EN

“Orta təhsildə yazı işləri unudulub” Könül Aydın

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Məktəbi bitirən şagirdlərin yazı bacarıqları, hətta qrammatik qaydalardan istifadə bacarıqları yetərsizdir".

Redaktor.az xəbər verir ki, bu fikiri filologiya üzrə fəlsəfə doktoru Könül Aydın özünün feysbuk hesabında yazıb.

"Abituriyentlərə esse yazmağı öyrətmək istiqamətində apardığım təlimlərdə müşahidə etdiklərim üzücüdür. Yüksək qiymətlərlə oxuyan şagirdlərlə işləyirəm, hətta onların esse haqqında anlayışlarının olmadığını  müşahidə edirəm. Etiraf edirlər ki, məktəbdə sonuncu dəfə nə zaman imla, ifadə yazdıqlarını belə xatırlamırlar, nəinki esse. Ən yaxşı halda 5-6-cı siniflərdə esse adı ilə bir-iki dəfə nəsə yazdıqlarından danışır, amma onun necə bir yazı növü olduğu haqqında müəllimlərin məlumat vermədiklərini söyləyirlər. Bir sözlə,  şagirdlər məktəbi bitirəndə mətn qurmaq bacarığına malik olmurlar. Bu bir dərd, ondan da betəri əzbərlədikləri dil qaydalarını yazıda tətbiq edə bilməmələridir".

O, qeyd edib ki, abituriyentlərə esse yazdırmağı öyrədərkən məcbur olub paralel olaraq dil qaydalarının tətbiqinə də kifayət qədər vaxt ayırır:

"Çünki 11-ci sinfə çatanlar bu bacarıqdan da məhrumdurlar. Təhsilə önəm  verən şagirdlər belə bir çox dil qaydalarını tətbiq edə bilmirlər. Müşahidə etdiyim tipik səhvləri qeyd edirəm:

- da, də, ki, həm də bağlayıcılarını bitişik yazmaq, işləndiyi məqamlarda vergüldən düzgün istifadə etməmək;

- ayrı və tire ilə yazılan mürəkkəb sözləri səhv yazmaq;

- mürəkkəb cümlələr arasında vergüldən istifadə etməmək;

- amma, lakin, çünki bağlayıcılarından istifadə edərkən vergül qoymamaq və ya yanlış qoymaq;

- modal sözlərin istifadəsində vergül qoymamaq və ya yanlış qoymaq; 

- vasitəsiz nitq zamanı durğu işarələrindən yanlış istifadə və s..

Bir sözlə, yazının düzgünlüyü üçün tələb olunan qaydaların əksəriyyətini tətbiq edə bilmirlər. 

Dərslərində müşahidə etdiyim qüsurlardan biri də təhsil səviyyələrinə uyğun cümlə konstruksiyalarından istifadə edə bilməmək, yazılı nitqlərinin bəsitlliyidir. Bundan da əlavə, abituriyentlərin sadə ictimai mövzularda dünyagörüşlərinin də zəif olduğunu, müstəqil fikrə malik olmadıqlarını müşahidə edirəm. Sanki bu uşaqlar düşündürülməyiblər, adi məişət mövzusunda belə müzakirəyə cəlb olunmayıblar. Bunlar çox  böyük problemlərdir, amma uşaqların zehni qabiliyyətinin problemi deyildir. 

Təlimlərimdə uşaqların istedadlı olduqlarını, verdiyim dərsləri tez qavradiqlarını müşahidə edirəm. Az zamanda onlar həm yaradıcı yazıları mənimsəyir, həm də dil qaydalarının tətbiqinə vərdiş edirlər. Demək ki, problem təhsildədir. Kimin qüsurudur? 

Şagirdlərin məktəbi bitirərkən  yazılı nitqinin formalaşmamağı təhsil sisteminin qüsurudur. Buraxılış və ya qəbul imtahanı hədəfi təhsil şagirdləri gerçək savadlı şəxsiyyət kimi yetişməkdən məhrum qoyur. Təhsil imtahan naminə deyil, şəxsiyyətin formalaşması naminə verilməlidir. Nitq bacarığı şəxsiyyətin formalaşmasında mühüm amildir. Bundan məhrum olan insanlar həyatda hər zaman özlərini yetərsiz hiss edəcəklər.

Problemi necə həll etməli? Bu sual üzərində düşünüb tövsiyələrimi ayrıca paylaşaram".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
1
redaktor.az

2Sources