EN

Nazir: “SİMA İmza” mobil tətbiqi 5 milyon yüklənməyə çatıb

Azərbaycanın rəqəmsal ekosistemində vacib layihələrdən biri olan “SİMA İmza” mobil tətbiqi 5 milyon yüklənməyə çatıb. SİA xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşaf Nəbiyev öz sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, bu nailiyyət “SİMA İmza”nın vətəndaşlar, sahibkarlar, hüquqi şəxslər və dövlət qurumları arasında rəqəmsal ünsiyyətin etibarlı və effektiv vasitəsinə çevrildiyini göstərir:

“Hazırda təhsil, səhiyyə, vergi, gömrük, ədliyyə, məşğulluq, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 90-a yaxın qurumun xidmətlərində "SİMA İmza" inteqrasiya olunub. Ödənişsiz şəkildə və heç yerə getmədən rəqəmsal imza əldə etmək hər bir vətəndaşımız, xüsusilə də ucqar bölgələrdə yaşayan şəxslər üçün elektron xidmətlərə əlçatanlığı formalaşdırır”.

Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Rəqəmsal imzanı əldə etmək üçün xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir. “SİMA İmza” vətəndaşlar üçün tam ödənişsizdir. “SİMA İmza”nın vətəndaş, fərdi sahibkar, hüquqi şəxs və dövlət qurumu həlli artıq istifadəyə verilib. Hazırda sahibkarlar və hüquqi şəxslər “SİMA İmza” tətbiqində “6AYPULSUZ” promokodu ilə sahibkar imzasından 6 ay müddətinə ödəniş etmədən istifadə edə bilərlər.

Chosen
46
6
sia.az

10Sources