EN

İqlim paradoksu: Meşə yanğınları planet üçün faydalı ola bilər...

Yeni araşdırma yanğınların havanı təmizləyən təsirini üzə çıxarıb...

Poliqon xəbər verir ki, alimlər iqlim böhranının nəticələrindən biri olan genişmiqyaslı meşə yanğınlarının gözlənilməz faydasını aşkarlayıblar. PHYS.org portalının yazdığına görə, ABŞ və dünyanın müxtəlif bölgələrində intensivləşən yanğınlar sağlamlıq, ekologiya, infrastruktur və iqtisadiyyata ziyan vursa da, aparılan yeni araşdırma onların müəyyən şəraitdə müsbət təsir göstərə biləcəyini ortaya qoyub.

Tədqiqatda 2005–2015-ci illər arasında hava keyfiyyəti üzrə real məlumatlar analiz edilib, həmçinin detallı iqlim modelləri tətbiq olunub. Alimlər tüstü və yanğınlardan yayılan istiliyin atmosferə təsirini ayrıca araşdıraraq onların hava şəraitinə fərqli təsirlərini müəyyən ediblər.

Nəticələr göstərib ki, ABŞ-ın qərbindəki yanğınlardan qalxan istilik güclü hava axınları yaradır və bu axınlar atmosferin yuxarı qatında yerləşən sürətli axıntılar zolağında (strahlayner) dalğalanmalara səbəb olur. Bu proses qərbdən gələn sərin və rütubətli hava kütlələrinin zəifləməsinə, əvəzində isə Atlantik okeanından nəm gətirən şərq küləklərinin güclənməsinə yol açır. Beləliklə, ABŞ-ın şərq sahillərində yağıntı artır və yağışlar havadakı çirkləndiriciləri yuyaraq təmizləyir.

Araşdırmanın müəllifləri qeyd ediblər ki, əksər iqlim modellərində tüstü nəzərə alınsa da, istiliyin təsiri çox vaxt kənarda qalır. Bu isə yanğınların mənfi nəticələrinin şişirdilmiş şəkildə qiymətləndirilməsinə səbəb olur. Alimlərin hesablamalarına görə, istilik faktorunu nəzərə almamaq təkcə ABŞ-ın şərq bölgəsində 1200 əlavə vaxtsız ölüm və 3,3 milyard dollarlıq iqtisadi zərərin səhv proqnozlaşdırılmasına gətirib çıxarır.

Mütəxəssislər bildirirlər ki, meşə yanğınları hər nə qədər təhlükəli olsa da, onların bütün nəticələrini dərindən anlamaq vacibdir. Gələcək risk hesablamalarına istiliyin də daxil edilməsi siyasətçilərə, ekologiya mütəxəssislərinə və yanğınsöndürmə xidmətlərinə daha dəqiq və faydalı məlumatlar təqdim etməyə imkan verəcək.

Poliqon.info

Chosen
41
poliqon.info

1Sources