EN

BMU-ya yüksək balla qəbul olan tələbə: Qarşımızda böyük və şərəfli vəzifə dayanır

Bakı, 16 sentyabr, AZƏRTAC

Yüksək balla tələbə adını qazanmaq qürurverici olduğu qədər də məsuliyyətlidir. Çünki bu nailiyyət təkcə şəxsi uğur deyil - ailəmin, müəllimlərimin dəstəyi, xüsusilə Prezident İlham Əliyevin biz gənclərə yaratdığı hərtərəfli şəraitin nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 661 bal toplayaraq Bakı Mühəndislik Universitetinə (BMU) qəbul olunan Nərmin Talıbova deyib.

O, Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbi müvəffəqiyyətlə bitirib və BMU-ya informasiya texnologiyaları ixtisası üzrə qəbul olub.

BMU-nu seçməyinin təsadüfi olmadığını deyən Nərmin Talıbova ali təhsil ocağında yeni elmi inqilab və texnoloji inkişaf çağına uyğun tədris proqramları ilə təhsil verildiyini əsas gətirib: “Hazırkı dövrdə mühəndislik və innovasiya yalnız elm sahəsi deyil, həm də ölkələrin gücünü, rəqabət qabiliyyətini müəyyənləşdirən əsas amildir. Bu ali məktəb yalnız nəzəri biliklər deyil, həm də praktiki bacarıqlar qazandıran güclü təhsil mühitinə malik universitet kimi tanınır. Burada olan müasir laboratoriyalar, beynəlxalq mübadilə imkanları və peşəkar müəllim heyəti biz tələbələr üçün yeni üfüqlər açır”.

Tələbəlik illərini gənclərin həyatının yeni bir mərhələsi, yeni uğurların əsası kimi qiymətləndirən Nərmin Talıbova vurğulayıb ki, qarşıda böyük və şərəfli bir vəzifə dayanır: “İndi davamlı öyrənmək, inkişaf etmək, bilik və bacarıqlarımızla həm öz gələcəyimizi, həm də Vətənimizin gələcəyini möhkəmləndirmək lazımdır. Bu gün sürətlə inkişaf edən Vətənimizin gələcəyi məhz elm, texnologiya və innovasiyalar üzərində qurulacaq. Əminəm ki, bu universitetdə yalnız savadlı və innovasiya yönümlü yaradıcı mütəxəssis deyil, həm də vətənpərvər, məsuliyyətli və dəyərlərə sadiq vətəndaş kimi formalaşacaq, ölkəmizin inkişafına töhfə verəcəyik”.

Qeyd edək ki, yüksək bal toplayaraq BMU-nu seçən abituriyentlərin sayında ötən illə müqayisədə iki dəfəyə yaxın artım qeydə alınıb. Qəbul olunanların 395 nəfəri 500-dən yuxarı, 53 nəfəri isə 600-700 bal arasında nəticə göstərib.

 

Chosen
37
3
azertag.az

5Sources