EN

113 yaşlı Xeyrənisə nənə Kəlbəcərdə: “Qonşularımı görməyəndə çox pis oldum, ağladım…”

Kəlbəcərin dağlarında doğulub boya-başa çatan, uşaqlığını o sıldırım qayalarda, çiçəklərlə dolu yaylaqlarda keçirən, gəncliyini qonşularla sazlı-sözlü məclislərdə yaşamış Xeyrənisə Baxışəliyeva doğma yurdundan köçkün düşəndə 80 yaşında idi.

Bu gün Xeyrənisə nənə 113 yaşındadır, bunun düz 33 ili doğma torpaq həsrəti ilə keçib. Çoxları düşünürdü ki, bu yaşdan sonra geri dönüş ona nəsib olmayacaq. Amma Xeyrənisə nənə təkcə öz iradəsi ilə deyil, yurd sevgisinin verdiyi güclə yaşadı və gün gəldi, doğma torpağa geri döndü.

“Ana torpağımı öpüb qucaqladım”

Xeyrənisə nənə Modern.az-la söhbətində həyəcanını gizlətmir:

“30 ildən sonra öz ana torpağıma qayıtmışam. Allah cənab Prezidentimizin canını sağ eləsin, yollarımızı açdı, bizə yurdumuzu qaytardı...”

Sözlərində həm sevinc, həm kövrəklik vardı. “Ana torpaq” dediyi Kəlbəcərə qayıtmağı sözlə ifadə edə bilmək Xeyrənisə nənə üçün çətindir:

"İllər öncə Kəlbəcərdə yaşayanda çox yaxşı qonşularım var idi. Hər axşam bir yerə yığışır, söhbət edərdik, dərdimizi, sevincimizi bölüşərdik. İndi illər sonra qayıdanda gördüm ki, o insanlar artıq yoxdur... Çox pis oldum, ağladım. Elə bildim tək qalmışam..."

Onun səsi titrəyirdi, amma dərhal yenidən sevincini ifadə etdi: “Amma yenə də şükürlər olsun ki, torpağımız bizə qayıtdı”.

Xeyrənisə nənə Kəlbəcərə tək qayıtmayıb. Oğlu, gəlini və nəvəsi ilə birlikdə doğma yurdunda yeni tikilmiş evindədir. Ev geniş və işıqlıdır. Amma Xeyrənisə nənə üçün evdən çox pəncərədən görünən mənzərə daha qiymətlidir: doğma meşələr, tanış qayalar, uşaqlığının keçdiyi təpələr...

“Cənab Prezidentimizin bizə verdiyi yeni, gözəl evdə artıq yerləşmişik. Baxıram indi bu doğma meşələrə… illər əvvəl o meşələrlə o qədər gedib-gəlmişəm ki! İndi pəncərədən baxanda keçmiş günlər gözümün önünə gəlir – atamın, anamın yurdu, uşaqlığım, gəncliyim", - o deyir.

113 yaşlı kəlbəcərli Xeyrənisə Baxışəliyeva sevincdən yerə-göyə sığmır: “Köhnə tanışlardan bəzilərini yalnız uzaqdan görə bildim, amma yenə də qohumlarımı gördüm, görüşdük, hal-əhval tutduq".

Xeyrənisə nənə danışdıqca göz önündə Kəlbəcərin sazlı məclisləri canlanır. Burada hər kəndin öz aşığı, öz şairi vardı: "O vaxtlar biz yay gələndə təpənin yanında mal-qara saxlayırdıq, indi evlərin yerləşdiyi ərazidə heyvanlarımızı aparıb orada yaylayırdıq. Bütün bu gözəllikləri görəndə sevincimdən nə edəcəyimi bilmirəm...".

“Allah bu torpaqları bizə qaytaranlardan razı olsun. Bizim üçün bundan böyük xoşbəxtlik ola bilməz”, - o əlavə edib.

Chosen
30
2
modern.az

3Sources