EN

Qarabağın bərpasına xarici yardımı necə cəlb etməli...

Ekspert deyir ki, quruculuq işlərində yalnız bir neçə dövlət iştirak edib - təklif

“İşğaldan azad edilən ərazilərdə bu qədər qısa müddətdə belə miqyaslı və intensiv şəkildə aparılan quruculuq işlərinə dünyanın heç bir yerində rast gəlinmir”. Bunu Demokrat.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, Azərbaycan bu prosesə tamamilə sıfırdan başlamalı olub. 

Deputat əlavə edib ki, bu torpaqlarda gələcək üçün real perspektivlər formalaşdırılır: “Bu miqyasda quruculuq işlərinin aparılması təkcə regional deyil, qlobal səviyyədə nadir hadisədir. Bu işlərin hamısı Azərbaycan dövlətinin daxili maliyyə resursları hesabına həyata keçirilir. Əksər münaqişə yaşamış bölgələrdə bərpa proseslərinə beynəlxalq maliyyə qurumları və inkişaf etmiş ölkələr tərəfindən dəstək göstərilsə də, Azərbaycan bu dəstəyi görmədən, tamamilə öz gücü hesabına bu titanik işləri reallaşdırır”.

Parlamentari vacib məsələni gündəmə gətirib. Söhbət Azərbaycana beynəlxalq maliyyə yardımlarının ayrılmamasından gedir.

Politoloq:

 Sultan Zahidov

Mövzunu “Yeni Müsavat”a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Sultan Zahidov şərh etdi. O qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinə yalnız bir neçə dövlət yardım etdi: “Özbəkistan Füzulidə məktəb, Xankəndidə tikiş fabriki, Qırğızıstan Ağdamda məktəb, Qazaxıstan isə Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsinə vəsait ayırıb. Sadalananlardan əlavə, biz hər hansı beynəlxalq maliyyə institutunun, təşkilatın, yaxud inkişaf etmiş dövlətin quruculuq işlərində iştirakının şahidi olmuruq. Halbuki faktlarla sübut olunub ki, 30 illik işğal dövründə Ermənistan Silahlı Qüvvələri Qarabağda böyük dağıntılar, urbisid, ekosid törədib, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün olmasına səbəb olub. Evlər, mədəniyyət mərkəzləri, xəstəxanalar yerlə-yeksan edilib. Bəzi hesablamalara görə, Ermənistanın hərbi təcavüzü və işğal nəticəsində Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurulub. Azərbaycan son 5 ildə quruculuq işlərinə 20 milyard manata yaxın vəsait ayırıb. Bu, davamlı olacaq. Sözsüz ki, Azərbaycanın prosesi təkbaşına həyata keçirməsi üçün iqtisadi imkanları kifayət qədərdir, büdcəmiz buna imkan verir. Lakin beynəlxalq qurumların dəstək olması həm ölkə büdcəsi üçün kifayət qədər ağır olan bu yükü nisbətən azaltmış olar, həm də bərpa-quruculuq prosesini daha da sürətləndirə bilər. Əfsuslar olsun ki, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər qurumlardan bu və ya digər şəkildə hər hansı dəstəyin şahidi olmuruq. Minasızlaşdırma prosesinə müəyyən dövlətlərin dəstəyi olsa da, sırf bərpa-quruculuq işlərində yardım edilmir. Hesab edirəm ki, bu, beynəlxalq institutların ikili standartlara əsaslanan yanaşmasının təzahürüdür. Burada bir neçə vacib faktor var. İlk növbədə geosiyasi amil vacib rol oynayır. Bəzən belə narrativ yaranır ki, Azərbaycan neft ölkəsi olduğu üçün beynəlxalq yardım ayrılmır. Bu isə səhv yanaşmadır. 1990-cı ildə Küveyt İraq işğalından azad edildikdən sonra oradakı bərpa-quruculuq işlərinə beynəlxalq qurumlar, ABŞ, Yaponiya, Avropa Birliyi daxil olur. Hərçənd ayrılan vəsaitin bir hissəsi İraq tərəfindən ayrılan kompensasiyadan çıxarılmışdı, amma nəticə etibarilə inkişaf etmiş dövlətlər prosesə dəstək vermişdilər. Küveyt ABŞ və Qərbin müttəfiqi idi deyə, ona maliyyə vəsaiti ayrılmışdı. Digər misal, 1995-ci ildə "Deyton sazişi"ndən sonra ABŞ-nin əsas istəyi Balkanlarda nüfuz dairəsini genişləndirmək, Bosniyanı öz təsir dairəsinə daxil etmək istəyir. Buna görə də bölgədəki bərpa-quruculuq işlərində fəal iştirak etdi. Azərbaycan balanslı siyasət yürüdür, Qərbin, yaxud digər blokun iradəsinə tabe olmur və xarici siyasətində suverenliyi, prinsipiallığı və milli maraqları rəhbər tutur. Bu da sözsüz ki, dövlətlərin və beynəlxalq qurumların maraqlarına xidmət etmir. Onlar dəstəyi müəyyən şərtlər müqabilində edirlər. Ukraynaya dəstəyin arxasında da geosiyasi maraqlar dayanır. Avropa Ukraynanı həm siyasi cəhətdən özünə daxil etmək istəyir, həm də Rusiyaya qarşı forpost kimi görür".

S.Zahidov hesab edir ki, ikinci amil erməni diasporasının roludur: “Xüsusilə erməni diasporasının Avropa Parlamentində, Avropa Şurasında maliyyə hesabına təsir  imkanlarına malik olması qərarvericilərin Qarabağ və Şərqi Zəngəzura maliyyə yardımının ayrılmasına maneçilik törədən faktorlardan biridir. Digər tərəfdən, bəzi qurumlar sırf neytral mövqe göstərmək üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləyirlər, çünki sülh əminlik yaradır. Amma bu, məqsədəuyğun yanaşma deyil. Çünki söhbət 30 illik işğaldan gedir. Humanitar faciə və işğalla üz-üzə qalmış dövlətə beynəlxalq qurumların kömək etməsi onun neytrallığına kölgə gətirmir. Ona görə də mən bu amili ciddi hesab etmirəm”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Chosen
35
musavat.com

1Sources