EN

Oktyabrın əvvəlində Avropa Komissiyasına qarşı etimadsızlıq səsverməsi keçiriləcək

Berlin, 16 sentyabr, AZƏRTAC

Oktyabrın əvvəllərində Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq müraciətləri üzrə səsvermə keçiriləcək.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Avropa Parlamentinin sədri Roberta Metsola bu barədə deputatları məlumatlandırıb.

Sağçı PfE fraksiyası və solçu fraksiya tərəfindən təqdim edilən müraciətlərdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iqlim və miqrasiya siyasəti tənqid olunur. O, həmçinin şəffaf olmamaqda və senzura ilə məşğul olmaqda ittiham edilir. Bundan başqa, U.Lyayenin ABŞ Prezidenti ilə imzaladığı gömrük sazişinin Avropa sənayesinə zərbə olduğu və minlərlə iş yerinin itiriləcəyi bildirilir. Habelə Komissiya Qəzza zolağında humanitar fəlakətə çox gec reaksiya verməkdə tənqid olunur.

Müraciətlərin hər birinə deputatların ən azı ondabiri dəstək verdiyi üçün məsələ oktyabrın əvvəlində Avropa Parlamentinin iclasında müzakirəyə və səsverməyə çıxarılacaq. Əgər müraciətlərdən biri qəbul edilərsə, Avropa Komissiyası bütövlükdə istefa verməli olacaq. Lakin belə bir ssenari az ehtimal olunur, çünki qəbul üçün həm verilən səslərin üçdəikisinin, həm də Parlament üzvlərinin çoxluğunun razılığı lazımdır. Bu isə ən azı 361 səs deməkdir. İyulda keçirilən səsvermədə deputatlardan 175-i Ursula Fon der Lyayenə etimadsızlıq votumunu dəstəklədiyi halda 553-ü onun əleyhinə səs vermiş, 18-i isə bitərəf qalmışdı.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

 

Chosen
26
1
azertag.az

2Sources