Bu barədə çox danışmışam. Orada 2 gözəl il keçirdim. "Qalatasaray" Türkiyədə ən böyük komandalardan biridir. Böyük azarkeş dəstəyi var. Bu komandaya gəlib, 5 il sonra çempion olduğuma görə çox şanslıyam. Özüm barədə danışmaq istəmirəm, amma 2 yaxşı mövsüm keçirdim, qollar vurdum, titul qazandım. İndi bilirəm ki, səhv etdim, "Qalatasaray"ı tərk edib, "Zaltsburq"a getdim. Lakin bu futboldur, bu həyatdır. 

— İndi də Türkiyə Super Liqasını izləyirsiniz? 

—Bəli, Türkiyəni, "Qalatasaray"ı xoşlayıram. Türkiyə Super Liqası yaxşıdır, orada "Qalatasaray"ı dəstəkləyirəm. Bu çempionatı izləyirəm, son 10-15 ildə hər kəsə yeni stadion istifadəyə verilib, atmosfer yaxşıdır. "Qalatasaray"ın da çoxlu yaxşı futbolçuları var. 

— Yaxın vaxtlarda Joze Mourinyo Türkiyəyə gələndə yalnız futbolla məşğul olmursan demişdi. Orada və Azərbaycandakı təzyiqi müqayisə edə bilərsiniz? 

— Bir az fərqlidir. Azarkeşlər klublara daha yaxındır. Hər bir stadion doludur. Ora nisbətən burda bir az sakitlik, eyni zamanda yaxşı meydançalar var. Məncə, Azərbaycanda bir az tərəfdarlara ehtiyac var. 

"Partizan"a bir daha qayıdacam. Bu klubda 20 ildən çox forma geyinmisiniz. Baş məşqçiliyə başlayandan sonra klublarla müqavilə müddətiniz qısa olub. Bu paradoksu şərh etməyinizi istərdim. 

— Bu, baş məşqçinin həyatıdır. Olduğum yerlərdə belədi, bir şey təklif edirsən, hər şey ya yaxşı gedir, ya da pis. 5 ildir ki, baş məşqçiyəm. Əvvəlcə 15 yaşlı milli komandanı çalışdırdım, 2018-ci ildə Serbiya milli komandasında köməkçi məşqçi oldum. Bundan sonra "Çukariçki"dən təklif aldım və 7 ay orada baş məşqçilik etdim. ÇSKA (Sofiya) prezidenti məni dəvət etdi və 1 ildən çox bu komandanı çalışdırdım. Sonra məni vəzifəmdən azad etdilər. Yunanıstanın "Atrimitos" klubunda ikən "Pari Nijni Novqorod"dan təklif aldım. Klubla anlaşdım, ora getməyimə icazə verdilər. Yunanıstanda cəmi 5-6 ay baş məşqçilik etdim. Mən ora gələndə biz liqada qalmağı bacardıq, uğurlu oldu. Sonda yenə vəzifəmdən azad olundum. Bundan sonra isə bildiyiniz kimi "Sumqayıt"ın prezidenti məni buraya dəvət etdi. Bu, baş məşqçinin həyatıdır. Bir klubda nə qədər qalacağını bilə bilməzsən. Futbolçular kimi deyil. Oyunçular müqavilə bağlayır və bu klubda 2-3 il qala bilir. Lakin baş məşqçisənsə, 2-3 illik müqavilən olsa da, klubun prezidenti səni qova bilər. 

— Serbiya futbol məktəbindən hansı prinsipləri komandaya gətirmək istəyirsiniz?

— Mümkündürsə, hamı futbol oynamaq istəyir. Amma bu, komandadan asılıdır. İlk öncə hücuma oynamağı düşünürsənsə, bil ki, hamı bunu istəyir. Bunun üçün yaxşı futbolçuların olmalıdır. Futbolçularının keyfiyyətinə görə uyğunlaşmalısan.

— Azərbaycan milli komandasına "Sumqayıt"dan 2 futbolçu çağırıldı: Səbuhi Abdullazadə və sonradan Rüstəm Əhmədzadə. Onların çıxışlarını necə dəyərləndirdiniz? Özlərinə hər hansı bir qeydlərinizi bildirmisinizmi?

— "Sumqayıt"ın 2 futbolçusunun dəvət alması yaxşı şeydir. Səbuhini əvvəldən, Rüstəmi isə son anda çağırdılar. Onun üçün də şans yarandı ki, milli komandada oynamağa layiq olduğunu göstərsin. Hər ikisi üçün çox şadam. Onlar gəncdirlər, Azərbaycan futbolunda keyfiyyətlərini göstərmələri üçün qarşıda hələ vaxt var. 

Daha hansı futbolçuları Azərbaycan milli komandasında görmək istərdiniz?

— 21 yaşlı futbolçulardan ibarət yığmada çoxlu futbolçularımız var. U-21 yığmada Ayxan, Nihat, U-19 komandasında oyunçularımız var. A milli komandada 2 futbolçumuz var, lakin digər yaş qruplarında demək olar ki, bütün futbolçular bizimdir. Bu da çox yaxşıdır. 

— Akademiyadan əsas komandaya futbolçu çağırmağı planlaşdırırsınız?

— Bəli, bunu məşq toplanışlarında etmişik. Bəzi futbolçularımız yox idi, gənc oyunçuları çağırdıq. "Sumqayıt" akademiyasından 5-6 futbolçunu dəvət etdik. Bizimlə məşq etdilər. Onlar günbəgün inkişaf etmək istəyirlər. Məşqlərin gedişatından, onların davranışından razıyam. Onlara bir az vaxt lazımdır və şans verilməlidir. 

— "Sumqayıt" komandasının tam olduğunu düşünürsünüz? Yoxsa transferlərə ehtiyac var?

— Daha yaxşı olmaq istəyiriksə, transferlər olunmalıdır. Lakin bu sual mənə yox, klubun prezidentinədir. Bu gün 20 futbolçumuz var. Ötən mövsümdən daha yaxşı olmaq istəyiriksə, əlavə gücə ehtiyacımız var. 

— Növbəti oyun bu həftəsonu "Neftçi"yə qarşı olacaq. Son illərdə iki komandanın azarkeşləri arasında gərginlik var. Oyuna hazırlığı şərh edə bilərsiniz? Azarkeşlər bu matçdan nə gözləməlidir? 

— "Sumqayıt" və "Neftçi" tərəfdarları arasındakı gərginlik barədə eşitmişəm. Lakin bu, sadəcə bir oyundur. Bəli, "Neftçi" Azərbaycanın ən böyük klublarından biridir. Yaxşı oyun olacaq. Ümid edirəm ki, növbəti günlərdə yaxşı hazırlaşarıq. Hər kəs "Neftçi"nin "Qarabağ"la titul mübarizəsinə çıxmasını gözləyirdi, lakin komanda yaxşı start verməyib. Lakin onlar yaxşı klubdur, keyfiyyətli futbolçuları var. Biz taktiki olaraq disiplinli olmağa çalışacağıq, bazar günü nələrin baş verəcəyini görəcəyik. 

—  İndi sürətli sual-cavablarımız olacaq.

—  Yaxşı.

—  Başlayaq. Azərbaycan çay ölkəsidir. Gəlmiş-keçmiş, yerli-əcnəbi hansı baş məşqçi ilə əyləşib bir çay içmək istərdiniz? 

— Dünyada çoxlu yaxşı baş məşqçi var. Öyrənmək istəyərdim ki, onlar böyük futbolçularla necə baş edirlər. Məsələn, "Real Madrid"in baş məşqçisindən soruşmaq olar ki, Mbappe ilə necə ünsiyyətə girir. Və ya Messi, Ronaldu ilə necə baş edirlər. Amma soruşsanız ki, bir baş məşqçi seçməliyəm. Yalnız soruşmaq istəyərəm ki, böyük futbolçularla necə bacarırsınız? 

— Futbolçu karyeranızda hansı futbolçu ilə yanaşı oynamaq istəmisiniz?

— Həmişə hücumda idik, bəxtim onda gətirib ki, futbol oynayanda titul uğrunda mübarizə aparan klublarda çıxış etmişəm. Olduğum hər yerdə belə idi. 13-dən çox titul qazanılıb, bu çox yaxşıdır. 

— Bəs birgə oynamaq istədiyiniz amma gerçəkləşməyən bir futbolçu olub? 

— Bəli. Messi. 

— Baş məşqçilik tərzinizi qola bənzətsəydiniz, hansı olardı: Uzaq məsafədən qol, künc zərbəsindən qol, penalti. 

— (Gülür). Uzaq məsafədən qol. Küncdən də qol baş verir, qol qoldur. Amma seçsəydim, bu, uzaq məsafədən inanılmaz qol olardı. 

— Müasir futbolda ən yaxşı hesab etdiyiniz baş məşqçi hansıdır?

— Çoxdur. Qvardiola, Ançelotti, Zidan, Luis Enrike, Xabi Alonso. Bütün dünyada çox böyük baş məşqçilər var.

— Futboldan kənar danışaq. Azərbaycanda xoşunuza gələn nələr var – yemək, şəhər, insanlar?

— İlk gələndə Sumqayıtda yaşamağı seçdim. Ailəm mənimlə qala bilmir, çünki qızımın məktəbi var. Sumqayıtda qalmağı xoşlayıram, sakit şəhərdir. Bazamıza, köməkçimə yaxındır. Məlumdur ki, yaşamaq üçün daha yaxşı şəhər Bakıdır. 5-10 dəfə orada olmuşam. Yemək mənə görə yaxşıdır. Türkiyə yeməklərinə bənzəyir. Sumqayıtda da yaxşı restoranlar var, lakin Bakıdakılar inanılmazdır. Bakıda çoxlu dostlarım var. Yankoviç ordadır, Azərbaycanda oynayan və yaşayan serb futbolçular var. Təəssüratlarım yaxşıdır. 

— Müsahibədən əvvəl bəzi azərbaycanca və türkcə sözlər işlətdiniz. Hansı sözləri bilirsiniz?

— Azərbaycan dili çox çətindir. Bir az türkcə bilirdim, amma sizin diliniz daha fərqlidir. Bilirəm ki, çətin dildir, amma bəzi sözləri bilirəm. "Salam aleykum", "yaxşı", türk dilində "iyi" bilirəm. İngilis dilində ünsiyyət qururam, burada rus dilində də danışılır, bir az başa düşürəm. Türk dilində oxşar olan bəzi sözlər də var. Dil problemi yoxdur.

—Düşünürəm ki, müsahibə günlük rutininizdə yer almır. 

— Bəli. 

— O zaman Saşa İliçin baş məşqçi kimi gündəlik rutinini söyləyin...

— Hər gün eynidir. Oyanıram, köməkçimlə kofe içirəm, bir az məşq, hansısa epizod ya da Serbiyada baş verənlər barədə vacib şeylərdən danışırıq. Bundan sonra nahar, məşqə gedirik. Məşqdən sonra şam yeməyi olur, ən sonda oyunlara baxırıq və bu qədər. Xüsusi bir şey yoxdur. 

— Müsahibə üçün təşəkkür edirəm, komandanıza və sizə karyeranızda uğurlar. 

— Çox sağ olun.