2026-cı ildə dövlət büdcəsinə fiziki şəxslərin gəlir vergisindən daxilolmaların 29% artaraq 2 milyard 567 milyon manata çatacağı proqnozlaşdırılır. Metbuat.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov sosial media hesabında paylaşıb. O bildirib ki, bu il fiziki şəxslərdən gəlir vergisi kimi yığılan hər 100 manatın əvəzinə, gələn il 129 manat 50 qəpik yığılacaq. İqtisadçı artımın arxasında duran əsas səbəbləri və mümkün təsirləri nəzərdən keçirib. Onun fikrincə, artım nə əməkhaqlarının 30%-lik yüksəlişi, nə də iş yerlərinin sayının kəskin çoxalması ilə bağlı ola bilməz. Həmçinin, inflyasiya təsiri və ya vergi dərəcələrində gözlənilən bir dəyişiklik də bu rəqəmi izah etmək üçün yetərli deyil.Eldəniz Əmirovun gəldiyi əsas qənaət budur ki, artımın əsas səbəbi 2019-cu ildə qəbul edilmiş 7 illik vergi güzəştinin müddətinin başa çatmasıdır. O, xatırladıb ki, həmin güzəşt qeyri-neft-qaz və qeyri-dövlət sektorunda çalışan şəxslərin aylıq 8 000 manata qədər olan gəlirlərinə tətbiq edilirdi.İqtisadçı qeyd edir: “Bu güzəştin müddəti 2026-cı ilin 1 yanvarında bitir və onun uzadılmayacağı gözlənilir. Nəticədə həmin güzəştdən faydalanan böyük bir işçi kütləsinin gəlirləri yenidən standart qaydada vergiyə cəlb olunacaq. Məhz bu dəyişiklik büdcə daxilolmalarını təxminən 30 faiz artıracaq”.Ekspert bu dəyişikliyin iki mühüm nəticəsi olacağını vurğulayıb: bir tərəfdən dövlət büdcəsinin gəlirləri artacaq, digər tərəfdən isə güzəştin bitməsi ilə həmin kateqoriyadan olan işçilərin vergi yükü çoxalacaq və bu, onların xalis əməkhaqlarına təsir göstərəcək.