EN

Ağstafada payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə edilmişdir

Ağstafa rayonunda payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə edilmişdir.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi, xalqımızın firavanlığı naminə gördüyü işlərdən danışmış, o cümlədən Ağstafa rayonunda aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərindən, sosial infrastruktur layihələrindən söhbət açmışdır.

Sonra icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, Ağstafa Elektrik Şəbəkəsinin rəisi Namaz Mənsimov, Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa rayon xidmət sahəsi üzrə rəis müavini Anar Qocayev, dövlət yanğın nəzarəti şöbəsinin inspektoru Xaliq Omarov, rayon heyvan sağlamlığı baytarlıq xidməti idarəsinin rəisi Şəfayət Bağırov payız-qış mövsümünə hazırlığın vəziyyəti llə bağlı hesabat məruzələri ilə çıxış etmişlər. Sonra hesabat məruzələri ilə bağlı müzakirələr aparılmışdır. Müzakirələrdə avtomobil yollarındakı su ötürücü boruların giriş-çıxışlarının körpülər yerləşən sahələrində çayların məcrasının təmizlənməsi, yollarda sürüşkənliyin ləğv edilməsi üçün duz və qum ehtiyatının görülməsi, o cümlədən Ağstafa şəhər mənzil kommunal təsərrüfatı birliyi üzrə çoxmənzilli yaşayış binalarının tüstü və havalandırma şaxtalarının təmizlənməsi, rayon mərkəzi xəstəxanasının və digər bu kimi vacib kateqoriyalı binaların isidilməsini təmin edən qazanxanaların saz vəziyyətə gətirilməsi ətrafında fikir mübadiləsi aparılmışdır.

Tədbirdə payız-qış mövsümünə hazırlıqla bağlı mövcud nöqsanlardan da danışılmış, aidiyyati idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan"  

1Sources