EN

Ət niyə bahadır?

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Pərviz Heydərov yazır...

Son günlər səsləndirilən sualların əksəriyyəti ətin qiyməti ilə bağlıdır. Suallar verilir ki, ət niyə bahadır və yaxud, adıçəkilən məhsulun qiymətinin artırılacağı gözlənilirmi?

İlin əvvəlində yazdığım şərhlərdə əslində, buna cavab vermişdim. Qeyd etmişdim ki, ölkədə heyvandarlığın inkişafına ehtiyac var və bu sahədə vəziyyət məhz son illər ərzində belə şəkil alıb. Belə ki, illər öncə, əsas ərzaq məhsulları, o cümlədən ət ilə özümüzü 90-95% səviyyəsində təmin edə bilirdik. Bu, torpaq islahatı aparıldıqdan sonrakı dövrə də aid idi. 2000-ci ildən sonrakı ikinci 10 illikdən başlayaraq isə, hər şey dəyişdi. Yerli ət istehsalı azaldı, idxal artdı.

Ümumiyyətlə, ölkədə ətin qiymətinin yüksəlməsi ən birinci, iribuynuzlu və xırdabuynuzlu heyvanların son illər ərzində ardıcıl olaraq azalmağa başlaması ilə özünü büruzə verdi. Təkcə son beş il ərzindəki statistikaya diqqət yetirsək görərik ki, 2021-ci ilin yanvarında ölkədə 2 milyon 651 min baş iribuynuzlu heyvan vardısa, 2025-ci ilin iyuluna bu göstərici 7.4% azalaraq 2 milyon 454 minə düşüb. Eyni dövrdə xırdabuynuzlu heyvanların sayı 8 milyon 90 mindən 15 faiz azalaraq 6 milyon 887 min başa enib.

Qeyd olunan tendensiya davam etdiyindən qiymətlərin getdikcə daha da bahalaşacığı gözlənilir. Çünki, kənd yerlərində, ev təsərrüfatlarında və fermerlər tərəfindən mal-qara saxlamaq, qoyun-quzuya baxmaq tamamilə sərfəsiz - rentabelsiz bir işə çevrilib.

Ona görə ki, yem bahadır, örüş yerləri yoxdur və sair.

Məsələn, pambıqçılığın bərpa və inkişaf etdirilməsi istiqamətində tədbirlər görülməyə başlananda örüş yerləri daraldı. Ümumiyyətlə, pambıqçılığın və bir sıra digər sahələrin inkişafına müvafiq diqqətin artırılması nəticəsində heyvandarlığa böyük zərbə dəydi.

Bax bu, çox böyük ciddi səhv yanaşma idi. Və ən əsası, ərzaq təhlükəsizliyi məsələsinin təmini məqsədilə üst-üstə düşmədi və düşmür də. Ona görə də yeyinti məhsulları tədarükü və istehsalı sahəsində malik olduğumuz bir sıra əlverişli xammal bazasını itirdik. Halbuki qeyri-neft və qaz sektoru sahələrini inkişaf etdirmək üçün bu əsas üstünlüklərimizdən sayılırdı. Nəticədə yerli yeyinti məhsulları istehsalında da kənar xammaldan istifadəyə yol açıldı və bu, genişləndi.

Yəni, qeyri-neft ixracımızı genişləndirmək məqsədilə aqrar sahədə atılan addımlar və yürüdülən siyasətdə balans qorunmadı.

Bu cür səbəblərdən və amillərdən əlavə, idxalın genişlənməsi özü də ölkəmizdə heyvandarlıq sahəsinə öz mənfi təsirini göstərdi və göstərməkdə də davam edir.

Ötən il ölkəyə 2 milyard 474 milyon 815 min 900 ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edilib ki, bu da, 2023-də qeydə alınan analoji göstəricidən 315 milyon dollar çox demək idi. İl ərzində ölkəmizə 129 milyon 556 min dollar dəyərində 58 min 689 ton ət idxal edilib ki, 2023-cü ildə bu rəqəmlər 86 milyon 739 min dollar dəyərində olmaqla 41 min 707 ton təşkil etmişdi.

Ölkəyə ət idxalı 2024-cü il ərzində 2023-cü illə müqayisədə dəyər ifadəsi ilə 42 milyon 817 min dollar və ya 49.4%, miqdar ifadəsi ilə isə 16 min 982 ton və ya 40.7% artıq olub.

Ümumiyyətlə, 2024-də idxalı artan məhsullar sırasında ətin dəyəri üzrə göstəricinin 86,7 milyon dollardan 129,6 milyon dollaradək yüksəldiyi qeydə alınmışdı. Bu da idxal inflyasiyasının da az rol oynamadığını diktə edir.

Belə ki, dünya bazarlarında da qiymətlər sabit qalmır və illər keçdikcə artır. Təkcə, 2025-ci ilin iyulunda dünyada ətin qiyməti 1.2%, ötən illə müqayisədə isə 6% artıb. Bu özü də yerli məhsulun qiymətlərinə təsir edib və edir.

Çıxış yolu nədədir?

Hesab edirəm ki, yeyinti məhsullarının idxalı nəzarətə götürülməli, yerli istehsal himayə altına alınmalı, daxili xammal bazası əvvəlki illərdəki vəziyyətə qaytarılmalı, idxal bir sıra mallar üzrə məhdud çərçivəyə salınmalıdır.

Ümumiyyətlə, hökumət kənd təsərrüfatının heyvandarlıq sahəsində təcili şəkildə bərpa işləri həyata keçirməlidir. Heyvandarlıq elə bir sahədir ki, bərpası illərlə vaxt apara bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
oxu.az

1Sources