EN

“Qarabağ”ın Çempionlar Liqası sərgüzəştləri başlayır! - “Benfika” səddində “sülh”ə həddimiz çata bilərmi?

Nəhayət, bu gün yerli futbol ictimaiyyətinin 8 illik həsrəti başa çatır – “Qarabağ” tarixində ikinci dəfə Çempionlar Liqasının liqa mərhələsində mübarizəyə başlayır!

Xatırladaq ki, Ağdam təmsilçisi bu uğura ilk dəfə 2017/18 mövsümündə imza atmış, o vaxt 4 komandadan ibarət qrup mərhələsində çıxış etmişdi. İndi ali klub turnirində format dəyişikliyi gerçəkləşdiyindən 8 kollektivlə 4-ü evdə, 4-ü səfərdə olmaqla qarşılaşacağıq. İlk rəqib Portuqaliya “Benfika”sıdı. Bu oyunun “İctimai” TV-də yayınlanacağını qeyd edib keçək əsas məsələlərə.

Çempionlar Liqası
liqa mərhələsi, 1-ci tur
Benfika (Portuqaliya) – Qarabağ

Hakimlər: ERİK LAMBREXTS, Co De Veyrd, Kevin Monte, Natan Verbumen (hamısı Belçika).
VAR hakimi: Bram Van Drieş (Belçika).
VAR hakiminin köməkçisi: Fedayi San (İsveçrə).
Lissabon, “Estadio da Luj” stadionu. Saat 23.00.

Əvvəlcədən bildirək ki, “Qarabağ” artıq Lissabondadı. Srağagün saat 19.10-da Bakıdan Portuqaliyanın paytaxtına yola düşən komanda 7 saatlıq uçuşdan sonra matçın keçiriləcəyi yerə çatıb. “Köhlən atlar”ın heyətində cəzalı yoxdu. Ona görə ki, avrokubokların əsas mərhələsinə vəsiqə qazanan bütün komandaların üzvləri kimi “Qarabağ”ın futbolçularının hesabındakı vərəqələr də sıfırlanıb. Ancaq zədəlilərlə bağlı durum ürəkaçan deyil. Daha doğrusu, Nəriman Axundzadə ilə Xonatan Montielin sağlıq durumunda problemlər var. Onların bərpa olunması üçün 4 həftə vaxt lazımdı. Komanda ilə birgə Portuqaliyaya yollananlar sırasında Nəriman olsa da, Montiel yoxdu. Əlbəttə, burda gənc hücumçunun yoxluğunu qabartmalıyıq. Axı legioner hücumçu transfer edə bilməyən, əvəzində Nəriman, Musa və əsas ampluası yarımmüdafiəçi olan Kamilo Durana güvənən “Qarabağ”ın işi Axundzadənin yoxluğunda daha çətin olacaq. Montielin isə getməsinə ehtiyac yoxdu. Onsuz da adı ÇL üçün iştirak ərizəsinə salınmayıb.

Bəs ölkə çempionunu səfərdə neçə azərbaycanlı azarkeş dəstəkləyəcək? Bu, hələ bəlli deyil. Bilinin odu ki, meydan sahibləri “Qarabağ” üçün 500 yer ayırıb. Öz aramızdı, 68 min 100 yerlik “Estadio da Luj”da tərəfdar dəstəyinin nə dərəcədə effektiv olacağı da başqa söhbətin mövzusudu. Hər halda, zarafat deyil, rəqib “Benfika”dı! Söhbət Portuqaliyanın yüksək liqasını heç vaxt tərk etməyən üç komandadan biri olan (digərləri “Portu” və “Sportinq” – red.), “transfermarkt”a görə bazar dəyəri 335,80 milyon avroya çatan klubdan gedir. Hələ bu harasıdı?! “Qartallar” liqa mərhələsi də daxil olmaqla 45-ci dəfədi Çempionlar Liqasında iştirak edir. Kollektiv bu göstəricidə yalnız “Real”dan (56) geri qalır. “Benfika”nın ötən mövsüm avrokuboklarda uğurlu olduğunu da bilirik. ÇL-nin əsas mərhələsini “Yuventus” və “Mançester Siti” kimi klublardan öndə - 16-cı pillədə tamamlayan “qırmızılar”ı yalnız “Barselona” dayandıra bildi (0:1, 1:3). Özü də 1/8 finalda!

Ümumiyyətlə, “Benfika” Portuqaliya futbol tarixinin ən titullu komandasıdı. Rekord sayda – 38 dəfə ölkə çempionu olub, 26 dəfə ölkə, 8 dəfə Liqa kubokunu, 10 dəfə Superkuboku qazanıb. Lissabon nəhəngi hətta 1961, 1962-ci illərdə Çempionlar Kubokunu (indiki Çempionlar Liqası) da qazanıb. “Qartallar”ın 2025-ci ilin fevralında üzvlərinin sayını 400 minə çatdıraraq dünyada ən çox üzvə sahib olan idman klubu statusunu qazanması təsadüfi deyil.

“Benfika” ötən cümə Portuqaliya çempionatında 52 dəqiqə azlıqda oynayan rəqibi uda bilmədi! 5-ci tur matçında “Santa-Klara”nı qəbul edən lissabonlular 1 xalla kifayətləndi – 1:1. Onlar 59-cu dəqiqədə hesabı açsa da, qonaqlar 2-ci uzatma dəqiqəsində məğlubiyyətdən qaçdı. Özü də maraqlıdı ki, “Santa-Klara” 38-ci dəqiqədən azlıqda oynayırdı...

Bəs, bizim heç olmasa, heç-heçə ümidi üçün əsasımız varmı? Əlbəttə, real şanslara əsasən xal qazanmaq arzusunda olmaq sadəlövhlükdən başqa bir şey deyil. Sadəcə, “Qarabağ”ın indiyə qədər iki Portuqaliya klubuyla qarşılaşdığını xatırlatmaqda fayda var. Bunlar “Sportinq” və “Braqa”dı. Ağdam təmsilçisi 2018-ci ildə Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sportinq”ə qarşı keçirdiyi hər iki oyunda uduzubsa (0:2, 1:6), 2024-cü ildə “Braqa”nı mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə Avropa Liqasının 1/8 finalına vəsiqə qazanıb. Göründüyü kimi, “köhlən atlar”ın avrokuboklardakı ən ciddi uğuru məhz Portuqaliya klubuyla bağlıdı. Bəlkə...

KƏNAN BAHADIR

Chosen
26
1
football-plus.az

2Sources