EN

"Suverenliyin bərpası Azərbaycanın milli gücünün ifadəsidir" - Deputat

"Dövlət suverenliyi – dövlətin ali və qeyri-məhdud səlahiyyətə malik, daxili və xarici siyasətdə tam müstəqil olması deməkdir. Bu, xalqın öz taleyini sərbəst müəyyənləşdirməsi və milli maraqlarını qoruması üçün mühüm hüquqi-siyasi təminatdır. Suverenliyin mövcudluğu həm də beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəf kimi çıxış etməyə imkan yaradır".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentari bildirib ki, 1990-cı illərin əvvəllərindən Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə hərbi təcavüz etmiş, Qarabağ və ətraf rayonlar uzun müddət işğal altında saxlanılmışdır.

"Bu dövrdə yüz minlərlə soydaşımız doğma yurd-yuvasından didərgin düşmüş, şəhər və kəndlərimiz dağıdılmış, tarixi-mədəni irsimizə ciddi zərər dəymişdir. İşğalçı siyasət həm də milli kimliyimizə, dövlətçiliyimizə və xalqımıza qarşı davamlı və təhlükəli təhdid yaratmışdır. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi ordumuzun gücünü, yüksək döyüş qabiliyyətini və xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirdi.  44 günlük müharibədən sonra Ermənistanın separatçı siyasəti və Laçın dəhlizi üzərindən silah daşınması dövlət suverenliyimizə birbaşa təhlükə yaradırdı. Azərbaycan qətiyyətli addım ataraq, 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurdu. Həmin il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində qondarma rejim özünü buraxdı və ölkəmizin bütün ərazilərində dövlət suverenliyi təmin olundu. Bu genişmiqyaslı əməliyyat dövlətçiliyin möhkəmləndirilməsi və tarixi ədalətin bərpası baxımından böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü qeyd olunur. Bu qərar Azərbaycan xalqının uzun illər ərzində müstəqillik uğrunda apardığı mübarizənin, ərazi bütövlüyünün qorunması və dövlətçiliyin möhkəmləndirilməsi sahəsində qazandığı tarixi nailiyyətlərin rəsmi şəkildə təntənəsi deməkdir. Dövlət Suverenliyi Gününün təsis edilməsi həm də ölkəmizdə hüquqi və siyasi sabitliyin təmin olunması baxımından mühüm addım kimi dəyərləndirilir.

Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçiliyin möhkəm siyasi əsaslarını və suverenliyin qorunmasında hüquqi çərçivəni daha da gücləndirir. Bu addımlar Azərbaycanın müasir dövrdə milli qanunvericilik sistemini təkmilləşdirmək, dövlət orqanlarının fəaliyyətinin effektivliyini artırmaq və vətəndaşların hüquq və azadlıqlarını təmin etmək istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin davamıdır".  

Chosen
45
4
unikal.az

10Sources