EN

Pakistan səfiri: "Əsas prioritetimiz həmişə Azərbaycan olacaq, Ermənistanla isə..." - MÜSAHİBƏ

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir.
 
- Cənab səfir, Pakistanla Azərbaycan arasında cari diplomatik, siyasi və qardaşlıq münasibətləri necə xarakterizə edirsiniz?
 
- Pakistan və Azərbaycan arasında ikitərəfli münasibətlər qardaşcadır. Ölkələrimiz arasındakı qardaşlıq dərin hörmət, etimad və sevgiyə əsaslanır. Bütün beynəlxalq platformalarda maraqlarımız üst-üstə düşür. Hər iki ölkə bir-birinin suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyir. Pakistan Qarabağ münaqişəsinin bütün dövrlərində qardaş Azərbaycanla birlikdə olub.
 
Hindistanın işğalı altında olan Jammu və Kəşmirin zülm görən xalqına verdiyi dəstəyə görə Azərbaycana həmişə minnətdarıq. Mayda Hindistanın təcavüzü zamanı Azərbaycan hökuməti və xalqının Pakistana göstərdiyi güclü dəstək xalqımız tərəfindən həmişə böyük minnətdarlıq duyğusuyla xatırlanacaq.
 
Tarixən güclü olan ikitərəfli münasibətlər son illərdə daha da möhkəmlənib. Rəhbərliklər səviyyəsində müntəzəm təmaslar olub. Prezident İlham Əliyevin keçən ilin iyulunda Pakistana tarixi səfəri hər kəsin yadındadır. Pakistanın Baş naziri Şahbaz Şərif COP29 çərçivəsində Pakistan nümayəndə heyətinə rəhbərlik etdi, bu ilin fevralında ikitərəfli səfər həyata keçirildi, 28 mayda Laçında Azərbaycan‑Pakistan‑Türkiyə üçtərəfli zirvə görüşü baş tutdu. Baş nazirimiz iyul ayında Xankəndidə 17‑ci İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) sammitində iştirak etdi.
 
Yanvar ayında İslamabadda 8‑ci Hökumətlərarası Komissiyanın sessiyası və 4‑cü İkitərəfli Siyasi Məsləhətləşmələrin raundu keçirildi. Bu yüksək səviyyəli təmaslar ölkələrimiz arasında son vaxtlar baş vermiş çoxsaylı yüksək ranqlı mülki və hərbi görüşlərlə tamamlandı.
 
Bütün bu müsbət qarşılıqlı fəaliyyətlər ticarət və investisiya, enerji, informasiya texnologiyaları, müdafiə, təhsil və digər sahələrdə yaxın əməkdaşlıq və qarşılıqlı faydaların artırılması ilə nəticələnir.
 
Keçən il Pakistandan Azərbaycana səfər edən turistlərin sayı səksən mindən çox idi. Pakistan Beynəlxalq Hava Yollarının (PIA) birbaşa uçuşlarının bərpası ilə bu il bu sayın daha da yüksək olacağına ümid edirik. Azərbaycan universitetlərində təhsil alan pakistanlı tələbələrin də sayı artır. Bu kimi insanlararası əlaqələrin genişlənməsi qardaşlıq münasibətlərimizi daha da gücləndirəcək.
 
- Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistan baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsini paraflayıblar. Bu prosesin yeni perspektivləri barədə fikirləriniz nədir?
 
- Bu tarixi inkişaf Pakistan tərəfindən dərhal alqışlandı. Baş nazir Şahbaz Şəriflə Prezident İlham Əliyevin telefon danışığı zamanı təbriklərimiz dərhal çatdırıldı.
 
8 avqust 2024‑də Vaşinqtonda qəbul edilmiş qərarlar Prezident İlham Əliyevin uzaqgörən liderliyinin və Azərbaycan xalqının cəsarətinin və iradəsinin nəticəsidir. 2020‑ci ilin, həmçinin 2023‑cü ilin döyüş meydanında Azərbaycan tərəfindən əldə edilmiş misilsiz qələbələrdən sonra bu sülh təşəbbüsünün formalaşması çox sevindiricidir.
 
Azərbaycanın ən yaxın dostlarından biri kimi Pakistan səmimi surətdə ümid edir ki, Azərbaycan və Ermənistan uzun illər davam edən düşmənçiliyi arxada qoyaraq Cənubi Qafqazda davamlı sülh, rifah və regional əlaqələr üçün möhkəm təməl qoyacaqlar.
 
- "Zəngəzur Koridoru" layihəsi nəinki yeni nəqliyyat‑loqistika imkanlarını yaradacaq, həm də Azərbaycan, Türkiyə və daha geniş Türkdilli dünyanı əlaqələndirəcək önəmli təşəbbüs sayılır. Sizcə, bu koridorun reallaşması Azərbaycan‑Pakistan əməkdaşlığına hansı töhfələri verə bilər?
 
- Coğrafi mövqeyinə görə Azərbaycan tarixən Şərq və Qərb, hətta Şimal və Cənub arasında ticarəti təşviq edən təbii nəqliyyat ölkəsi olub. 14‑cü əsrdə İçərişəhərdə karvansaray Cənubi Asiyadan keçən tacirlər və səyahətçilər üçün tikilib, bu, bizim keçmişdəki əlaqələrimizin daha bir göstəricisidir.
 
"Zəngəzur Koridoru"nun işlək vəziyyətə gətirilməsi regional əlaqə və iqtisadi rifah üçün əsl oyun dəyişdirən amil ola bilər.
 
Pakistan hökuməti Orta Asiya, Qafqaz və ondan da uzağa yol və dəmiryolu bağlantılarını gücləndirəcək bir neçə seçim üzərində işləyir. Ticarət yükünün daşınması üzrə bir neçə kommersiya əməliyyatları həyata keçirilib ki, bu variantların iqtisadi səmərəliliyi qiymətləndirilsin. Nəticələr ümidvericidir. Buna görə nəqliyyat və tranzit əlaqələrinin artırılması Pakistan tərəfindən xoş qarşılanır.
 
- Azərbaycan və Pakistan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənməkdədir. Bu istiqamətdə yeni perspektivlər barədə fikirlərinizi bölüşə bilərsinizmi?
 
- İkitərəfli müdafiə əməkdaşlığı qardaş ölkələrimiz arasında vacib sütundur. Azərbaycan 2020-ci il Qarabağ müharibəsində və 2023‑cü il anti‑terror əməliyyatlarında yeni texnologiyalardan və taktikalardan uğurla istifadə etdi ki, bu, dünyada müasir döyüş taktikasını araşdırmaq istəyən müdafiə analitikləri üçün əla öyrənmə imkanıdır.
 
Eynilə may ayında Hindistanın təcavüzünə qarşı Pakistanın sürətli və qətiyyətli müdafiə reaksiyası Pakistan və Azərbaycan üçün bu vacib sahədə daha da genişlənən əməkdaşlıq üçün əla fürsət yaradır.
 
- Baş nazir Şahbaz Şərifin Pakistana Laçına səfəri siyasi və simvolik baxımdan böyük əhəmiyyət daşıyır. Sizcə, bu səfərin Azərbaycan‑Pakistan qardaşlıq münasibətlərinə və gələcək əməkdaşlıq planlarına təsiri nə olacaq?
 
- Pakistan‑Azərbaycan‑Türkiyə birlikdə tarixi bir hadisə yaratdılar. Laçında xaricdən gələn liderlərin iştirakı ilk dəfə olub. Pakistan və Azərbaycan arasında 27 mayda keçirilən ikitərəfli zirvə görüşü ilə yanaşı, 28 mayda üçtərəfli zirvə görüşü olub, bu, hər iki ölkə üçün vacib bir gündür.
 
Laçındakı ikitərəfli görüşlər Pakistan və Azərbaycan liderlərinə mövcud təşəbbüsləri ətraflı gözdən keçirmək və siyasət səviyyəsində göstərişlər vermək üçün böyük imkan yaratdı.
 
Üçtərəfli zirvə yalnız qardaş ölkələr arasındakı əlaqələrin göstəricisi deyil, həm də praktik əməkdaşlığın, daha maddi əməkdaşlıq sahələrinin genişlənməsi və üç ölkə arasında qardaşlıq münasibətlərinin bütün sahələrdə gücləndirilməsi üçün fikir mübadiləsi prosesi oldu.
 
- İki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Daha çox inkişaf potensialını hansı sahələrdə görürsünüz?
 
- Ticarət və investisiya ən vacib əməkdaşlıq sahələrindən biridir və Pakistan Baş nazirinin bu sahəyə ən yüksək prioritet verdiyini bildirir. Keçən ilin sonunda Prezident İlham Əliyevin Pakistan səfərindən sonra hər iki tərəfdən ekspertlər arasında Pakistanda Azərbaycan investisiyaları üçün qarşılıqlı faydalı layihələri araşdırmaq üzrə mütəmadi təmaslar olur.
 
Bu ilin əvvəlində ölkələrimiz enerji sahəsində bir neçə təşəbbüs üzrə razılığa gəldi. Ümid edirəm ki, tezliklə daha bir neçə müsbət qərar elan ediləcək.
 
Keçən ilin dekabrında İmtiyazlı Ticarət Müqaviləsi (PTA) və Transit Ticarət Müqaviləsi (TTA) qüvvəyə mindi. Bu önəmli sazişlərin nəticələrini nəzərdən keçiririk.
 
Gələcəkdə yalnız enerji sahəsində deyil, həm də süni intellektə xüsusi diqqətlə IT sektorunda böyük imkanlar mövcuddur. Pakistan həmçinin Azərbaycanın bu sahədə böyük təcrübəyə malik olduğu turizm və otelçilik sektorunda investisiya üçün əla məkan hesab olunur.
 
Bu ilin fevralında Baş nazir Şahbaz Şərifin səfəri zamanı keçirilmiş Azərbaycan‑Pakistan Biznes Forumunda Prezident İlham Əliyev və Baş nazir Şahbaz Şərif iştirak etdi. Hər iki ölkənin özəl sektorları arasında bir çox müsbət əlaqələr o vaxtdan bəri davam edir. Buna görə mən çox ümidliyəm ki, bu diqqət, rəhbərlik səviyyəsindəki dəstək və təşviqlə ikitərəfli ticarət əlaqələrimiz gələcək illərdə artaraq davam edəcək.
 
- Pakistan Azərbaycanın azad edilmiş torpaqlarının bərpası prosesində investisiyaçı rolunu oynaya bilərmi?
 
- Bir neçə pakistanlı şirkət artıq bərpa işlərində iştirak edir, azad edilmiş Qarabağın bütün bölgələrində genişmiqyaslı yenidənqurma davam edir. İnanıram ki, gələcəkdə belə əməkdaşlıqlar daha çox olacaq.
 
- Pakistan ilə Azərbaycan arasında isti münasibətlər tez‑tez müxtəlif rəvayətlərlə əlaqələndirilir. Məsələn, deyilənə görə, XX əsrin əvvəllərində azərbaycanlı neftxuda Hacı Zeynalabdin Tağıyev epidemya zamanı Pakistana peyvənd göndərib, beləliklə iki ölkə arasında dostluğun təməli qoyulub. Bu rəvayətin tarixi doğruluğunu təsdiqləmək çətin olsa da, sizcə, Pakistan və Azərbaycanı birləşdirən gerçək tarixi və müasir amillər hansılardır?
 
- Tarixi baxımdan ölkələrimiz türk və islam irsi vasitəsilə dil və mədəni əlaqələrə malikdir ki, bu da güclü qardaşlıq hissi yaradır. Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətləri yalnız tarixi bağlarla deyil, həm də ərazi bütövlüyünün qorunması, regional və beynəlxalq səviyyədə sülh, təhlükəsizlik və iqtisadi rifahın təşviqi kimi ortaq vizyonla möhkəmlənir. Xalqımız arasında mədəni, dil və dini bağlar əlaqəmizi daha da möhkəmləndirir.
 
Azərbaycan və Pakistan BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda güclü həmrəylik nümayiş etdirir. Diplomatlarımız hər gün demək olar ki, bütün beynəlxalq platformalarda, o cümlədən BMT‑də ortaq məqsədlərimizin həyata keçirilməsi, maraqlarımızın üst‑üstə düşməsi üçün əməkdaşlıq edirlər.
 
Bildirdiyim kimi, müasir dövrdə hər iki ölkənin rəhbərləri bu münasibətlərin daha da gücləndirilməsinə böyük önəm verir. Bütün sahələrdə daha geniş əməkdaşlıq üçün ölkələrimizin böyük potensialı var.
 
- Pakistan uzun illər Ermənistanın müstəqilliyini tanımayan ölkələrdən olub. Sizcə, Pakistanın Ermənistanın müstəqilliyini tanıması hansı geosiyasi və diplomatik səbəblərlə izah oluna bilər və bu addımın Cənubi Qafqaz regionuna və Pakistan-Azərbaycan münasibətlərinə təsiri nə ola bilər?
 
- Bu qərar Azərbaycan hökuməti ilə məsləhətləşmələr əsasında qəbul olunub və bizim əsas prioritetimiz həmişə Azərbaycan olacaq. Ən böyük diqqətimiz Azərbaycanın ərazi suverenliyinə yönələcək. Azərbaycan qardaş ölkədir və buna görə də bu məsələ bizim üçün ən yüksək prioritet daşıyır.
 
Ermənistanla bağlı hər hansı qərar isə yalnız Azərbaycan hökuməti ilə məsləhətləşmədən sonra veriləcək.
Chosen
21
2
moderator.az

3Sources