Azərbaycanın sərbəst güləş üzrə milli komandası Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında dörd medal qazanıb – 1 gümüş və 3 bürünc. Lakin son illərdə yığma ilin əsas turnirində qızıl medalsız qalır ki, bu da həm idmançılar, məşqçilər, federasiya, həm də azarkeşlər üçün ciddi narahatlıq doğurur.
İdman.biz-in məlumatına görə, Olimpiadadan sonrakı ilk dünya çempionatı özünəməxsus xarakter daşıyır.
Adətən bu yarışlarda yeni adlar üzə çıxır və favoritlərə meydan oxuyaraq qarşıdakı dövr üçün özlərinə inam qazanırlar. Bu baxımdan Nurəddin Novruzov (61 kq) və Arseniy Cioyev (86 kq) tərəfindən qazanılan bürünc medallar diqqət çəkir. Hər iki güləşçi gənclər arasında adlarını təsdiqləmiş, artıq böyüklər səhnəsinə qədəm qoymuşdular. Dünya çempionatında ilk medallar onların 2028-ci il Los-Anceles Yay Olimpiadasına seçmə mərhələsinə motivasiyasını artıracaq.
Təcrübəli Osman Nurməhəmmədov (92 kq) mundialda sabit çıxışını davam etdirib. O, ardıcıl dördüncü dəfə medal qazanıb və bu, onun üçüncü bürünc oldu. Olimpiya iştirakçısından daha yüksək nəticələr gözlənilir. Osman özü də etiraf edib ki, Zaqrebdə tam hazır olmayıb – son təlim-məşq toplanışında xəstələnib və bərpa prosesi yarımçıq qalıb. Buna baxmayaraq, dünya çempionu olmaq arzusu qalır və ümidlər gələn ilə yönəlib.
125 kq çəki dərəcəsində Giorgi Meşvildişvili əsas favoritlərdən biri kimi çıxış edib. Olimpiadanın bürünc medalçısı, Avropa çempionu finaladək statusunu doğruldub, həlledici qarşılaşmada isə iranlı Amir Hüseyn Zareyə uduzub. Bu, Zarenin üçüncü dünya çempionluğu olub.
79 kq-da mübarizə aparan Cəbrayıl Hacıyev iki qələbədən sonra 1/4 finalda gələcək çempion yunanıstanlı Georgios Kugimtsidisa uduzub. Təsəlliverici mərhələdə yaponiyalı Rinosuke Kamiyaya qalib gəlsə də, bürünc medal qarşılaşmasında iranlı Məhəmməd Əşqar Noxodilarmi qarşısında məğlub olaraq 5-ci yerlə kifayətlənib.
97 kq-da çıxış edən Maqomedxan Maqomedov isə əsas favoritlərdən biri sayılırdı. Olimpiadanın bürünc medalçısı, iki il əvvəl dünya finalında güləşən idmançı ən yüksək nəticəyə ümid edirdi. Lakin start görüşündə hindistanlı Viki Viki ilə qarşılaşmada zədə alaraq mübarizəni dayandırmaq məcburiyyətində qaldı.
Ümumi xallara görə Azərbaycan yığması hazırda 83 xalla 3-cü yerdədir. Qalan iki çəki üzrə yarışlar bitdikdən sonra yekun cədvəl formalaşacaq. Amma artıq neçə ildir ki, dünya çempionatında qızıl medalsız qalmağımız narahatlıq doğurur. Sonuncu dəfə 2017-ci ildə Parisdə Hacı Əliyev dünya çempionu olmuşdu və o zamandan bu yana sərbəst güləşimiz üçün “dünya qızılı” gəlməyib.
Baş məşqçi Xetaq Qazyumov bildirib ki, yeni dünya çempionları yetişdirmək üçün böyük işlər görülməlidir: “Çox şey nəsildən asılıdır. Bir vaxtlar Hacı Əliyev, Toğrul Əsgərov xalçada parlayırdı. Elə bir nəsil yetişdirmək lazımdır ki, yaxın illərdə biz yenidən qalib olaq. Ümid edirik ki, gələcəkdə dünya çempionları yetişdirəcəyik və bunun üçün bütün addımları atırıq”.
Dünya çempionatı isə davam edir. Artıq mübarizəyə qadın güləşçilər qoşulub, daha sonra isə “klassiklər” xalçaya çıxacaq. Yekun nəticələri isə ikinci yarı müəyyən edəcək.
Zaki Feyzullayev
İdman.biz