EN

Kirayə ev seçərkən mütləq nəzərə alınmalı məsələlər - Ekspertdən TÖVSİYƏ

Yeni tədris ili ilə birlikdə valideynlər və tələbələr Bakı şəhərində ucuz kirayə mənzil tapmaq üçün aktiv axtarışa başlayıblar. Xüsusilə universitetlərə və metro stansiyalarına yaxın ərazilərdə boş mənzillərin azlığı valideynləri çətin vəziyyətə qoyur.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a bildirən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirdi ki, metro yaxınlığında və universitetlərə əlçatan yerlərdə mənzil tapmaq mümkün deyil:

"Hazırda bu istiqamətdə axtarış aparan valideynlər və tələbələr məyus olurlar. Çünki tədris mövsümü artıq başlayıb. Dünəndən universitetlərdə, institutlarda və orta məktəblərdə dərslərə start verilib. Bu vaxta qədər mənzil tapa bilməyən tələbələr indi ciddi çətinlik yaşayırlar. Çünki bazarda uyğun kirayə mənzil tapmaq asan deyil. Xüsusilə metro yaxınlığında mənzil tapmaq çətindir. Bakı şəhərinin layihəsi hazırlanarkən təhsil müəssisələri məhz metro yaxınlığında inşa olunub ki, tələbələrin ora əlçatanlığı təmin edilsin. Lakin həmin ərazilərdə mənzillər adətən avqustun sonuna, sentyabrın əvvəlinə qədər kirayə verilir və boş ev tapmaq olmur".

Onun sözlərinə görə, ucuz evlərə gəldikdə isə onlar əsasən təhsil müəssisələrindən uzaqda, şəhərin kənarında yerləşir:

"Tələbələr yüksək qiymətli mənzilləri seçsələr də, bir nəfər yox, bir neçə nəfər bir yerdə qalaraq ödənişi bölüşürlər. Bununla həm özlərinə, həm də valideynlərinə maddi yükü azaldırlar. Əmlak saytlarında və sosial şəbəkələrdə bu cür elanlara tez-tez rast gəlmək mümkündür. Məsələn, “iki xanım üçüncü xanım axtarır” və ya “iki bəy üçüncü, dördüncü bəy axtarır” kimi elanlar məhz qiymətlərin yüksəkliyi və mənzillərin məhdudluğu ilə bağlıdır. Mən hesab edirəm ki, kirayə ev seçərkən yalnız metro yaxınlığını deyil, ümumiyyətlə nəqliyyat əlçatanlığını nəzərə almaq lazımdır. Çünki avtobus xətləri də mövcuddur. Onların hərəkət imkanları daha sərbəstdir və avtobus zolaqları mənzilə daha tez çatmağa şərait yaradır. Bu səbəbdən tələbələr yalnız metro yaxınlığında deyil, avtobus xətlərinə yaxın ərazilərdə də mənzil axtarmalıdırlar".

Vüqar Oruc hesab edir ki, “ucuz evlər haradadır” sualına dəqiq cavab vermək mümkün deyil.

"Çünki bunun üçün sosial şəbəkələrdə və ya əmlak saytlarında axtarış aparmaq lazımdır. Mən yalnız ümumi tendensiyanı deyə bilərəm ki, bu gün ucuz ev yoxdur. Əgər ucuzdursa, ya təmirsizdir, ya komfort baxımından zəifdir, ya da nəqliyyat əlçatanlığı əlverişli deyil. Ucuz olmasının səbəbi budur. Əks halda, həm tələblərə uyğun, həm də ucuz mənzil tapmaq real deyil. Hazırda Bakıda ucuz ev axtarmağın mənası yoxdur. Çünki ucuz evin mütləq bir problemi olur və kirayə götürən şəxs sonradan diskomfort yaşayır", - deyə ekspert qeyd etdi.

Nuriyyə NATİQQIZI

Chosen
37
1
redaktor.az

2Sources