EN

Fermerlərə 168 min manat aqrar sığorta ödənilib

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi üzrə sığorta ödənişləri davam edir.

“Cebheinfo.az” xəbər verir ki, hazırda aqrar sığorta vasitəsilə 41 bitki üzrə məhsul və əkin sahələrini sığortalamaq mümkündür. Sığortalanan sahələrdən biri də üzüm bağlarıdır.

Aqrar Sığorta Fondu indiyədək sığortalanmış üzüm sahələrinə dəyən zərərlər üzrə fermer və təsərrüfatlara 168 min 182 manat ödəniş edib.Üzüm sahələri üzrə sığorta ödənişləri Şamaxı, İsmayıllı, Beyləqan, Tovuz və Qax rayonlarının fermerlərinə edilib.Bu istiqamətdə ən böyük ödəniş Şamaxı rayonunda həyata keçirilib - 154 min 420 manat.

Aqrar Sığorta Fondu üzüm sahələrini təbiət hadisələri, o cümlədən dolu, dolu nəticəsində yaranan keyfiyyət itkisi, fırtına, qasırğa, sel, subasma, leysan yağışları, vəhşi heyvan və quşların hücumu, üçüncü şəxslərin hərəkətləri və sair hadisələrdən qoruyur. Qeyd edək ki, üzüm aqrar sığorta tərəfindən leysan riskindən təminat verilən üç məhsuldan biridir. Bu riskdən təminat verilən digər iki bitki pambıq və gilas əkinləridir.

Dolu nəticəsində yaranan keyfiyyət itkisi - dolu yağması nəticəsində məhsulun əmtəə görünüşünün korlanması və satış qiymətinin aşağı düşməsi deməkdir. Təsərrüfat bu riskdən sığortalıdırsa, qiymətin enməsi nəticəsində fermerə dəyən zərəri Aqrar Sığorta Fondu qarşılayır.

İndiyədək üzüm sahələrinə ən böyük zərər dolu hadisəsi nəticəsində dəyib. Qeyd edək ki, 1000 manatlıq üzüm məhsulunu sığorta etmək fermerə Cəlilabad, Salyan, Neftçala rayonlarında cəmi 10 manata, Tovuz, Şəmkir və Qazax rayonlarında 32 manata, Şamaxı, Ağsu, İsmayıllı rayonlarında isə cəmi 15,70 manata başa gəlir.

Aqrar Sığorta Fondu vasitəsilə təkcə üzüm məhsulunu deyil, üzüm tinglərini və ayrıca olaraq bar verən üzüm kollarını da sığorta etmək mümkündür.

Aqrar sığortanın əhatə etdiyi məhsulların sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Nigar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
10
cebheinfo.az

10Sources