EN

Gələn ildən Azərbaycanda hamı maaşından gəlir vergisi ödəyəcək?

Vergi bazasının genişlənməsi gələn il üçün fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların 30 %-dək artımı şərtləndirən əsas səbəbdir.

Operativ Media xəbər verir ki, bunu Yurd.Media-ya iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

Qeyd edək ki, gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 2 milyard 566,8 milyon manatının və yaxud 6,7 %-nin fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Belə ki, Maliyyə Nazirliyinin məlumatına görə, bu, 2025-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 29,05 % çoxdur.

Ekspertin sözlərinə görə, nəzəri cəhətdən bu artımın olması üçün 5-6 səbəb ola bilər:

"Birincisi əmək haqqının artmasıdır. Amma əmək haqqının bu dərəcədə artması gözlənilən deyil. İkinci səbəb iş yerlərinin sayının artmasıdır. İş yerlərinin sayının da fiziki şəxslər üçün 29-30 % artması real deyil. İnflasiya təsirləri nəticəsində yenədə qiymətlərin artması və maaşların yüksəlməsi ilə gəlir vergisinin artmasıdır ki, bu da praktik mümkün deyil. Digər məsələ vergi dərəcələrinin artmasıdır. Vergi dərəcəsində də artım gözlənilmir".

Onun sözlərinə görə, nəhayət bir səbəb qalır - vergi bazasının genişlənməsi:

"Bu, 29,05 % artımı şərtləndirən əsas səbəbdir. Vergi bazasının genişlənməsi, yəni daha çox fiziki şəxsin vergi ödəyicisi kimi cəlb olunma məsələsi vardır. Bu realdır. Bu səbəb isə 2019-cu ildə qüvvəyə minmiş bir qanunla əlaqədardır. Belə ki, 2019-cu ildən qüvvədə olan və qeyri-neft-qaz eyni zamanda qeyri-dövlət sektorunda işləyən şəxslərinin maaşlarının 8 000 manata qədər olan hissəsi 7 il müddətinə vergi güzəştləri tətbiq edilibdir və həmin müddət artıq bu ilin sonu bitir. Yəni 2026-cı il 1 yanvarından sonra faktiki olaraq bu qanun qüvvədən düşür. Həmin güzəştin bitməsi ilə növbəti ildən qeyd olunan gəlir hissəsi vergiyə cəlb olunacaq. Nəticə də büdcə daxil olmalarının həcmini artıracaq. Təbii ki, eyni zamanda da həmin şəxslərin vergi yükünü artırmış olacaq".

Chosen
4
2
operativmedia.az

3Sources