EN

Birlikdə yaratmaq, birlikdə qorumaq!

ain.az, Yeniazerbaycan saytına istinadən bildirir.

İctimai və dövlət maraqlarının vəhdəti...

İctimai və dövlət maraqlarının qorunması hər bir müstəqil və hüquqi dövlətin əsas funksiyalarından biridir. Bu anlayış həm vətəndaşların ümumi rifahını, hüquq və azadlıqlarını, həm də dövlətin suverenliyi, təhlükəsizliyi və konstitusiya quruluşunun sabitliyini əhatə edir. Ekspertlərə görə, bu maraqların qorunması yalnız hüquqi çərçivə ilə deyil, həm də siyasi, sosial və mədəni mexanizmlərlə təmin olunur.

İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyası dövlət və ictimai maraqların hüquqi əsaslarını müəyyənləşdirən əsas sənəddir. Konstitusiya və digər normativ hüquqi aktlar vasitəsilə dövlətin və vətəndaş cəmiyyətinin qarşılıqlı məsuliyyətləri tənzimlənir. Bu sənədlərdə həmçinin milli təhlükəsizlik, ictimai asayiş, ətraf mühitin mühafizəsi, informasiya təhlükəsizliyi kimi sahələrdə maraqların necə qorunduğu ətraflı şəkildə göstərilir.

Bu maraqların qorunmasında hüquq-mühafizə orqanları və xüsusi xidmət qurumlarının rolu xüsusilə önəmlidir. Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və digər aidiyyəti strukturlar hüquqa zidd fəaliyyətlərin qarşısının alınması, milli maraqlara qarşı yönəlmiş təhdidlərin neytrallaşdırılması və ictimai sabitliyin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirirlər.

Hesabatlılıq mexanizmləri böyük əhəmiyyət kəsb edir

Mövzuya dair “Yeni Azərbaycan”a açıqlama verən Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni bildirib ki, ictimai və dövlət maraqlarının qorunmasında vətəndaş cəmiyyətinin rolu danılmazdır: “Medianın fəaliyyəti, vətəndaşların sosial aktivliyi və qeyri-hökumət təşkilatlarının təşəbbüsləri ictimai maraqların müdafiəsinə töhfə verir. Bu baxımdan, şəffaflıq, açıq hökumət prinsipləri və hesabatlılıq mexanizmləri mühüm əhəmiyyət kəsb edir. Dövlət və cəmiyyət arasında güclü əməkdaşlıq mexanizmi qurulmadığı halda, ictimai maraqların tam şəkildə qorunması mümkün deyil.

Müasir dövrdə bu sahədə qarşıya çıxan əsas çağırışlardan biri də informasiya təhlükəsizliyi və dezinformasiyanın yayılmasıdır. Qloballaşma və texnologiyaların sürətli inkişafı nəticəsində dövlət maraqlarına qarşı yönələn təhdidlər yeni formalar alır. Bu səbəbdən, hüquqi çərçivənin daim yenilənməsi, kibertəhlükələrə qarşı effektiv mübarizə və vətəndaşların maarifləndirilməsi vacibdir”.

R.Zeyni vurğulayıb ki, dövlət və ictimai maraqlar dedikdə ilk növbədə vətəndaşın rifahı nəzərdə tutulur: “Dövlətin sosial siyasəti çərçivəsində həyata keçirilən vətəndaşlara yönəlmiş layihələr, şəhid ailələrinin, qazilərin, veteranların sosial təminatı, mənzil və digər ehtiyaclarının ödənilməsi -bütün bunlar ictimai maraqla birbaşa bağlıdır.

Vətəndaşın rifahı yüksəkdirsə, dövlət güclüdür, ona görə də ictimai maraqla dövlət marağı üst-üstə düşməlidir. Dövlətin bu istiqamətdə gördüyü işlər qanunvericilik, sosial təminat, ədalətli və şəffaf idarəçilik kimi sahələri əhatə edir”.

Mühüm təbliğat aparılır

Mərkəz sədrinin sözlərinə görə, ictimai və dövlət maraqlarının qorunması istiqamətində ölkəmizdə davamlı şəkildə maarifləndirmə işi aparılır və vətənpərvərlik ideologiyasının gənclər arasında təbliğatı yönündə addımlar atılır: “İstər orta məktəbdə, istər ali məktəbdə, istərsə də hər hansı təhsil ocağında azərbaycançılıq ideologiyasının təbliği, vətənpərvərlik ruhunda gənclərin tərbiyə alması, ictimai və dövlət maraqlarının qorunması barədə kifayət qədər təbliğat aparılır, maarifləndirmə həyata keçirilir. Belə bir şərəfli yolda, ictimai və dövlət maraqlarımızın, milli maraqlarımızın, mənafelərimizin, dəyərlərimizin qorunması yolunda gənclərimizin canından, qanından keçdiyinin də hər kəş şahidi oldu”.

Milli təhlükəsizliyin təminatı

R.Zeyni həmçinin demokratikləşmə, şəffaflıq və vətəndaşların dövlət və cəmiyyətin inkişaf proseslərində fəal iştirakı kimi amillərin ictimai və dövlət maraqlarının müdafiəsində vacib olduğunu söyləyib: “İslahatların gedişi barədə xalqın məlumatlandırılması və hökumətin bu proseslərdə hesabatlı olması kimi prinsiplər onun əsas prioritetlərindədir.

Bu maraqların qorunması yalnız dövlət orqanlarının deyil, eyni zamanda cəmiyyətin bütün üzvlərinin - vətəndaşların, media nümayəndələrinin, müəllimlərin və gənclərin ortaq məsuliyyətidir. İctimai və dövlət maraqlarının müdafiəsi ümumi milli təhlükəsizliyin təminatıdır və hər bir fərdin rifahına xidmət edir”.

Yeganə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
39
1
yeniazerbaycan.com

2Sources