EN

Şirvan şəhərində 15 sentyabr - Bilik Günü qeyd edilib  

Sentyabrın 15-də yeni tədris ilinin başlanması münasibətilə Şirvan şəhərinin ümumtəhsil məktəblərində tədbirlər keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev Şirvan şəhər T. Bağırov adına 11 saylı tam orta məktəbdə keçirilən 15 sentyabr - Bilik Gününə həsr olunmuş tədbirdə iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

15 Sentyabr - Bilik Gününə həsr olunmuş tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov yeni tədris ilində şəhər təhsil ictimaiyyətini, məktəbin müəllim və şagird kollektivini, xüsusilə ilk dərs gününün həyəcanını yaşayan birinciləri, o cümlədən yüksək bal toplayaraq ali təhsil ocaqlarına qəbul olunmuş gənclərə görə müəllim kollektivini təbrik edərək uğurlar arzulayıb.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək, təhsilin inkişafı istiqamətində görülən işlərin müsbət nəticələrindən danışıb, şagirdlərin respublika fənn olimpiadalarında, eləcə də dünyanın müxtəlif ölkələrində keçirilən bilik yarışlarında qazandıqları nailiyyətləri diqqətə çatdırıb.

Sonra Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, təhsil işçiləri və şəhid ailəsi üzvləri çıxış edərək, yeni tədris ilinin başlanması münasibətilə şagirdləri və müəllimləri təbrik ediblər.

Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əsaslı təmirdən sonra yeni istifadəyə verilmiş məktəbdə yaradılan şəraitlə yaxından tanış olub, dərslərin gedişatını izləyib, şagirdlərlə həmsöhbət olub.

Qeyd edək ki, sentyabrın 15-də ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunub.

Seyran CAVADOV,

 “Azərbaycan”

1Sources