EN

Azad edilmiş bölgələrdə aparılan bərpa və quruculuq işləri dayanıqlı inkişaf modelini təcəssüm etdirir

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura hər bir səfəri əlamətdar tarixi hadisələrlə zəngin olur. Bu mənada ölkəmizin başçısının Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyması, Xocavənd rayonunun Hadrut qəsəbəsinə köçmüş sakinlərlə görüşü, Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirakı olduqca əlamətdar məqamlar kimi yaddaşlara həkk olundu.

“İki sahil” xəbər verir ki, bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, dövlətimizin başçısının Xocavənd rayonunun Sos kəndinə, Qırmızı Bazar qəsəbəsinə səfərləri də əlamətdar hadisələrdən idi: “Prezident İlham Əliyevin Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşü, onlarla səmimi söhbəti zamanı dövlətimizin başçısının tariximiz, yeni dövrün reallığı, II Qarabağ müharibəsi və ondan sonrakı dövrlərlə bağlı vacib mesajları olduqca əhəmiyyətlidir. Həmçinin Prezident İlham Əliyevin Xocalı rayonunun Şuşakənd kəndinə səfəri, Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirakı da xalqımız üçün qürurverici hadisələr kimi xarakterizə olunur. Çünki uzun on illiklər Ermənistanın işğalında olan, separatizm yuvasına çevrilən torpaqlarımızda bu gün həyat canlanır. Bu torpaqların əsl sakinləri ata-baba ocaqlarına geri dönür. Məhz qısa zamanda Qarabağ və Şərqi Zəngəzurda görülən misilsiz işlər də bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin diqqəti və birbaşa nəzarəti ilə görülən işlər bu bölgəyə qayıdan sakinlərin rahat, xoşbəxt və təhlükəsiz şəraitdə yaşamasına hesablanıb”

Deputat bildirib ki, Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə də dövlətimizin başçısı olduqca vacib məqamlardan bəhs edib, öz yurd-yuvalarına qayıdan sakinləri bir daha təbrik edərək xalqımızın bundan sonra qalib, alnıaçıq, qürurla yaşayacağı qeyd olunub. Doğma Qarabağ torpağında gəlib yerləşən sakinlərə ölkəmizin başçısının səmimi söhbətləri isə dövlət-vətəndaş amilinin ən yüksək səviyyədə tərənnümü kimi qiymətləndirilir. Prezident İlham Əliyevin mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrinə etdiyi səfərlər post-münaqişə dövrünün əsas inkişaf dinamikasını müəyyən edən strateji hədəfləri xarakterizə edir. Dövlətimizin başçısının azad edilmiş bölgələrə səfərləri Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasının ardından reallaşan bərpa-quruculuq işlərinin sürətini, miqyasını və siyasi iradənin gücünün bariz nümunəsidir”.

Sevinc Hüseynova hesab edir ki, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura hər bir səfəri bu bölgədə görülən işlərin də miqyasını bir daha göz önündə canlandırır: Qısa zamanda 30 il dağıdılan, viran edilən, daşı-daşı üstündə saxlanılmayan bir bölgədə yenidən həyatın canlanması, yaradılan ən müasir infrastruktur, çəkilən yollar, tunellər, tikilən körpülər Azərbaycan dövlətinin əzminin, iradəsinin nümayişidir. Azərbaycan artıq işğal faktorunu aradan qaldırıb və bu ərazilərdə tam suveren hüquqlarını icra edərək, özünəməxsus ərazilərdə xariqələr yaradır. Bbu regionların Azərbaycan digər bölgələrinə inteqrasiyası davam edir. Prezidentin səfərləri zamanı verdiyi bəyanatlar da strateji xarakter daşıyır. Zəngəzur dəhlizi məsələsində Prezidentin qətiyyətli mövqeyi regional kommunikasiya xətlərinin yenidən formalaşdırılmasında Azərbaycanın rolunu ön plana çıxarır. Azad edilmiş bölgələrimizdə “Ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları çərçivəsində kənd təsərrüfatı layihələri də icra olunur. Bütün bunların fonunda yaşayış məntəqələrinin bərpası və məcburi köçkünlərin geri qaytarılması kimi planlar Azərbaycanın post-münaqişə dövründə modern və dayanıqlı inkişaf modelinə keçid etdiyinin nümayişi kimi də dəyərləndirilir. Bu mənada Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri Azərbaycanın yeni dövrə – post-münaqişə mərhələsinə keçidinin simvolu hesab edilir”.

Chosen
19
1
ikisahil.az

2Sources