EN

AMEA əməkdaşlarının rəsm əsərlərindən ibarət sərgi açılıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyi münasibətilə Vəcihə Səmədova adına Sərgi salonunda AMEA əməkdaşlarının əsərlərindən ibarət “Akademiya rəssamlığı - elmi idrakla bədii düşüncənin qovşağında” adlı sərginin açılış mərasimi keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov alimlərin yaradıcılıq işlərinin ilk dəfə bu miqyasda təqdim olunmasını yüksək qiymətləndirib, dörd AMEA əməkdaşının İttifaqa üzv qəbul olunduğunu bildirib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli sərgini Akademiyanın 80 illik yubileyinə həsr olunmuş əlamətdar hadisə kimi dəyərləndirib. O vurğulayıb ki, alimlərin əsərləri elmi düşüncə ilə bədii təxəyyülün sintezini nümayiş etdirir və təsviri sənət tarixində ilk intellektual sərgi kimi yadda qalacaq.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Milli Məclisin deputatı Fazil Mustafa, Xalq rəssamları Ömər Eldarov və Natiq Əliyev çıxışlarında sərginin elmlə incəsənətin kəsişməsində mühüm hadisə olduğunu diqqətə çatdırıblar.

Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə sərginin janr müxtəlifliyi və zənginliyini qeyd edərək onun AMEA və Rəssamlar İttifaqının tarixində önəmli yer tutacağını bildirib.

Sərgidə 28 müəllifin yağlı boya, akvarel, qrafika, keramika və digər texnikalarda işlənmiş əsərləri nümayiş olunur.

Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, Akademiya əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgi bir həftə davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
2
azertag.az

3Sources