Yaponiya ABŞ-ın çağırışına baxmayaraq, Rusiya nefti alan ölkələrə qarşı rüsumları artırmaqdan imtina edib.
APA “Bloomberg“ə istinadən xəbər verir ki, bu barədən Yaponiya maliyyə naziri Kacunobu Kato bildirib.
Nazirin sözlərinə görə, Yaponiya Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində müəyyən edilmiş limitlərdən artıq rüsumlar tətbiq etməmək və ÜTT üzvü olan bütün ölkələrə qarşı “ədalətli münasibət göstərmək” öhdəliyini götürüb.
“Bizim üçün yalnız hansısa ölkənin Rusiya nefti idxal etməsi faktına əsaslanaraq, məsələn, tarifləri 50% artırmaq çətin olardı,” – Kato bildirib.
O əlavə edib ki, Tokio Rusiyaya təzyiq göstərmək üçün daha effektiv yollar axtarır və bu istiqamətdə “Böyük Yeddilik” (G7) tərəfdaşları ilə koordinasiyalı şəkildə çalışır.
“Bloomberg“in məlumatına görə, ABŞ G7 ölkələrinə Rusiya nefti aldıqları üçün Çin və Hindistana qarşı 50%-dən 100%-ə qədər rüsumlar tətbiq etməyi təklif edib.
ABŞ prezidenti Donald Tramp bildirib ki, NATO ölkələri Rusiya nefti almaqdan imtina etdiyi halda, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazırdır. Onun fikrincə, Rusiya neftinin alınması alyansın Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı danışıqlarda mövqeyini zəiflədir.