EN

Fransada “Dieselgate” qalmaqalı 16 min vaxtsız ölümə səbəb olub

Paris, 17 sentyabr, AZƏRTAC

2009-cu ildən bu günə qədər Fransada 16 min insanın vaxtından əvvəl ölümünə "Dieselgate" qalmaqalı səbəb olub. Bu nəticə Finlandiyada yerləşən Təmiz Enerji və Hava üzrə Tədqiqat Mərkəzi (Centre for Research on Energy and Clean Air- CREA) adlı müstəqil tədqiqat institutunun yayımladığı araşdırmada yer alıb.

AZƏRTAC xəbər verir ki, 2015-ci ildə üzə çıxan “Dieselgate” qalmaqalında, bir neçə avtomobil istehsalçısının dizel mühərrikli avtomobillərdə emissiya testlərini keçmək üçün saxta proqram təminatı istifadə etdiyi aşkarlanıb. Bu cihazlar laboratoriya şəraitində avtomobillərin az zərərli qazlar buraxdığını göstərsə də, real yol şəraitində buraxılan azot oksidlərinin (NOx) miqdarı çirklənmə normasını xeyli aşır.

CREA-nın sorğusuna əsasən, söhbət 2009-2019-cu illər arasında istehsal olunan və “Euro 5” və “Euro 6” standartlarına uyğun olan 200-dən çox avtomobil modelindən gedir. Bu modellər real idarə testlərinə (RDE) tabe edilməyib.

CREA-nın hesablamalarına görə, 2009-2024 illəri arasında 16 min nəfərin (təxminən 10 mindən 29 minə qədər) vaxtsız ölümünə bu mühərriklər səbəb olub. Əgər əlavə tədbirlər görülməzsə, 2025-2040-cı illər arasında daha 8 min ölüm (təxminən 5 mindən 14 minə qədər) qeydə alına bilər. Ümumilikdə isə bu dövrdə 24 min insanın həyatını itirəcəyi proqnozlaşdırılır.

Çirklənmənin nəticələri təkcə ölüm halları ilə məhdudlaşmır. Bu çirklənmədən 2,4 milyon gün xəstəlik məzuniyyəti, 26 min yeni uşaq astması halı da qeydə alınıb. Ümumilikdə Fransa iqtisadiyyatına 146 milyard avro ziyan dəyib. Avropa miqyasında (Avropa İttifaqı və Birləşmiş Krallıq daxil olmaqla) isə 205 min vaxtsız ölümə və 1,2 trilyon avro iqtisadi itkiyə səbəb olub.

Fransa Təbii Mühit Assosiasiyasının nümayəndəsi Anne Lassman-Trappyenin sözlərinə görə, bu ölümlər və xəstəlik hallarının əksəriyyəti qarşısı alına bilən hallardır. “ABŞ dərhal hərəkətə keçdi və bu avtomobilləri bazardan çıxardı. Fransa isə hələ də istehsalçılardan ciddi məsuliyyət tələb etmir. İstehsalçıları qorumaq üçün bu qədər insan həyatını təhlükəyə atmaq qəbuledilməzdir”, - deyə A.Lassman-Trappye bildirib. O, dövlətin istehsalçılara avtomobilləri yenidən normaya salmağı məcbur etməsini və ya istehlakçılara kompensasiya ödənilməsini tələb edib.

“Dieselgate” qalmaqalı ilə bağlı 2025-ci il mayın 26-da Almaniyada daha bir məhkəmə qərarı çıxarılıb. “Volkswagen” şirkətinin dörd keçmiş rəhbəri dörd ilə qədər həbs cəzasına məhkum edilib. 2023-cü ildə isə Audi şirkətinin keçmiş rəhbəri Rupert Stadler, 21 ay şərti həbs cəzası almışdı.

Bu araşdırma hava çirkliliyinin görünməyən, lakin ölümcül nəticələrini bir daha ortaya qoyur. Əgər effektiv dövlət siyasəti və sərt nəzarət tədbirləri tətbiq olunmasaydı, minlərlə həyat xilas edilə bilərdi. Mütəxəssislər həm insanların sağlamlığı, həm də iqtisadi sabitlik naminə dərhal tədbir görülməsinin vacibliyini vurğulayırlar.

Chosen
19
1
azertag.az

2Sources