EN

Alternativ hərbi xidmət gündəmdə - qanunda var, amma...

Hərbi ekspert: “Vətəndaşlar istənilən ekstremal vəziyyətə hazır olmalıdır”

Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində yenidən alternativ hərbi xidmətlə bağlı müzakirələr aparılır. Bu xidmət hərbi xidmətə qarşı dini, mənəvi və ideoloji səbəblərdən etiraz edən şəxslərə təklif olunur və onlar hərbi xidmət yerinə başqa bir ictimai xidmət göstərir. 

Xatırladaq ki, ötən il həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həm də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə bununla bağlı müraciətlər edilib. Belə ki, ölkədə 15-16 nəfərə yaxın vətəndaş alternativ hərbi xidmət üçün müraciət edib. Ancaq bu barədə qanun olmadığı üçün Azərbaycanda alternativ hərbi xidmət praktiki olaraq mümkün deyil.

Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu bildirib ki, Azərbaycan gəncləri hərbi xidmət keçmək istəyirlər: “Alternativ hərbi xidmət müxtəlif ölkələrdə tətbiq olunan təcrübədir. Ancaq Azərbaycan gəncləri və onlardakı yüksək vətənpərvərlik hissiyyatı alternativ hərbi xidmətin bir zərurət olduğunu aktuallaşdırmır. Yəni hər bir Azərbaycan gənci hərbi xidmətə getmək istəyir və bu, onların haqqıdır. Biz 44 günlük müharibədə də buna şahidlik etdik. Azərbaycan gənclərinin vətənə xidmət haqqını onların əlindən almaq düzgün olmazdı”.

Deputat düşünür ki, alternativ hərbi xidmət haqda qanuna ehtiyac yoxdur: “Çünki Azərbaycan xalqı ordu-xalqdır, döyüşkəndir. Hər bir Azərbaycan gənci ordu sıralarından keçərək mətinləşmək, hərbi təcrübə qazanmaq istəyir”.

Qeyd edək ki, alternativ hərbi xidmət dedikdə arxa cəbhədə silahsız xidmət nəzərdə tutulur. Bu xidmət növü Azərbaycan Konstitusiyasında da təsbit olunub, ancaq hələlik qanun qəbul edilməyib. 

Azərbaycan sülh sazişinin mətnini Ermənistanla paraflayıb. Artıq yekun sülh müqaviləsinin imzalanması gözlənilir. Bundan sonra hərbi eskalasiya riskləri minimuma endirilib. O baxımdan yanaşdıqda alternativ hərbi xidmətə keçmək zamanıdırmı? 

Telman

Telman Qasımov

Hərbi ekspert Telman Qasımov “Yeni Müsavat”a açıqlamasında alternativ hərbi xidmətin əleyhinə olduğunu bildirdi: “Avqustun 8-də Vaşinqtonda sülh müqaviləsi paraflandıqdan sonra sərhəd xətti boyunca sakitlikdir. Bir güllə də atılmır. Digər tərəfdən, buna arxayın olub alternativ hərbi xidmətə keçid etmək, yaxud hərbi xidmət müddətini azaltmaq da doğru deyil. Bunu mərhələ-mərhələ tətbiq edib yoxlamaq lazımdır. Əgər nəticə effektiv olsa, xidmətlərdə problem yaranmır, bu məsələni gündəmə gətirmək olar. Çağırışçıları tamamilə hazırlıqsız saxlamaq da düzgün deyil. Alternativ xidmət əvəzinə, hərbi xidmətin müddətini azaltmaq olar.  Məsələn, 1 il 6 aylıq xidməti 12 aya endirmək olar. Amma 12 aylıq xidmətin müddətini azaltmaq olmaz. Fərqi yoxdur, ali təhsilli ya təhsilsiz, hər kəs üçün xidmət müddətini 12 ay etmək olar. Alternativ hərbi xidmət aşağı büdcəli şəxslər üçün də məhdudiyyət yaratmayacaq. Onlar banka gedib kredit götürəcəklər, yaxud hər hansı başqa yolla pul tapa biləcəklər. Belə olan halda orduda kim qalacaq? Bu, çox ağır nəticələr verəcək. Ona görə hesab edirəm ki, hərbi mundiri geymək lazımdır. Elə ölkələr var ki, müharibə görməyib, amma ordusu var. Vətəndaşlar istənilən ekstremal vəziyyətə hazır olmalıdırlar. Azərbaycanla həmsərhəd ölkələr Ermənistan, İran, Rusiyadır. Yəni dost ölkələrlə yanaşı, bizə xoş münasibəti olmayan ölkələrlə qonşuyuq. Buna görə də birmənalı şəkildə Azərbaycanda alternativ hərbi xidmətin əleyhinəyəm. Əgər qanun qəbul olunsa, varlıların, vəzifəlilərin övladlarına aid olacaq. Təklifləri hərtərəfli araşdırıb qərar vermək lazımdır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Chosen
40
1
musavat.com

2Sources