EN

On iki min illik qətl işini açdıran kəşf: Tarixin ən qədim cinayətinin sübutu tapıldı

Vyetnamda yerləşən bir maarada aşkar edilən 12 min illik insan skeleti, bəşər tarixinin məlum olan ən qədim qətl hadisələrindən birinə işıq sala bilər. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Oksford Universitetindən arxeoloq Kristofer Stimpsonun rəhbərlik etdiyi tədqiqat qrupu TBH1 kod adı verilən 35 yaşlı kişinin başqa bir insanın hücumu nəticəsində ölmüş ola biləcəyini açıqlayıb. 2017–2018-ci illərdə Tranq An dünya irsi sahəsindəki Thung Binh 1 mağarasında tapılan skeletin araşdırılması zamanı kişinin sağlam olduğu, lakin boyun nahiyəsində ağır travma izlərinin qaldığı müəyyən edilib. Məhz həmin nahiyədə kvars daşından hazırlanmış iti uclu alət aşkarlanıb. Alimlərin sözlərinə görə, bu daş bölgədə istifadə olunan alətlərdən fərqli idi və kənardan gətirilmiş ola bilər.

ABŞ-ın Təbiət Tarixi Milli Muzeyindən Benjamin Uttinq bildirib ki, tapılan daş uç bölgədəki heç bir alətlə uyğun gəlmir, bu isə onun kim tərəfindən və haradan gətirildiyi barədə suallar yaradır. Analizlər göstərib ki, kişinin boyun sümüyü qırılmış və həmin yerdə infeksiya yaranıb. Alimlər hesab edirlər ki, o, daş uclu nizə və ya oxla boynundan yaralanıb, yaranın iltihablaşması nəticəsində günlər və ya həftələr sonra həyatını itirib. Tədqiqatçılar bu tapıntını Cənub-Şərqi Asiyada qeydə alınmış ən qədim qətl sübutu hesab edirlər. Daha əvvəl Sudandakı Cebel Sahaba qəbiristanlığında 13 min il öncəyə aid zorakılıq izləri aşkar edilmiş, Alp dağlarında isə 5.300 il əvvəl öldürülmüş "Buz adam” Ötzi oxşar nümunə kimi qeydə alınmışdı.

Stimpson bu barədə deyib:

"Travmanı yaradan alətin məzarda skeletlə birlikdə tapılması həm bu bölgə, həm də bu dövr üçün qeyri-adi bir kəşfdir".

Chosen
8
1
avtosfer.az

2Sources