EN

Üzüm sahələri üzrə 168 min manat sığorta ödənişi edilib

Bakı, 16 sentyabr, AZƏRTAC

Aqrar Sığorta Fondu indiyədək sığortalanmış üzüm sahələrinə dəyən zərərlər üzrə fermer və təsərrüfatlara 168 min 182 manat ödəniş edib.

Fonddan AZƏRTAC-a bildirilib ki, üzüm sahələri üzrə sığorta ödənişləri Şamaxı, İsmayıllı, Beyləqan, Tovuz və Qax rayonlarının fermerlərinə edilib.

Bu istiqamətdə ən böyük ödəniş (154 min 420 manat) Şamaxı rayonunda həyata keçirilib. Aqrar Sığorta Fondu üzüm sahələrini təbiət hadisələri, o cümlədən dolu, dolu nəticəsində yaranan keyfiyyət itkisi, fırtına, qasırğa, sel, subasma, leysan yağışları, vəhşi heyvan və quşların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər hadisələrdən qoruyur. Üzüm aqrar sığorta tərəfindən leysan riskindən təminat verilən üç məhsuldan biridir. Bu riskdən təminat verilən digər iki bitki pambıq və gilas əkinləridir.

Dolu nəticəsində yaranan keyfiyyət itkisi - dolu yağması nəticəsində məhsulun əmtəə görünüşünün korlanması və satış qiymətinin aşağı düşməsi deməkdir. Təsərrüfat bu riskdən sığortalıdırsa, qiymətin enməsi nəticəsində fermerə dəyən zərəri Aqrar Sığorta Fondu qarşılayır.

İndiyədək üzüm sahələrinə ən böyük zərər dolu hadisəsi nəticəsində dəyib. Belə ki, 1000 manatlıq üzüm məhsulunu sığorta etmək fermerə Cəlilabad, Salyan, Neftçala rayonlarında cəmi 10 manata, Tovuz, Şəmkir və Qazax rayonlarında 32 manata, Şamaxı, Ağsu, İsmayıllı rayonlarında isə cəmi 15,70 manata başa gəlir.

Aqrar Sığorta Fondu vasitəsilə təkcə üzüm məhsulunu deyil, üzüm tinglərini və ayrıca olaraq bar verən üzüm kollarını da sığorta etmək mümkündür.

 

Chosen
20
10
azertag.az

10Sources