ain.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
II Qaregin xarici pullarla hakimiyyətə müharibə elan etmək fikrindədir
Qondarma və işğalçı erməni təfəkkürünün “ideya müəllifi” sayılan erməni kilsəsi tarixən regionda düşmənçilik toxumunun səpilməsində, sülhün deyil destabilzmin “çiçəklənməsində” əsaslı rola malik olub. 1990-cı illərin sonunda Azərbaycana qarşı başlanan erməni təcavüzünün də “layihə rəhbərlərindən” biri məhz erməni kilsəsi idi. Kilsə və onun başında dayanan katalikoslar isə ötən dövr ərzində dövlətin idarəçiliyini nəzarət altında saxlayır, istəklərinə və maraqlarına uyğun şəkildə yönləndirirdi. Zaman-zaman siyasi rəhbərliklə kilsə arasında anlaşmazlıqlar meydana gəlsə də, dövlətin rəsmi strukturları din pərdəsi altında terror hədəsi yağdıran bu qruplaşmanın qarşısında duruş gətirə bilməyib.
2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlişinin ardından isə Ermənistanda din-dövlət qarşıdurması pik nöqtəyə çatdı - nəticədə Ermənistan cəmiyyətində davam edən ikili idarəçilik dilemmasının konturları tam şəkildə üzə çıxdı. Formal olaraq ölkədə parlament-demokratik respublika sistemi qurulsa da, faktiki olaraq dövlət siyasətinə ənənəvi kilsə strukturları, onların diaspor lobbiləri ilə qurduqları şəbəkələr mühüm təsir göstərir. Bu təsir bəzən dövlətin qərar qəbul etmə mexanizmlərini iflic edir, bəzən isə siyasi hakimiyyətin legitimliyini şübhə altına alır. Digər tərəfdən, bəzi hallarda kilsənin bir çox xarici siyasi dairələrlə işbirliyində olması da burada əsaslı əhəmiyyət daşıyır.
Kilsəyə məğlubiyyətin “siyasi sükan”ı tam itirmək olduğunu anlayan Paşinyan verilən qərarlara kilsənin təsirini azaltmaq üçün son zamanlar xüsusi addımları ilə seçilir. Qeyd edək ki, Paşinyan bu mübarizədə qarşısında daha dərin kökləri olan bir qüvvə - Ermənistan Apostol Kilsəsini gördü. Bu kilsə sadəcə dini qurum deyil, yüzillərdir siyasi ideologiyanın daşıyıcısı, “Böyük Ermənistan” mifinin əsas təbliğatçısı, xaricdəki diaspor strukturlarının siyasi dayağıdır.
İkibaşlı siyasi idarəçilik - kilsə radikal müxalifəti ələ alıb...
Paşinyan-kilsə qarşıdurmasının tarixi ötən il başlanan “Qalstyan hərəkatı”ndan qaynaqlanmır - 2018-ci ildə küçə etirazları fonunda hakimiyyətə gəldikdə, Paşinyanın ən ciddi hədəfi siyasi hakimiyyəti tam ələ almaq istəyi idi. Bunun üçün isə birmənalı şəkildə kilsə zərərsizləşdirilməli idi - kilsə isə bu prosesdə öz mövqeyini qorumaq və hətta daha da gücləndirmək niyyətinə düşmüşdü. II Qaregin başda olmaqla kilsə rəhbərliyi Paşinyanın legitim hakimiyyətini tanısa da, paralel şəkildə onun üzərində “mənəvi avtoritet” iddiasını ortaya qoydu. Bu isə siyasi idarəçilikdə iki başlılıq yaradırdı.
Bir müddət keçdikdən sonra kilsə təkbaşına siyasi mübarizə apara bilməyəcəyini anlayaraq, Ermənistanda radikal müxalifət qüvvələri ilə ittifaqa girdi. II Qareginin Sərkisyan-Koçaryan tandemi ilə yaxınlığı, habelə Levon Ter-Petrosyanla koordinasiyalı hərəkəti açıq şəkildə görünməyə başladı. Bu ittifaq Paşinyanı zəiflətmək, dövlət idarəçiliyini yenidən kilsə-nomenklatura blokunun nəzarətinə qaytarmaq məqsədi güdürdü.
Paşinyan mövqeyində qətidir - prezident də onu dəstəkləyir
Amma Paşinyanın kilsənin təzyiqləri qarşısında duruş gətirməsi prosesləri bugünki vəziyyətə daşıyıb. Sülh prosesi istiqamətində mühüm addımdların atıldğı bir dövrdə, xüsusilə qarşıdan gələn parlament seçkilərində yenidən əsas iddiaçı statusunu qorumaq üçün Paşinyan cəmiyyət içində dağıdıcı mahiyyətə malik kilsəni birmənalı şəkildə sıradan çıxarmağa niyyətlənib. Açıq kontekstdə davam edən bu mübarizənin konturları tam bəllidir. Hətta Paşinyan bir neçə gün öncə daha sərt şəkildə xəbərdarlıq edib. Paşinyan parlamentdə hökumət saatında “Mülki müqavilə” fraksiyasının üzvü Alxas Qazaryanın sualını cavablandırarkən deyib ki, bütün ermənilərin katolikosu II Qareginin getməsi məsələsində heç bir güzəşt olmayacaq. O, çıxışında erməni kilsəsini insanları mənəvi dəyərlərlə tanış etmək əvəzinə, bunun əksini etməkdə ittiham edib. “Heç bir güzəşt olmayacaq, sizə açıq deyirəm. Bundan söhbət gedə bilməz. Ktriç Nersisyan (II Qareginin dünyəvi adı - red.) getməlidir. O, nə qədər tez getsə, bir o qədər yaxşıdır. Onu heç nə xilas etməyəcək”, - deyə Paşinyan qeyd edib.
Bu qarşıdurmada Ermənistan prezidenti Vaaqn Xaçaturyan da baş nazirin tərəfindədir. O, RTVI telekanalına müsahibəsində bildirib ki, Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında münaqişənin səbəbkarı kilsə olub. “Kilsə siyasətdən ayrılıb kənarda dayanmalı idi”, - Xaçaturyan deyib.
Katalikos lobbiyə “güvənir”...
Hazırda kilsə hakimiyyətə qarşı mübarizədə əsas dayaq kimi lobbi təşkilatlarını güvənir. Erməni lobbisinin, xüsusilə də ABŞ-da fəaliyyət göstərən Amerika Erməni Assambleyası kimi qurumların kilsə ilə sıx əlaqələri var. Bu qurumlar kilsədən siyasi təsir vasitəsi kimi istifadə edir. Məqsəd Ermənistan dövlətçiliyinə dolayısı ilə müdaxilə etmək, Paşinyanı zəiflədərək “lobbiyə daha yaxın” qüvvələri hakimiyyətə gətirməkdir. Nəticədə kilsə yalnız daxili müxalifətin deyil, həm də xarici lobbi dairələrinin siyasi alətinə çevrilib.
Kilsə Paşiyanın qarşısında “əzələ” nümayiş etdirmək üçün boş dayanmır - qarşıdurma fonunda kilsə erməni lobbisinə müraciət edib, onlarla İrəvanda görüş keçirib. Erməni mediası II Qareginin Eçmiadzində (Üçkilsə) Amerika Erməni Assambleyasının həmsədri Oskar Tatosyanı, keçmiş həmsədr Entoni Barsamyanı və icraçı direktor Brayan Ardunu qəbul etdiyini yazıb. Yaxınlarda digər ölkələrdən də diaspora ilə də analoji görüşlərin olacağı gözlənilir. Həmçinin II Qareginin Vatikana yola düşməsi ilə bağlı xəbər yayılıb - bildirilir ki, səfər çərçivəsində onu Roma Papası XIV Lev qəbul edəcək.
Üçkilsədə keçən müzakirələrə gəldikdə, mediada yer alan xəbərlərdə bildirilib ki, danışıqlarda “erməni xalqı və vətəni qarşısında duran daxili və xarici çağırışlar, Qarabağdan könüllü çıxan ermənilərinin qanuni hüquqlarının müdafiəsi məsələləri” müzakirə edilib. “Bu çətin dövrdə çətinliklərin aradan qaldırılması üçün milli birliyin gücləndirilməsi və bütün dünyada erməni xalqının potensialının birləşdirilməsinin zəruriliyi vurğulanıb”, - xəbərdə deyilir. Əlavə edilib ki, “katolikos erməni kilsəsinin xalqın maraqlarının müdafiəsi və Ermənistan-diaspor əlaqələrinin gücləndirilməsi istiqamətində ardıcıl səylərini yüksək qiymətləndirib”.
Kilsə-lobbi işbirliyinin detalları...
Qeyd edək ki, bu mübarizənin əsas detallarından biri də regionda sabitliyi təmin edəcək sülhün imzalanması məsələsidir. Paşinyanın əsas hədəflərindən biri Azərbaycanla sülh sazişinin imzalanmasıdır. Bu, Ermənistan üçün yeni reallıqlara uyğunlaşma, iqtisadi inkişaf və regionda sabitlik deməkdir. Amma kilsə bu ssenarini qəbul etmir. Bunun səbələrinə gəldikdə isə:
- Tarixi reallıq göstərir ki, erməni işğalçı ideologiyasının əsas təbliğatçısı məhz kilsə olub. “Qədim torpaqlar” və “Böyük Ermənistan” mifləri hər zaman kilsənin dini-siyasi platformasında formalaşdırılıb;
- Müharibə və işğal kilsə üçün gəlir mənbəyi deməkdir. Xaricdəki lobbilərdən, diaspor təşkilatlarından müxtəlif ianələr, siyasi dəstək və maliyyə yardımları kilsənin nəzarətində olan fondlara axıdılıb;
- Kilsə sülhün gətirəcəyi ən mühüm dəyişiklikdən - ölkədaxili idarəçiliyin mülki hakimiyyətin nəzarətinə keçməsindən qorxur. Çünki sülh Ermənistan cəmiyyətini Paşinyanın tərəfinə yönəldəcək və kilsənin siyasi çəkisini azaldacaq. Bu isə gələn il üçün nəzərdə tutulan parlament seçkilərindən hazırki siyasi qüvvələrin mütləq qələbəsinə yol aça bilər.
- Əgər Paşinyan sülhə nail olsa, cəmiyyətin gözündə qalib obrazına çevriləcək. Bu isə kilsənin real üzünü - intriqalara, zorakı ideologiyaya söykənən mahiyyətini açacaq.
Bu mənada, Paşinyanın əsas mübarizə “silahı” məhz sülh prosesinin daha da aktivləşdirilməsi və tezləşdirilməsi sayıla bilər. Paşinyan əgər qısa müddətdə Azərbaycanla sülh sazişini imzalamağa nail olsa, bu, onun siyasi karyerasında dönüş nöqtəsi olacaq. Çünki sülh:
-Ermənistanı müharibə yükündən azad edəcək;
-İqtisadi perspektivləri genişləndirəcək;
- Ölkəni regional əməkdaşlığa açacaq;
- Ən əsası isə kilsənin siyasi dayaqlarını zəiflədəcək.
Bir sözlə, sülh Paşinyanın əsas siyasi rəqibi olan kilsə üzərində qəti qələbəsini təmin edəcək. Beləliklə, Ermənistan siyasətində “dövlət - kilsə” münaqişəsi də başa çata bilər.
Seçim: ya lobbi ianələri, ya da...
Göründüyü kimi, Ermənistanın hazırkı reallığında kilsə sadəcə dini institut deyil, həm də siyasi lobbi aləti, destruktiv ideologiyanın daşıyıcısıdır. Lobbi təşkilatlarının kilsəyə artan marağı isə həmin dairələrin bağlı olduğu bir çox ölkə və ya mərkəzlərin sifarişidir. Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən bu mərkəzlər yeganə “sığınacaq” kimi məhz kilsəni seçiblər. Beləliklə, əgər sülh imzalanarsa, ölkə kilsə xətti ilə regiona əl uzatmağa çalışan lobbi təşkilatlarının poliqonuna çevrilə bilməyəcək - əks halda kilsənin təbliğ etdiyi köhnəlmiş ideologiya Ermənistanı təcrid olunmuş, böhran içində boğulan və lobbiçilərin ianələrinə möhtac halda yaşamağa məcbur dövlət kimi saxlamaqda davam edəcək.
P.İSMAYILOV
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.