EN

Gələn il sosial sahəyə 4,8 milyard xərclənəcək Deputat büdcədən gözləntilərini açıqladı

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcəsinin ilkin göstəricilərini elan edib. Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 38,4 milyard manat, xərcləri isə 41,5 milyard manat proqnozlaşdırılır. Bu ilin büdcə proqnozları ilə müqayisədə fiskal gəlirlər 0,2 faiz, xərclər isə 0,3 faiz artacaq. 2026-cı ildə dövlət büdcəsinin kəsiri 3,1 milyard manat olacaq. Gəlir və xərclərə nisbətdə büdcə kəsiri 2,4 faiz təşkil edəcək. Dövlət büdcəsində 1 barel xam neftin qiyməti 65 dollar nəzərdə tutulur.

İqtisadçı, deputat Vüqar Bayramov büdcə proqnozlarını şərh edərkən bildirib ki, qlobal neft bazarındakı volatilliyi nəzərə aldıqda gələn il üçün 1 barel xam neftin qiymətinin 65 dollar müəyyən olunması əvvəlki illərdən fərqli olaraq konservativ yanaşma hesab edilə bilməz.

“1 barel xam neftin qiyməti ilə bağlı əksər beynəlxalq təşkilatların proqnozları 50–60 dollar intervalında dəyişir”, – deyə o, əlavə edib.

İqtisadçı vurğulayıb ki, gələn ilin dövlət büdcəsinin gəlirləri ilə bağlı ən pozitiv məqamlardan biri qeyri-resurs gəlirlərinin ümumi daxilolmalarda payının 57,4 faiz proqnozlaşdırılmasıdır: “Bu, ölkəyə neft pulları daxil olduqdan sonra fiskal gəlirlərimizdə qeyri-neft-qaz sektorunun payı üzrə rekord səviyyədir. Bu il üçün həmin göstərici 52,3 faiz nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, gələn il fiskal diversifikasiya siyasəti daha da dərinləşəcək və neft sektorunun ümumi gəlirlərdə payı azalacaq. Bu, neftdən asılılığın minimumlaşdırılması baxımından təqdirəlayiqdir”.

Deputat xatırladıb ki, gələn il müdafiə və milli təhlükəsizlik üçün 8,7 milyard manat, iqtisadi fəaliyyətə isə 7,6 milyard manat xərclənəcək: “Sosial müdafiə və sosial təminat üçün isə 4,8 milyard manat nəzərdə tutulur. Bu istiqamət üzrə xərclərin büdcədə xüsusi çəkisi 11,7 faiz olacaq. Növbəti il sosial müdafiə və sosial təminat üzrə xərclər 2025-ci illə müqayisədə 121 milyon manat, yaxud 2,54 faiz artacaq”.

V. Bayramov qeyd edib ki, bu maddə üzrə xərclər birbaşa sosial təminatla bağlıdır: “Bütövlükdə, gələn il sosial xərclərin ümumi büdcə xərclərinin 40 faizindən çoxunu təşkil edəcəyi gözlənilir. Gələn il hansı artımların olacağına gəldikdə isə mövcud qanunvericiliyə əsasən, 2026-cı ilin yanvarından etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq. Bu, 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək. Bu xərclər büdcədə nəzərə alınıb. Digər istiqamətlər üzrə mənzərə isə detallı büdcə göstəriciləri təqdim olunduqdan sonra aydın olacaq”.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
68
10
azpolitika.info

10Sources