EN

Media: Brüssel Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin qəbulunu təxirə salıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Avropa Komissiyası Rusiyaya qarşı nəzərdə tutulan 19-cu sanksiyalar paketini sentyabrın 17-də təqdim etməyəcək. Sənədin rəsmən açıqlanması qeyri-müəyyən vaxtadək təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Avropa Komissiyası hələ ki yeni sanksiyaların dəqiq təqdimat tarixini açıqlamayıb və 19-cu sanksiyalar paketinin bu həftə ictimaiyyətə təqdim olunacağı gözlənilmir. Sanksiyalar paketinin gecikməsi Avropa İttifaqının Rusiya neftindən asılılığı azaldılmaq məqsədilə Slovakiya və Macarıstana təzyiqləri artırması ilə bağlıdır.

Qeyd edək ki, sentyabrın 13-də ABŞ Prezidenti Donald Tramp NATO-nun bütün üzvlərinin birlikdə hərəkət edəcəyi və Rusiya neftinin idxalını dayandıracağı təqdirdə, Vaşinqtonun Moskvaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, bəzi üzv ölkələrin Rusiyadan enerji resursları alması alyansın danışıqlarda mövqeyini zəiflədir.

Eyni zamanda, NATO ölkələrini Çindən idxala 50–100 faizlik gömrük rüsumları tətbiq etməyə çağıran Ağ evin rəhbəri bunun Ukrayna böhranının həllinə yardım edə biləcəyini bildirib.

Chosen
21
50
azertag.az

10Sources