“Elm və təhsil naziri Emin Əmrullayevin həmişə sadə görünüşünə hörmət etsəm də, təhsil sahəsində ciddi irəliləyişlərə nail olmasına şübhə edirəm. Nazir bəzən o qədər ciddi olmayan məsələlər barədə uzun-uzadı şərhlər verir ki, əsas problemlər kənarda qalır. Bəs məktəblərdə rüşvət nə üçün davam edir, aradan qaldırılmır? Hər biri köklü problemlərdən qaynaqlanır. Məsələn, mən Ali Məhkəmənin sədri vəzifəsində çalışarkən hər kəsi yığıb, əlimi "Quran"a qoyub and içmişdim ki, kim rüşvət alsa, onun işinə özüm baxacağam və barəsində ölüm hökmü çıxaracağam, icra etdirəcəyəm. Kim gizlində rüşvət alırdısa, deyə bilmərəm, amma mütləq şəkildə hər birinin qarşısını aldım. Əgər "başdan" istənilmirsə, bəs təhsildə hazırda rüşvət niyə davam edir? Məktəb direktorlarından yuxarı təhsil şöbələri, onlardan da yuxarı Elm və Təhsil Nazirliyi rüşvət tələb etmirsə, niyə hələ də bu hal davam edir?”
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.
“Təkcə Elm və Təhsil Nazirliyinin üzərində fokuslanmaq istəmirəm. Digər nazirliklərdə də vəziyyət belədir. Problemi kökündən həll etmək, rüşvəti ölkədən yığışdırmaq lazımdır. Mixail Saakaşviliyə sual verdilər ki, rüşvətin kökünü necə kəsdin? Cavabında dedi ki, birinci özüm almadım. Gürcüstanda böyük şirkətlər, dövlətlərlə bağlı iri korrupsiya hələ Saakaşvilinin dövründə də qalırdı. Amma orta və aşağı səviyyədə rüşvət yığışdırılmışdı. Ölkədə heç olmasa buna nail olmaq lazımdır. İnhisarçılıq, rüşvətxorluq ölkəmizin nəinki mənəvi aurasını müəyyən edir, həm də insanların iqtisadi vəziyyətinə, məişətinə ciddi təsir göstərir, çox ciddi ədalətsizlik, təbəqələşmə yaradır. Bu məsələləri bitirmək, iri məsələlərdən danışmaq lazımdır. Mənə təklif olunsa ki, yenidən Ali Məhkəmənin sədri ol, imtina edərdim. Bunu on-iyirmi il əvvəl də deyirdim. Çünki əvvəl komandam var idi. Dövlət qurulmuşdu, xalq da inanırdı ki, rüşvətsiz işləmək olar. Hakimiyyət də elə bilirdi ki, müstəqil dövlət belə olmalıdır, düzgün işlənilməlidir. İndi hansı kadrlar var? Xaricdə oxuyub gəlirlər, Azərbaycan həyatını bilmirlər. O demək deyil ki, onlar gəlib ölkədə rüşvəti yığışdıracaqlar. Oturub "paketlə" işləyirlər. Təhsil hər bir dövlətin gələcəyidir. Təhsil təkcə millətin gələcəyini elmi cəhətdən müəyyən etmir, həm də onun iqtisadi potensialını gücləndirməyə xidmət edir. Təhsilsiz heç bir millətin gələcəyi yoxdur. Məhz elm olmadığına görə insanlar cəhalət içində çabalayırlar. Ölkə iqtisadiyyatı çətin vəziyyətə düşür. İnsanlar öz pənahlarını cadugərlikdə və bu kimi şeylərdə axtarırlar. Təsadüfi deyil ki, "Təhsil haqqında" qanunun qəbul olunmasına illər sərf etdik, amma alınmadı. Çünki sovet dövründəki Rusiya təhsil sisteminə əsaslanan sistem təlim-tərbiyə və təhsilə əsaslanırdı. İndi təlim-tərbiyə də kənarda qalıb, təkcə təhsildir. Onu da yerinə yetirə bilmirik. Bolonya və bu kimi sistemlər gəldi. Köhnə sistem dağıldı, amma yerinə təzə qoyula bilmədi. Bu məsələ dövlət səviyyəsində ciddi təhsil konsepsiyasına əsaslanmalıdır. Konsepsiya işlənib hazırlanmalı, həyata keçirilməlidir. Prezident İlham Əliyev də dəfələrlə rüşvətxorluğa qarşı mübarizəni önə çəkir, vəzifə kimi qarşıya qoyur. Bu vəzifə bütün sahələrdə, o cümlədən təhsil sahəsində yerinə yetirilməlidir”, - o bildirib.
Aytəkin Qardaşova