Milli hərəkatın formalaşmasında, millətin öz taleyini müəyyənləşdirməyə hazırlanmasında M.F.Axundzadədən üzübəriyə böyük fikir adamları içərisində Üzeyir bəy Hacıbəylinin müstəsna xidmətləri vardır. Yazıçı, musiqişünas, publisist, pedaqoq, jurnalist kimi çoxcəhətli fəaliyyəti ilə ədəbiyyat, mədəniyyət və mənəviyyat tariximizdə xüsusi yeri olan Üzeyir bəy Hacıbəyli "...Azərbaycan ədəbiyyatının nəhəng titanlar meydana çıxardığı müstəsna tarixi mərhələ"nin bənzərsiz yetirməsidir. Böyük ədibin zəngin yaradıcılıq irsinin əhəmiyyətli bir hissəsini dövrünün ən aktual məsələrinə həsr etdiyi publisistik yazıları təşkil edir.
Üzeyir bəy Hacıbəylinin XX əsrin əvvəllərində fəaliyyət göstərən dövri mətbuat orqanlarında açıq və gizli imzalarla dərc olunan müxtəlif səpkili yazıları onun publisistikasının möhtəşəmliyindən xəbər verir. O, müxtəlif illərdə "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal", "Azərbaycan" qəzetlərinin, "Molla Nəsrəddin" jurnalının səhifələrində müntəzəm çıxışlar etmişdir. Ü.Hacıbəylini dövrünün nəhəng publisistləri Ə.Ağaoğlu və C.Məmmədquluzadə ilə əqidə yaxınlığı birləşdirirdi. Ü.Hacıbəyli 1905-1909-cu illərdə Əhməd Ağaoğlunun təsis etdiyi qəzetlərdə aparıcı yazar olmuş, onu zamanının əsl söz sahibi kimi təsdiqləyən və məşhurlaşdıran "Filankəs" imzası ilə "Ordan-burdan" başlıqlı yazılarını "İrşad" və "Tərəqqi" qəzetlərində dərc etdirmişdir. Ə.Ağaoğlunun qəzetlərinin qapadılması və onun İstanbula köçüb getməsindən sonra - 1912 və 1915-ci illərdə "İqbal" və "Yeni İqbal" qəzetlərində də "Filankəs" imzası ilə "Ordan-burdan" silsilə yazılarını davam etdirmişdir.
Ü.Hacıbəyli mədəni düşüncə tariximizdə həm də məşhur mollanəsrəddinçilərin məslək qardaşı hesab olunur. Bu bənzərsiz publisistin "Molla Nəsrəddin" jurnalının səhifələrində müxtəlif imzalarla bir sıra yazıları dərc olunmuşdur. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçıları Mir Cəlal və F.Hüseynov Ü.Hacıbəylinin bir publisist olaraq mənən "Molla Nəsrəddin"ə bağlılığını xüsusilə vurğulayırlar: "Onun publisist yaradıcılığı bütün ruhu, canı, qanı, həmçinin mövzu dairəsi etibarı ilə "Molla Nəsrəddin"ə yaxındır, onunla səsləşməkdədir".
Ü.Hacıbəylinin publisistikasında XX əsrin əvvəllərindəki narahatlıqlarla dolu Azərbaycanın gerçək tablosu əks olunmaqdadır. Ü.Hacıbəylinin bütün yazılarının leytmotivini Azərbaycan məsələsi təşkil edir. Böyük ədibin publisistikasının gücü və əhəmiyyətindən bəhs edən akademik Mirzə İbrahimov belə qənaətdə idi ki, onun komediyalarındakı "mütərəqqi, demokratik fikirlər, köhnə həyatı və geriliyi təmsil edən tipləri tənqid, zülmkar təbəqələrin nümayəndələrinə qarşı satirik gülüş öz başlanğıcını publisistikadan alır".
XX əsrin əvvəllərində bütün Azərbaycan ziyalıları kimi, Ü.Hacıbəylini də narahat edən məsələlərdən biri çar hökumətinin hər cür himayəsinə arxayınlaşıb xalqlar arasında düşmənçilik toxumu səpən, bütöv Qafqazı qana boyayan, xalqımıza qarşı hüdudsuz soyqırımı törədən erməni millətçiliyi və onun acı nəticələri idi. Ü.Hacıbəyli "İrşad" qəzetinin 9 mart 1906-cı il tarixli 64-cü sayında dərc etdirdiyi "Biz hamımız qafqazlı balalarıyıq" yazısında böyük təmkinlə ermənilərə üz tutaraq onları həqiqəti dərk etməyə, qanlı hadisələrin haradan körükləndiyini görməyə, haqq yoluna gəlməyə çağırır və "birimizin düşməni varsa, hamımızın düşmənidir, dəfinə hamımız çalışmalıyıq" deyirdi. Ü.Hacıbəyli humanizm və insanlıq prizmasından çıxış edərək erməniləri tutduqları yolun qorxulu olduğunu dərk etməyə səsləyirdi. Ümumiyyətlə, həmin dövrdə Azərbaycan ziyalıları çarizmin və ermənilərin fitnəkarlığının qanlı nəticələrə gətirib çıxardığını ("Fitneyi-iblisi-məlun oldu nagəh aşikar..., Gör cəhələtdən nə şəklə düşdü vəzi-ruzigar" - M.Ə.Sabir), dayanmağın vacibliyini var gücləri ilə söyləmələri bəşəri düşüncəyə sahibliklərinin göstəricisi olduğu halda, erməni ziyalıları soydaşlarının törətdiyi kütləvi qırğınları açıq-aşkar təşviq etməklə şərin önündə gedirdilər.
Ədibin publisistik irsinin təhlili onu göstərir ki, erməni millətçiliyinə qarşı mübarizə Ü.Hacıbəylinin gündəlik həyatının ən aktual vəzifələrindən olmuşdur. Akademik Bəkir Nəbiyev diqqəti məhz bu məsələyə yönəldərək yazırdı: "...Üzeyir bəyin publisistikasında XX əsrin əvvəllərinin iki çox vacib probleminə münasibət özünün geniş və yerli-yataqlı inikasını tapmışdır. Bunlardan biri baxtına ən azı 100 il "Xalqlar həbsxanası" Rusiya imperiyasının tərkibində yaşamaq kimi ağır bir tale yazılmış Azərbaycanın vəziyyəti, digəri isə bütün Qafqazı xərçəng xəstəliyi kimi təhdid edən və özünün əsas məqamları ilə birinci problemlə sıx bağlı olan erməni sindromu idi". Üzeyir bəy "İrşad" qəzetinin 1906-cı il 16 iyul tarixli 166-cı sayında dərc etdirdiyi yazı bu baxımdan kifayət qədər xarakterikdir. Ü.Hacıbəyli yazıda keçən əsrin əvvəllərində erməni-türk (müsəlman) münasibətlərini normallaşdırmaq üçün Şuşaya göndərilən general V.N.Qoloşapovun açıq-aşkar ermənilərin mövqeyini müdafiə etməsini, Şuşada azərbaycanlıların yaşadığı məhəlləni bir bəhanə ilə topa tutmasını, qırğınlar törətməsini, nahaq qanlar axıtmasını kəskin şəkildə pisləmiş, çarizmin ayrı-seçkilik siyasətini qəzəblə qamçılamış, əsl günahkarın ünvanını göstərmişdir: "Eylə isə bir Şuşa şəhəri deyil, bütün Rusiya top-tüfənglərə tutulub, atəşlərə yaxılıb, alt-üst edilməliydi!" General Qoloşapovun timsalında mərkəzi hökumətin birmənalı şəkildə erməniləri müdafiə etməsi, türk əhalinin kütləvi qırğınlarına göz yumması, yeri gəldikcə erməniləri əlavə qırğınlara sövq etməsi Ü.Hacıbəyli kimi digər ziyalılarımızı da dərindən narahat etmişdir.
C.Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalının 1906-cı il 28 iyul tarixli 17-ci sayında "Qoloşapova" adlı məqaləsində əsl həqiqətləri ironiyaqarışıq generalın üzünə çırpırdı: "Ey yari-bivəfa, Qoloşapov! Bu imiş məgər dostluğun şəraiti?.. Heç bilirsənmi ki, kimi qırırsan, kimin evlərini topa tutursan, kimin məhəlləsinə od vurub yandırırsan? Məgər Qarabağ müsəlmanlarını tanımırsan?.. Məgər müsəlmanlar sənin padşahın barəsində etdiyi rəftarın əvəzidir ki, sən müsəlmanlar barəsində eləyirsən?" General Qoloşapovun hüdudsuz özbaşınalığı və birtərəfli qaydada erməniləri müdafiə etməsi azərbaycanlıları çox ciddi narahat etdiyindən onun geri çağırılması barədə tanınmış din xadimlərinin Qafqaz canişininə müraciətləri nəticəsiz qalmışdır. "Molla Nəsrəddin" bu məsələni də diqqətdə saxlamış, jurnalın növbəti sayında "Qoloşapovun geri çağırılması" adlı daha bir yazı dərc edilmişdir.
Ü.Hacıbəyli və C.Məmmədquluzadənin kəskin tənqid hədəfinə tuş gələn rus generalı haqqında mühacir yazıçı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə məsul vəzifə tutmuş Nağı bəy Şeyxzamanlı da "Xatirələr"ində qısaca bəhs etmişdir: "...O, Qarabağda diviziya komandiri idi. Diviziyada qulluq edən erməni əsgərlərinə mülki paltar geydirərək, silahsız türkləri qətl etdirmişdir". N.Şeyxzamanlı xatirələrində generalın layiq olduğu aqibəti barədə də bir neçə söz söyləmişdir.
Ü.Hacıbəyli erməni xislətinə dərindən bələd olduğundan yaxşı bilirdi ki, onlar bütün sahələrdə xalqımıza qarşı total bir mübarizəyə girişmişlər və havadarlarının aşkar köməyindən istifadə edərək hər vəchlə milli-mədəni tərəqqiyə gedən yolumuzu kəsməklə məşğuldurlar. XX əsrin əvvəllərində azərbaycanlıların qəzet və jurnallar təsis etmək, nəşriyyatlar və cəmiyyətlər yaratmaq təşəbbüslərinin qarşısını alır, əllərində olan vasitələrdən istifadə edərək hər cür qarayaxma kampaniyalarına rəvac verirdilər. Erməni yazarlar, erməni siyasətçilər və erməni kilsəsinin birgə bədnam "xor"u ermənilərin beyinlərini zəhərləyir, onları azərbaycanlılara, bütün Qafqazda türk-müsəlman əhaliyə qarşı qaldırır, kütləvi qırğınlara sövq edirdi. İstər çar Rusiyası dövründə, istərsə də sovetlər zamanı ermənilər mərkəzi hökumətdən hər cür dəstək alaraq öz çirkin niyyətlərini həyata keçirməyə çalışmışlar.
1988-ci ildə azərbaycanlıların tarixi torpaqları olan Qərbi Azərbaycandan kütləvi şəkildə deportasiya olunmaları, günahsız insanların qətlə yetirilməsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Xocalıda və digər ərazilərimizdə ermənilərin həyata keçirdiyi soyqırımı siyasəti, maddi və mənəvi mədəniyyət abidələrimizin yerlə yeksan edilməsi ermənilərlə birlikdə onları himayə edən qüvvələrin də ləkəli vicdanlarına yazılmışdır. Bədnam erməni cılızlığı o həddə çatmışdı ki, işğal dövründə Şuşada əslən şuşalı olan böyük ədəbiyyat və mədəniyyət xadimlərimizın - Natəvanın, Bülbülün, Üzeyir bəyin abidələri də güllələnmişdi. Erməni işğalına, heç bir əndazəyə sığışmayan erməni vandalizminə dözməyən Azərbaycan xalqı 2020-ci ildə müqəddəs Vətən müharibəsinə qalxdı, dövlət-xalq birliyi və "dəmir yumruq"la azğın düşməni müqəddəs torpaqlarımızdan birdəfəlik və əbədi olaraq təmizlədi. Ü.Hacıbəyli bütün həyatı boyu öz yaradıcılığında məhz xalqımızın mənəvi birliyi məsələsini qoymuş, həmvətənlərini erməni şərinə, erməni fitnə-fəsadına qarşı ayıq olmağa səsləmişdir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Şuşada aparılan böyük quruculuq işləri həm də Üzeyir bəyin ideallarının təntənəsidir.
Ü.Hacıbəylinin publisistikasında zamanın nəbzi döyünür, XX əsrin əvvəlləri Azərbaycan cəmiyyətini düşündürən elə bir problem yoxdur ki, böyük ədib ona toxunmasın. O, publisistik sözün gücü ilə beyinlərə yol tapmağa, şüurlarda dəyişikliklər etməyə çalışır, dövrün ən aktual məsələlərindən danışanda fikir və mülahizələrinin hədəfə çatması üçün müxtəlif üsul və vasitələrdən istifadə edirdi. Bu məqamda onun siyasi maarifçiliyindən bəhs etmək lazım gəlir və ədibin bu qəbildən olan əsərləri siyasi publisistikanın dəyərli nümunələri kimi diqqəti cəlb edir. Bu baxımdan ədibin "Dövlət Dumasının açılmağı" məqaləsi kifayət qədər aktualdır və maarifləndirmə məqsədilə yazılmışdır. Məqalə "İrşad" qəzetinin 11, 12, 14, 15 və 16 may 1906-cı il tarixli 110-114-cü saylarında təfriqə şəklində işıq üzü görmüşdür. Ü.Hacıbəyli Dövlət Duması, Dumanın formalaşmasını şərtləndirən ictimai-siyasi amillər, onun vəzifələri, cəmiyyət üçün əhəmiyyəti və sairə məsələlərə aydınlıq gətirməyi vacib hesab etmişdir. O, Dövlət Dumasının yaradılmasına hökumətin məcburiyyət qarşısında, bütün ölkəni iğtişaşların bürüməsi, məşhur tezisdə deyildiyi kimi, "yuxarılar"ın köhnə qaydada idarə edə bilmədikləri, "aşağılar"ın isə köhnə qaydada yaşamaq istəmədikləri bir şəraitdə razılıq verdiyini yazırdı. Ü.Hacıbəyli Dumanın yaradılmasında xarici və daxili situasiyanı incəliklərinə qədər analiz edir və hökumətin məcburiyyət üzündən demokratik dəyişikliyə getdiyini yazırdı: "...O idi ki hökumət öz tərzi-idarəsini, yəni dolanacaq üsulunu dəyişməyə məcbur olub, camaatın dövlət işlərinə qatışıb, padşah ilə bir yerdə iş görməsinə razı oldu".
Üzeyir bəy daha sonra seçki məsələsinə aydınlıq gətirərək qeyd edir ki, camaat öz arasından ən layiqliləri seçib padşah yanında qurulan məclisdə qanun hazırlamağa göndərir. O, həmin məclisin əhəmiyyətindən bəhs edərək Yaponiya, İngiltərə, Almaniya kimi dövlətlərin məhz bunun sayəsində tərəqqiyə çatdıqlarını göstərmişdir. Ü.Hacıbəyli yazırdı ki, İran, Çin və Osmanlıda qanunlar qəbul edən bir qurumun olmaması səbəbindən həmin dövlətlər "onun-bunun yemi və xörəyi olubdur", əhalisi də zillət içərisindədir... Ü.Hacıbəyli "seçilmişlər məclisi"nin ümumi adının parlament olduğunu, Rusiya hökumətinin bu məclisə "Qosudarstvennaya duma" adı qoyduğunu yazır: "Biz də öz türk dilimizdə Dövlət Duması, yaxud Məclisi-Məbusan deyirik". Ü.Hacıbəylinin parlament haqqında maarifləndirici fikirləri böyük sələfi M.F.Axundzadənin "Kəmalüddövlə məktubları"nda məhz parlament haqqındakı düşüncələri ilə üst-üstə düşür. Üzeyir bəy də M.F.Axundzadə kimi, yaxşı anlayırdı və xalqı başa salmağa çalışırdı ki, qanundankənar idarəçilikdə zor və sitəm əks-təsirə səbəb olur və bundan bütövlükdə cəmiyyət əziyyət çəkir. Şübhəsiz ki, həm M.F.Axundzadə, həm də Ü.Hacıbəyli öz dövrlərində Rusiya hakim dairələrində cəmiyyətin qanunlarla idarə olunmasının vacibliyini dərk və qəbul edən siyasi təfəkkür sahiblərinin olduğuna inanmırdılar. Onlar yaxşı bilirdilər ki, bu sahədə atılan bütün addımlar siyasi rejimi qoruyub saxlamaq üçündür.
Ü.Hacıbəyli yazının davamında siyasi idarəçiliklə bağlı görüşlərini təqdim edir. Qanunların, ümumiyyətlə, olmadığı, hər şeyin bir nəfərin iradəsinə bağlı rejimləri o, "hökuməti-müstəqilə və müstəbidə", xalqın iradəsinin hesaba alındığı idarə üsulunu isə "hökuməti-məşrutə" kimi təqdim edir və hər ikisinin siyasi mahiyyətini açıqlayır. Müəllif hökumətin Dövlət Dumasına seçkilərdə bütün xalqın iştirakını əngəlləmək üçün ən müxtəlif süni maneələrə əl atdığını, fəqət zaman dəyişdiyindən geniş kütlələrin təzyiqləri altında güzəştə getməyə məcbur olduğunu yazır. O, 1905-ci ilin 17 oktyabrında çarın məcburiyyət qarşısında qalıb manifest imzaladığını qeyd edir və tarixə 17 oktyabr Manifesti kimi düşmüş sənədin əhəmiyyətindən bəhs edir. Manifestin imzalanması ilə əldə olunan azadlıqlara nəzər salmaq kifayətdir ki, siyasi rejim həmin vaxta qədər hansı qeyri-insani tədbirlər həyata keçirmişdir. Həmin azadlıqlar barədə Ü.Hacıbəyli yazırdı: "Yığılıb öz ehtiyaclarını danışmağı qadağan edən qanunları götürdü, ruslaşdırmaq və nəsrani etmək və bir dindən o biri dinə keçməməyə qoymamaq əmrini pozdu..." Siyasi hadisələri xronoloji ardıcıllıqla izləyən Ü.Hacıbəyli məlum manifestdən sonra hökumətin verdiyi sözə əməl etmədiyini yazır və onun irticaçı mahiyyətini açıb göstərirdi.
Ü.Hacıbəyli Dövlət Duması ilə bağlı mətbuatda müntəzəm yazılarla çıxış etmişdir. Onun "Dövlət Duması haqqında", "Vəkillərimiz nə tövr olmalıdır?", "Dövlət Duması və ministrlər", "Duma buraxıldı", "Dövlət dumasının buraxılmasına dair", "Dövlət duması buraxılacaqmı, yoxmu?", "Dumanın halı" və s. kimi yazılarında XX əsrin əvvəllərində Rusiyada və onun təsiri ilə Azərbaycanda gedən siyasi proseslər bütün yönləri ilə öz əksini tapmışdır. Ədibin "Vəkillərimiz nə tövr olmalıdır?" yazısı kifayət qədər maraqlıdır, aktual bir məsələyə həsr olunmuşdur. "İrşad" qəzetinin 1906-cı il 126-cı sayında dərc olunan yazı Bakı quberniyasından Dövlət Dumasına nümayəndələrin seçildiyi günlərdə işıq üzü görmüşdür.
Üzeyir bəy millətin vəkili olmağı böyük məsuliyyət və bir vicdan işi hesab edir, vəzifəsinin öhdəsindən gələ bilməyəcəyini daxilən hiss edənləri bu yoldan çəkinməyə səsləyir və yazır: "Əhali tərəfindən vəkil olub, Dövlət Dumasına gedən şəxsə lazımdır ki, onu layiq bilib seçən əhalinin rifah və səadətinə çalışmağı niyyət edib, yalqız bir bu niyyətin hüsulə gəlməsinə sərfi-məsan etsin. Bu yolda heç bir mümaniət gərək onun qabağını kəsməsin". O, millətin vəkili üçün meyarları da müəyyənləşdirmişdir. Birincisi, "vəkil olan şəxs gərək əhalinin hər bir ehtiyacından xəbərdar olsun. İkincisi, əhalinin ehtiyaclarından xəbərdar olan vəkil rus dilini mükəmməl bilməlidir ki, problemləri lazımi səviyyədə qaldıra bilsin. Üçüncüsü, vəkil cürətli, cəsarətli olmalıdır: "... əhali ehtiyacatından xəbərdar olub, o ehtiyacı söyləməyə də qadir olan vəkil gərəkdir ki, heç bir şeydən çəkinməyib və qorxmayıb, hər nə ki ürəyində vardır hamısını kəmali-cəsarət və cürət ilə ifadə etsin".
Ü.Hacıbəyli vəkili bir millət bahadırına bənzədir və yazırdı ki, vəkil unutmamalıdır ki, o, əhalinin yeganə ümid yeridir. Dördüncüsü, millət vəkili şəxsi mənafeyini unutmalıdır, "Əhalinin mənfəətini hər bir şeydən əziz tutmalıdır ki, onun hüsuluna da canü-dil ilə çalışsın. Dumada xətir gözləmək, təməllüq etmək, böyük-kiçik saymaq kimi adətləri bərtərəf edib, mərd-mərdanə iş görmək lazımdır". Beşincisi, millət vəkili ilə əhali arasında qarşılıqlı hörmət, məhəbbət və anlaşma olmalıdır. Ü.Hacıbəyli seçiləcək vəkillərə vicdanlarının səsinə qulaq asmağı, vəzifələrinin əzəmətini duymağı tövsiyə edir.
Burada Ü.Hacıbəylinin Duma ilə bağlı yazılarının intensivliyinə diqqət çəkmək lazım gəlir. Üzeyir bəy bir qəzetçi və publisist kimi, imperiyada gedən siyasi prosesləri izləyir və ona özünün münasibətini ifadə edirdi. Digər tərəfdən, onun mətbuatda işıq üzü görən yazılarının hər biri Azərbaycan cəmiyyətini maarifləndirmək funksiyasını yerinə yetirirdi. Ü.Hacıbəyli qələminin və qəlbinin bütün gücü ilə çalışırdı ki, böyük bir imperiyanı əhatə edən olduqca mürəkkəb ictimai-siyasi hadisələrin mahiyyətini öz həmvətənlərinə çatdıra və anlada bilsin. O istəyirdi ki, başqa xalqlar kimi, onun həmvətənləri də cəmiyyətin yeniləşməyə olan ehtiyacını anlasın, cəmiyyətin dəyişdirilməsi prosesində yaxından iştirak etsin. Görkəmli ədib publisistik əsərləri ilə, əslində, XX əsrin əvvəllərində gur səsi ilə cəmiyyəti oyanmağa və toparlanmağa çağıran, onu milli istiqlala doğru daşıyan böyük fikir adamlarının cərgəsində idi. Təsadüfi deyil ki, akademik İsa Həbibbəyli Ü.Hacıbəylinin publisistikasının hüdudları, onun bir qələm əhli kimi yaradıcılıq ampluası barədə belə nəticəyə gəlir: "Böyük sənətkarın publisistikası "Molla Nəsrəddin" ədəbi məktəbi ilə maarifçi publisistika arasında olan bənzərsiz mətbu örnəkləridir. Üzeyir bəy Hacıbəylinin publisistikasında mollanəsrəddinçilik üslubu ağırlıq təşkil edir. Bu publisistika mahiyyət etibarilə, əsasən, siyasi publisistika nümunələrindən ibarətdir".
Üzeyir bəy Hacıbəylinin publisistikasında milli-mədəni tərəqqi və ona mane olan məsələlər xüsusi yer tutur. Ədib "İrşad" qəzetinin 14 mart 1906-cı il 67-ci sayında dərc etdirdiyi "Mərəzlərimizdən biri" adlı yazısında cürətsizlik sindromu və onun fəsadlarından danışır. Müəllif dövlətlərin dünya miqyasında mövqeyini cürət məsələsinə bağlayır və onun fikrincə, ingilislərin və amerikalıların "kürreyi-ərzin hər bir nöqtəsində hökm fərma" olmalarının kökündə cürətli olmaları dayanır. Ü.Hacıbəyli dövlətlər kimi, millətlərin də cürətli olmalarının vacibliyindən bəhs edir, cürətsizliyin xalqı mədəniyyətdən uzaqlaşdırdığını vurğulayır. Ü.Hacıbəyli, əslində, burada Şərq-Qərb məsələsini qoyur və Qərbin, o cümlədən amerikalıların tərəqqisində cürətliliyin rolunu nəzərdə tutur. O, milli tərəqqi, milli diriliyi millətin cürətinə bağlı bir məsələ kimi nəzərdən keçirir. Ədib milli cürəti zamanın tələbi olaraq qarşıya qoyur: "Bizim hər birimiz gərək işini tərəqqiyə mindirməyə çalışsın. Ona görə də hər bir təşəbbüs müqabilində özümüzü aciz bilib, cürətsizlik etməməliyik. İnsan ruzigarın önümüzə yumalatdığı çətinliklərlə mübarizədə olmaq üçün yaranıbdır... Acizlik və cürətsizlik göstərməkdənsə, mübarizə edib, ruzigara basılmamaq əfzəldir".
Üzeyir bəy XX əsrin əvvəllərində çar Rusiyasında baş verən ictimai-siyasi hadisələr, genişlənən azadlıq hərəkatı və millətlərin öz müqəddəratını təyin etmək yolunda mübarizəsində mənsub olduğu xalqın ətalət içərisində qalmayıb fəallıq göstərməsinin vacibliyini önə çəkirdi. O bu işdə ziyalıların üzərinə düşən vəzifələrdən bəhs edirdi. "İrşad" qəzetinin 14 fevral 1907-ci il tarixli 25-ci sayında çap etdirdiyi "Halımıza dair" yazısında Rusiyada azadlıq hərəkatı başlayandan bəri bütün millətlərin əsarət zəncirindən azad olmaq üçün güclərini sərf etdiklərini yazır və burada onların "həqiqi mücahidləri"nin, öncül şəxslərinin illərdən bəri apardıqları siyasi maarifləndirmə işlərinin böyük roluna diqqət çəkir və bizim ziyalıların da zamanın tələbindən doğan missiyanı yerinə yetirməli olduqlarını vurğulayırdı.
Ü.Hacıbəyli öz xalqının bütün imperiya boyunca gedən hadisələrin içərisində olmasını, bunun üçün isə milli oyanışa sahiblənməyi, içdən dəyişməyi ən vacib məsələ hesab edirdi: "... indiki zaman o zamandır ki, bizim camaaat ümumrusiya inqilabında iştirak etməyə məcburdur; lakin bu Rusiya inqilabında iştirak edə bilmək üçün öz içimizdə bir xüsusi inqilab törətməyə məcburuq. Çünki əsarəti hürriyyət bilə-bilə, zülməti nuri-maarif bilə-bilə Rusiya hərəkati-azadicuyanəsində iştirak etmək mümkün deyildir". O, bütün imperiyanı başına götürmüş inqilabi hərəkatdan uzaq düşməyin təhlükəsini xatırladır, bunu xalqın olum və ya ölüm məsələsi kimi qoyur: "... bu hərəkatda iştirak etməmək bizdən ötrü böyük bir təhlükəni mocib ola bilər, bizi hər bir cəhətcə aləmi-mədəniyyətdən uzaq salar və bilaxirbilkülliyyə tələf olmağımıza səbəb düşər".
Görkəmli ədib onu düşündürən problemləri daim diqqətdə saxlayır və zaman-zaman mətbuat orqanlarında yenidən həmin məsələ üzərinə qayıdır, özünün təklif və rəylərini verirdi. Bir tənqidçi-realist kimi Üzeyir bəy onu razı salmayan məsələləri bütün incəliklərinə qədər araşdırır, lakin vəzifəsini tənqid etməklə bitmiş hesab etmir, çıxış yolları göstərir, başqa xalqlardan və ölkələrdən örnəklər gətirir. Diqqətçəkən hal odur ki, bu məqamlarda o, mövcud ağrılı ictimai geriliyə görə sadə həmvətənlərini deyil, millətin öndə gedən tanınmışlarını qınayır. Onun "Halımıza dair" yazısının məntiqi davamı kimi "Tərəqqi" qəzetinin 25 mart 1909-cu il tarixli 62-ci sayında "Filankəs" imzası ilə "Ordan-burdan" rubrikasında dərc etdirdiyi "Təəssüflər olsun" məqaləsi bu baxımdan kifayət qədər maraqlıdır.
Ü.Hacıbəyli XX əsrin əvvəllərində bir xalq olaraq irəliyə getməyə mane olan subyektiv səbəbləri göstərir və mövcud durumu bir körpənin halı ilə müqayisə edir: "... biz təzə yerimək istəyən uşağa oxşayırıq ki, bir addım atıb sonra yıxılır; durub bir addım daha atır, amma ayaqları bir-birinə dolaşıb yenə yıxılır, yenə durur, addım atır, bədəni ağırlıq edib yıxılır, durur və i.a." O, uşağın yıxılıb-durması ilə xalqın irəliyə getmək üçün "iki addım dala, beş addım qabağa" addımlaması arasında bir paralellik aparır; uşağın halını onun əzalarının cismani qüvvətsizliyində görür, xalqın halətini isə "bizi qabağa aparan əzaların, yəni iş başında duranlarımızın qüvvətsizliyi" ilə bağlayır. Ü.Hacıbəyli bizim əzalarımızın, yəni iş başında duranlarımızın qüvvətsizliyinin fiziki deyil, məhz mənəvi qüvvətsizlik olduğunu vurğulayır. Bu, ədibi həmişə düşündürən ən ağrılı problemlərdən olmuşdur. Ona görə də belə məqamlarda onun ünvanlı qınağı artıq ittiham halına keçir, xalqın öndəgedənlərini ayılda bilmək üçün qələmin sərt üzünü çevirir: "Səmimiyyət, yəni cani-dildən işə giriməklik yox! Fəaliyyət, yəni oyaq və ciddü-cəhd ilə iş görmək yox, hamısından bədtər mətanəti-qəlb, yəni cürət, ürəklilik yox, həvəs yox, şövq yox, arzu yox..."
Üzeyir bəy başbilənlərin gördüyü işləri yetərsiz və yarımçıq hesab edir və bunun səbəblərini də açıb göstərir. Birinci səbəb budur ki, "bizim əzalarımız öhdələrinə götürdükləri bir işi o qədər aparırlar ki, nə qədər bu iş özbaşına gedə bilər. Amma elə ki, işin qabağına bir balaca əngəl çıxır və burada işi aparmaq üçün əngəli itələmək lazım gəlir, o halda əzalarımızın əl-ayağı boşalıb, işdən əl götürməyi məsləhət bilirlər. İş dəxi "Ördək, balıq və xərçəng"in çəkdikləri araba kimi hamanca yerində qalır...". Ü.Hacıbəyli ikinci səbəbi artıq bir dərd hesab edir və bəzi adamlarımızın dalınca getdikləri işlərin nədən ibarət olduğunu bilmədiklərini, gördüklərindən də bir nəticə hasil olmadığını yazır. Ədib xalqla bağlı işlərdə başbilənlərdən bilik, bacarıq, həvəs və cürət istəyir. Onun fikrincə milli oyanış və tərəqqi zamanın nəbzini tutmağı bacaran, xalqı öz arxasınca aparmağa qadir olan hərtərəfli yetişmiş, qüvvətli və istəkli şəxslərin olmasını tələb edir.
(Ardı var)
Şahbaz MUSAYEV,
filologiya elmləri doktoru