EN

“Şərq gözətçiləri” əməliyyatı: NATO Rusiya müharibəsinə doğru...

ain.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Diqqət Kremlə yönəlib - cavab necə olacaq?

Xəbər verildiyi kimi, Polşa Prezidenti Karol Navrotski Rusiya pilotsuz uçuş aparatlarının bu ölkənin hava məkanına müdaxiləsinə cavab olaraq, NATO qüvvələrinin Polşada yerləşdirilməsinə icazə verən qərarı imzalayıb. ABŞ Milli Təhlükəsizlik Bürosu (BSN) “X” platformasında bildirib: “Polşa Respublikasının Prezidenti Karol Navrotski Şimali Atlantika Müqaviləsi Təşkilatının iştirakçısı olan dövlətlərdən xarici hərbi komponentin “Şərq gözətçiləri” əməliyyatı çərçivəsində Polşa Respublikası ərazisində olmasına icazə verən qərar imzalayıb. Prezidentin qərarı məxfi xarakter daşıyır”.

“Şərq gözətçiləri” əməliyyatı haqqında ötən həftənin sonuna Brüsseldə NATO-nun Baş katibi Mark Rütte tərəfindən Polşaya PUA-ların hücumu və Varşavanın NATO-nun 4-cü maddəsinə istinad etməsindən sonra elan edilib. Rütte bildirib ki, plan Rusiyanın hərəkətlərinə cavab olaraq NATO-nun şərq cinahını gücləndirmək məqsədi daşıyır. NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin (SACEUR) baş komandanı general Aleksus Qrinkeviç bildirib ki, əməliyyat Rusiyadan gələn genişspektrli təhdidləri aradan qaldırmaq üçün hava və qurudan müdafiəni birləşdirəcək.

NATO “cavab verir”?

NATO-nun Baş katibi isə bildirib ki, sentyabrın 10-da səhər saatlarında Rusiyanın çoxsaylı pilotsuz uçuş aparatları Polşanın hava məkanını pozması ilə NATO-nun hava hücumundan müdafiə sistemi işə salındı və Şimali Atlantika ərazisinin müdafiəsini uğurla təmin etdi: “Bu, NATO hava məkanında müşahidə etdiyimiz ən böyük pozuntu konsentrasiyası olsa da, çərşənbə günü baş verənlər yeganə hadisə deyildi. Rusiyanın şərq cinahımızda havada təxribatları getdikcə artır. Biz dronların Rumıniya, Estoniya, Latviya və Litvada hava məkanımızı pozduğunu görmüşük. Bu, çox təhlükəlidir və qəbuledilməzdir”.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış NATO-nun Polşadakı əməliyyatının təfərrüatlarını açıqlayıb. O deyib: “NATO qəti, aydın cavab verir. “Şərq gözətçiləri” aydın, qəti cavabdır... Bu, çox ciddi əməliyyatdır, yəqin ki, NATO tarixindəki ən böyük əməliyyatlardan biridir”.

O əlavə edib ki, hazırda səkkiz ölkə “Şərq gözətçiləri” əməliyyatına qoşulmağa hazır olduqlarını bəyan edib və “digərləri belə bəyanatlar verməyə hazırlaşır”. Polşalı nazir bildirib ki, “çoxqatlı hava hücumundan müdafiə sistemi” qurmaq üçün bir neçə növ texnika yerləşdiriləcək. “Bu, təkcə dron əleyhinə sistemlər deyil, hava hücumundan müdafiə raketlərinə, aviasiyaya da, yarana biləcək bütün təhlükə növlərinə aiddir”, -deyə o əlavə edib.

“Baltik keşikçiləri”nin davamı...

Qeyd edək ki, əməliyyatda Britaniya, Almaniya, Danimarka, Fransa və digər NATO üzvlərinin qüvvələri iştirak edir. Bir çox siyasi analitiklər bu əməliyyatı ilin əvvəlindən start verilən “Baltik keşikçiləri” əməliyyatının davamı adlandırır. Xatırladaq ki, həmin əməliyyat çərçivəsində NATO Baltikyanı regionda mövcudluğunu əsaslı şəkildə artırıb. Bu, Baltik dənizində sualtı rabitə kabellərinin kəsilməsi hallarının artmasına qarşı Alyansın reaksiyası idi. NATO Rusiyanın bu hadisələrdə əli olduğunu bildirsə də, Moskva ittihamları rədd etmişdi. WSJ də yazıb ki, Rusiyanın bu məsələdə iştirakına dair heç bir dəlil tapılmayıb.

Beləliklə, “Şərq gözətçiləri” əməliyyatı da sentyabrın 10-da Polşanın hava məkanında vurulan pilotsuz uçuş aparatlarına cavabdır.

Alyans səfərbər oldu...

Qeyd edək ki, hadisədən sonra bir sıra NATO üzvləri Polşaya əlavə dəstək göndərib - Fransa - üç “Rafale” qırıcısı, Britaniya - “Eurofighter Typhoon” qırıcıları, Çexiya - üç “Mi-17” helikopteri və yüzə yaxın hərbçi, İsveç - hava hücumundan müdafiə sistemləri və təyyarələri ilə Varşavanın yardımında olduğunu bildirib. Niderland isə Polşanı “Patriot” zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları və 300 hərbçi ilə təmin edib. Bundan başqa,  İtaliya da NATO-nun şərq cinahını gücləndirmək üçün keçirəcəyi əməliyyatda iştirak edəcək. Rəsmi Roma bu əməliyyata 2 “Eurofighter” döyüş təyyarəsi ilə töhfə verməyə hazırlaşır.

Almaniya hava məkanında patrul xidməti həyata keçirmək üçün Polşa ilə sərhəd yaxınlığında Eurofighter qırıcılarının sayını iki dəfə artırıb. Bundan əlavə, Polşa Rusiya-Belarus strateji “Zapad-2025” təlimləri ilə əlaqədar Belarusla sərhədini qeyri-müəyyən müddətə bağlamışdı.

Moskvanın reaksiyası...

“Rusiyanın NATO-nun elan etdiyi “Şərq gözətçiləri” əməliyyatına reaksiyası Şimali Atlantika Alyansının konkret addımlarından asılı olacaq” - bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa NSN-ə müsahibəsində bildirib. “Biz indi heç bir addım atmayacağıq, heç bir təhdid etməyəcəyik. Onlar sadəcə bunu gözləyirlər. Biz də onların addımlarından asılı olaraq buna cavab verəcəyik. Onlar Rusiyanı təxribata çəkirlər, biz yeni heç nə görmürük”, - Çepa bildirib.

Kremlin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki, NATO faktiki olaraq Ukrayna müharibəsində tərəfdir. Peskov Polşanın xarici işlər naziri Radoslav Sikorskinin “NATO Rusiya ilə vuruşmur” sözlərini şərh edərkən belə deyib: “NATO de-fakto bu müharibədə iştirak edir. Kiyevə həm dolayı, həm də birbaşa dəstək göstərməklə alyansın bu qarşıdurmada iştirakı artıq sübuta ehtiyac duymur”.

SADİQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

5Sources