EN

“Repetitorluğun qısa müddətdə ləğvi real deyil”

"Repetitorluq fəaliyyətinin ölkədə qısa müddətdə dayandırılmasına və ləğv edilməsinə inanmıram".

Bu fikri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Murad qeyd edib.

Onun sözlərinə görə, dərs müddətində məktəblərdə bu məsələ ilə bağlı müəyyən tədbirlər görülsə də, repetitorluğun tam əvəzini verə biləcək sistem hələ qurulmayıb:

"Repetitorluğun qarşısını almaq üçün gərək məktəblərdə bu proqramı aktiv şəkildə əvəz edə biləcək mexanizm yaradılsın. Bunun üçün uşaqların əlavə dərslər üçün məktəbdə qala biləcəyi şərait təmin olunmalı, uyğun proqramlar hazırlanmalı və bu fəaliyyət üçün müəllimlərə əlavə ödəniş nəzərdə tutulmalıdır.

Bu sahədə maaş sistemi də əsas məsələdir. Çünki hazırda müəllimin aldığı maaş onun sadəcə aylıq ehtiyaclarını qarşılamağa bəs edir, hətta bəzən bunu belə tam ödəmir. Bu səbəbdən müəllim əlavə gəlir əldə etmək üçün repetitorluq fəaliyyəti ilə məşğul olur. Balansı qorumaq üçün müəllim məhz bu yola əl atır.

Düşünürəm ki, bu vəziyyət yaxın gələcəkdə də davam edəcək. Bu səbəbdən də hesab edirəm ki, repetitorluq fəaliyyətinin yaxın illərdə ləğvi real görünmür. Əgər müəllim məktəbdən sonra əlavə dərs keçirsə, bu, birbaşa onun maddi ehtiyacından qaynaqlanır. Dövlət bu ehtiyacları qarşılamalıdır ki, müəllim yalnız məktəbdə dərs deyib, şagirdlərlə işləməyə fokuslana bilsin və repetitorluğa ehtiyac qalmasın".

Chosen
46
azedu.az

1Sources