EN

Dərd gələndə batmanla gəlir...

Növbə "Benfika" - "Qarabağ" matçının baş hakimi Erik Lambrextsdən bəhs etməyə çatdı.

Bəli, onsuz da "Futbol+"in ənənəsinə uyğun olaraq, yığmanın və klubların beynəlxalq oyunlarında iş başında olan ədalət təmsilçiləri haqda ətraflı məlumatı diqqətinizə çatdırmalıyıq. Lakin məhz Lambrextsdə xüsusi yer verməsək, olmaz. Ona görə ki, belçikalı referini çox yaxşı tanıyırıq. İndiyə qədər milli komandalarımızın və "Qarabağ"ın bir neçə qarşılaşmasına təyinat alan "fit sahibi" bizim üçün o qədər də arzuolunan şəxs deyil. Niyə? Bu haqda aşağıda daha geniş məlumat verəcəyik. Əvvəlcə ümumi məlumatla tanış olaq.

Erik Lambrexts... Karyerasına ölkəsinin aşağı liqa çempionatlarında başlayıb. Burdakı idarəçiliyi mütəxəssislər tərəfindən qənaətbəxş dəyərləndirilən hakim tezliklə yüksək liqada da şans qazanıb. Təbii ki, fəaliyyəti UEFA-nın da diqqətindən yayınmayıb. Ancaq əvvəlcə Belçikanın əsas futbol çempionatında 208 görüşdə iştirak edən referinin statistikasına nəzər salaq. Ədalət təmsilçisi bu qarışılaşmalarda futbolçuları 881 sarı, 39 qırmızı vərəqə ilə cəzalandırıb.

Maraqlıdı ki, Erikə gənc yaşlarından beynəlxalq arenada ehtiyac duyulub. Referi indiyə qədər 17, 19 və 21 yaşadək futbolçuların Avropa çempionatının, Gənclər, Millətlər, həmçinin Çempionlar, Avropa və Konfrans Liqalarının oyunlarını idarə edib. Lambrextsə beynəlxalq yoldaşlıq oyunları və Millətlər Liqasında da etimad göstərilib. Bununla yanaşı, "fit sahibi" Lüksemburq və Sədudiyyə Ərəbistanının yüksək liqalarında da iş başında olub.

Bizimlə tanışlığa gəlincə, 2013-cü ildən beynəlxalq görüşlərdə iş başında olan 39 yaşlı belçikalı "Qarabağ"ın 2022/23 mövsümündə Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Almaniyada "Frayburq"a 1:2 hesabıyla uduzduğu qarşılaşmada ədaləti qoruyub. 2021-ci ildə isə həm millimizin, həm də “Qarabağ”ın bir oyununda iş başında olub. Referi DÇ-2022-nin seçmə mərhələsində yığmamızın səfərdə Serbiyaya məğlubiyyətinə (1:3), həmçinin Qurban Qurbanovun çalışdırdığı komandanın Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda Bakıda “Bazel”lə qolsuz heç-heçəsinə şahidlik edib. Bununla yanaşı, o, 2018-ci ildə U-19 millimizin iki matçında iş başında olub. Komandamız AÇ-2019-un seçmə mərhələsi çərçivəsində keçirilən qarşılaşmalarda Lixtenşteynə qalib gəlib (3:0), İsrailə isə uduzub (1:4). Lambrextsin idarə etdiyi Avropa Liqasının 2023/24 mövsümünün qrup mərhələsinin 5-ci turunun "Molde" - "Qarabağ" (2:2) matçını da yada salaq. Göründüyü kimi, “Qarabağ” belçikalının ədaləti təmsil etdiyi matçlarda qələbə qazana bilməyib... O başqa məsələ ki, "köhlən atlar"ın "Benfika"nın meydanından qələbə ilə ayrılmaq ehtimalı böyük deyil.

Ümumiyyətlə, Lambrexts karyerası ərzində 412 matç idarə edib. O, bu oyunlarda 1711 sarı, 107 qırmızı vərəqə göstərib.

KƏNAN BAHADIR

Chosen
14
1
football-plus.az

2Sources