EN

Qarabağın dirçəlişi planlı şəkildə həyata keçirilir

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Ceyhun Məmmədov: "Hər açılışda Cənab Prezidentin iştirakı, onun verdiyi mesajlar Azərbaycan xalqının gələcəyə inamını daha da artırır"

Regionların inkişafı Qarabağın işğaldan azad edilməsi ilə yeni mərhələyə qədəm qoyub. Azərbaycan dövlətinin qarşısında Qarabağın aran və dağlıq hissəsi də daxil olmaqla, Şərqi Zəngəzur iqtisadi zonasının dirçəldilməsi kimi mühüm vəzifə dayanır. Vətən savaşındakı tarixi Qələbəmizə qədərki dövrdə ölkənin digər regionlarında görülən işlər - infrastrukturların yenilənməsi, quruculuq, abadlıq işləri, yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi, səhiyyə, təhsil müəssisələri, mədəniyyət ocaqlarının inşa edilməsi, turizmin inkişafı üçün münbit şərait yaradılması istiqamətində sürətli sosial-iqtisadi inkişaf göz qabağındadır. Sosial-iqtisadi proses daimi xarakter daşıdığından işlər bu gün də uğurla davam edir.

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfərləri hər dəfə yeni-yeni yaşayış komplekslərinin açılışı, müxtəlif xarakterli infrastruktur layihələrin istifadəyə verilməsi, digərlərinin isə təməlqoyma mərasimləri ilə yadda qalır. Məqsəd 30 il doğma yerlərindən didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına əbədi qayıdışına nail olmaqdır. 2021-ci ildən etibarən dövlət bu istiqamətdə qətiyyətli işlər görür. Şuşa, Xankəndi, Ağdam, Kəlbəcər və digər rayonlar bu gün faktiki, böyük tikinti meydanıdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 15-də Xocalı rayonunun Badara kəndinə səfəri və Badara, Daşbulaq, Seyidbəyli, Şuşakənd kəndlərinin sakinləri ilə görüşü azad edilmiş ərazilərdə həyata keçirilən sosial-iqtisadi bərpa işlərinin önəmli mərhələsini əks etdirir. Dövlət başçısının çıxışında vurğuladığı kimi, uzun illər işğal altında qalmış Qarabağ torpaqlarına qayıdan sakinlər indi yalnız doğma yurdlarına deyil, həm də müasir infrastrukturla təmin edilmiş yaşayış mühitinə qovuşurlar. Bu proses təkcə humanitar və siyasi məsələ deyil, həm də regionların sosial-iqtisadi inkişafına yönəlmiş dövlət siyasətinin əsas sütunlarından biridir. Prezident İlham Əliyev qeyd edib ki, azad edilmiş bölgələrdə inşa olunan evlər, yeni yollar, qaz, elektrik və içməli su infrastrukturu yalnız sakinlərin rahat yaşayışını təmin etmir, həm də iqtisadi fəaliyyətin, kənd təsərrüfatı və xidmət sahələrinin canlanmasına zəmin yaradır. Qarabağ və Şərqi Zəngəzur bu gün təkcə yaşayış məskənlərinin deyil, həm də sosial-iqtisadi infrastrukturun – məktəblərin, xəstəxanaların, universitetlərin, mədəni və dini obyektlərin – yenidən qurulduğu geniş tikinti meydançasına çevrilib. Bu isə bölgənin dayanıqlı inkişafına, yeni iş yerlərinin açılmasına və yerli iqtisadiyyatın güclənməsinə imkan yaradır. Dövlət başçısının çıxışında xüsusi vurğulanan məqam odur ki, bütün bu proseslərin mərkəzində insan amili dayanır. Uzun illər məcburi köçkün həyatı yaşamış sakinlər indi dövlət tərəfindən yaradılan şərait sayəsində öz doğma torpaqlarında daimi və firavan yaşayış imkanına malikdirlər. Bu, Azərbaycanın “Böyük Qayıdış” konsepsiyasının uğurla reallaşdırılmasının bariz nümunəsidir və bölgənin sosial-iqtisadi inkişafının əsas istiqamətlərini müəyyən edir.

Prezidentin qeyd etdiyi kimi, Qarabağın və Şərqi Zəngəzurun bərpası təkcə yaşayış evləri və infrastruktur layihələri ilə məhdudlaşmır. Burada iqtisadi inkişaf, məşğulluq, sahibkarlığın stimullaşdırılması, kənd təsərrüfatının modernləşdirilməsi və investisiya layihələrinin həyata keçirilməsi prioritet olaraq müəyyən edilib. Eyni zamanda, mədəni və dini irsin bərpası bölgənin sosial dirçəlişini gücləndirir, vətəndaşların və gələcək nəsillərin tarixi-mədəni dəyərlərlə bağlılığını möhkəmləndirir. Bir sözlə, Prezident İlham Əliyevin Badara kəndindəki görüşü və səsləndirdiyi fikirlər göstərir ki, Qarabağ və Şərqi Zəngəzur yalnız ərazi bütövlüyünün bərpasını deyil, həm də dayanıqlı sosial-iqtisadi inkişafın, mədəni dirçəlişin və firavan həyatın təmin edilməsini əhatə edən geniş strateji layihələr məkanına çevrilib. Bu, Azərbaycanın bölgələr üzrə inkişaf modeli və milli tərəqqi strategiyasının uğurla reallaşmasının bariz nümunəsidir. 

Millət vəkili Ceyhun Məmmədov Sherg.az-a  açıqlamasında bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin Qarabağa mütəmadi səfərləri artıq ənənəvi xarakter alıb. Hər bir səfər həm dövlətimizin gücünü, həm də xalqımızın iradəsini nümayiş etdirir:

 "Cənab Prezidentin mütəmadi Qarabağ və Şərqi Zəngəzura səfərləri, orada aparılan işlərə birbaşa nəzarəti çox mühüm məqamdır. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra dövlət başçısının Qarabağ və Şərqi Zəngəzura yüzlərlə səfərləri reallaşıb. Nəzərə alaq ki, cənab Prezidentin Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində yeni obyektlərin, yolların təməli qoyulur, yaxud açılışı edilir. Ümumən, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir və hərtərəfli infrastruktur qurulur. Bu da Qarabağ və Şərqi Zəngəzur bölgəsinin iqtisadi-sosial dirçəlişinə və inkişafına səbəb olur. Qarabağ torpaqlarında aparılan genişmiqyaslı quruculuq və bərpa işlərinin hər mərhələsi şəxsən Cənab Prezidentin nəzarəti altındadır. Bu, bir daha göstərir ki, Qarabağın dirçəlişi təsadüfi deyil, planlı şəkildə, dövlətin gücü və xalqın birliyi ilə həyata keçirilir. Qısa müddət ərzində azad edilmiş torpaqlarımızda böyük inkişaf və dəyişikliklər göz önündədir. Uzun illər işğalda qalan şəhər və kəndlərimiz sürətlə gözəlləşir, həyat qayıdır. Müasir infrastruktur, yeni yollar, hava limanları, məktəblər, xəstəxanalar, yaşayış binaları və digər sosial obyektlərin açılışı həyata keçirilir. Hər açılışda Cənab Prezidentin iştirakı, onun verdiyi mesajlar Azərbaycan xalqının gələcəyə inamını daha da artırır. Burada mühüm məqam ondan ibarətdir ki, bütün bu işlərin hamısı məhz Azərbaycanın öz gücü, öz iqtisadi potensialı hesabına icra olunur. Heç bir xarici yardıma, heç bir kənar dəstəyə ehtiyac duyulmadan, dövlətimizin güclü iradəsi ilə Qarabağ dirçəlir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar da diqqət mərkəzindədir. Uzun illər davam edən münaqişənin arxada qalması, regionda sülhün və təhlükəsizliyin bərqərar olunması üçün Azərbaycan konstruktiv mövqeyini nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan danışıqlar prosesi göstərir ki, sülhün əsas şərti ədalət və beynəlxalq hüququn tələblərinin təmin olunmasıdır. Bununla yanaşı, Türkiyə-Ermənistan münasibətlərində də yeni dinamika müşahidə olunur. Azərbaycanın qardaş Türkiyə ilə möhkəm həmrəyliyi və birgə mövqeyi bu prosesdə həlledici rol oynayır. Ankara və Bakı hər zaman olduğu kimi bu məsələdə də eyni xətti tutur. Azərbaycanın uğurları, Qarabağda həyata keçirilən nəhəng layihələr həm də Türkiyə-Ermənistan münasibətlərinin gələcəyinə müsbət təsir göstərir. Beləliklə, Qarabağda həyata keçirilən bərpa və quruculuq işləri təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm əhəmiyyət daşıyır. Bütün bu nəhəng işlərin mərkəzində isə bir amil dayanır – Cənab Prezidentin uzaqgörən siyasəti, şəxsi nəzarəti və qətiyyətli iradəsi. Bu gün Qarabağ sürətlə dirçəlir, inkişaf edir və yaxın gələcəkdə dünyanın ən gözəl bölgələrindən birinə çevrilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
sherg.az

1Sources