EN

Aeroportdan Bakıya taksi qiymətini 15-20-dən 50-70 manata qaldırmaq böyük məsuliyyətsizlikdir...


Son günlər Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətin qoyulduğu haqda iddialar yayılıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, xəbərdarlıq "Uber", "Bolt" və tətbiqlə sifariş qəbul edən digər sürücülərə göndərilib. İddialara görə, sentyabrın 8-dən hava limanı istiqamətinə taksi sifarişi mümkün olsa da, hava limanından şəhər istiqamətinə sifariş qəbul edilmir. Məlumatda o da əlavə edilib ki, şirkət tərəfindən də sifarişlər olmayacaq.

Aeroportdan "Uber" və "Bolt"un çıxması ilə orda şəhərə taksi qiymətləri 15-20 manatdan 50-70 manata qalxıb.

Bəzi sərnişinlər bizimlə söhbətdə bildirdilər ki, hava limanından şəhərə gəlmək üçün qiymətlər 40 manatdan 70 manatadəkdır. Qiymətlərin bahalığından şikayət edən şəxslər qeyd edirlər ki, "Bolt" və "Uber"in vaxtında normal qiymətə gəlmək olurdu. Yəni məsafədən aslı olaraq bu, 15-25 manata başa gəlirdi, indi isə qiymət 40 manatdan başlayır.

Yeri gəlmişkən, baş verənlərlə bağlı ortada birmənalı mövqe yoxdur. Bəziləri iddia edir ki, guya "Bolt" da, "Uber" də rahat şəkildə hava limanına girib-çıxır, heç bir məhdudiyyət və qiymət artımı yoxdur.

Bu narazılığı kimlər yaradır? Bu kimin təxribatıdır? Belə qiymət olar?

Bunu edənlər hansı məqsədi güdürlər?

Elməddin Muradlı: "Rəsmi olaraq heç bir qiymət artımından söhbət getmir"

Nəqliyyat ekspeti Elməddin Muradlı "Bakı-Xəbər"ə bildirdi ki, orda 40-50 manata taksi yoxdur. "AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən atılan addımın elə hədəfi bu idi ki, 40-50 manat alıb adamları soyanlar olmasın. Qiymətlər 20-23 manatdan başlayır və məsafəyə görə dəyişir. Əlbəttə, şəhərin bu başından o başına getsən 40-50 manat hesablanacaq. Adi vaxtda hava limanına guya 10 manata gedilirdi? Yaxın məsafədən bəlkə də gedilirdi, amma uzaq məsafəyə tamam başqa qiymət hesablayır. Orda heç kim qiyməti artırmayıb. Yəni rəsmi olaraq heç bir qiymət artımından söhbət getmir. Sadəcə olaraq keyfiyyətli premium taksilər olacaq. "Bolt" da, "Uber" də, "Yango" da, 189, "Bakı taksi" və sair hamısı orda fəaliyyət göstərir. Hətta orda "Bakı taksi" terminalları quraşdırılıb. Gediş haqqı nə yazırsa terminalda həmin pulu ödəyirsən oturub taksiyə gedirsən. Amma əvvəllər orda kimsə otururdu ağlına gələn qiyməti deyirdi. Məsələn, qarşımıza videolar çıxır, turistlər paylaşır. Tutalım, hava limanından yaxın məsafəyə sistemdə 7 manat vururdu, yaxud 15-20 manat yazırdı, sürücü deyirdi ki, 30 manat verməlisən.

Burda bu neqativlərin qarşısı alınır. Bunun yaxşı tərəfləri çoxdur. Ancaq bizimkilər yalnız pis tərəfindən danışır".

E.Muradlı qeyd etdi ki, hava limanının rəsmi açıqlamasında biz hər şeyi açıq gördük, söhbət keyfiyyət artımından gedir və proses bu yöndə davam edir.

Akif Nəsirli:"Belə vəziyyətlər adətən maraqlar toqquşmasından qaynaqlanır"

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli "Bakı-Xəbər"ə bildirdi ki, paylaşılan xəbərə diqqət yetirsək, əslində ortada iki fərqli yanaşma görünür: "Sosial şəbəkələrdə yayılan iddialara görə, “Uber”, “Bolt” kimi tətbiqlərlə çalışan sürücülərə guya hava limanından şəhərə sifariş götürməmələri barədə xəbərdarlıq göndərildiyi iddia olunur.

Bəzi sürücülər də ehtiyatlanaraq sifariş qəbul etmədiklərini bildiriblər. Onların fikrincə, məqsəd hava limanında fəaliyyət göstərən rəsmi “London taksiləri”nə üstünlük vermək ola bilər.

Digər tərəfdən rəsmi açıqlamalara diqqət yetirək. Hava limanı rəhbərliyi hər hansı məhdudiyyət olmadığını, sadəcə sərnişinlərin rahatlığı üçün xidmətlərin təkmilləşdirildiyini bəyan edir.

“Bolt” bu həftə rəsmi mövqeyini açıqlayacağını bildirib, “Uber” isə hələ şərh vermir. Belə vəziyyətlər adətən maraqlar toqquşmasından qaynaqlanır. Hava limanında rəsmi lisenziyalı taksilərin (məsələn, “London taksi”ləri) fəaliyyəti uzun müddətdir mövcuddur və onların daha yüksək qiymətləri var. Tətbiqlə çağırılan taksilər isə sərnişinlər üçün ucuz alternativdir. Bu da hava limanının “rəsmi tərəfdaş” taksilərinin gəlirinə təsir edir. Ona görə də, sosial şəbəkələrdə yayılan iddialar müəyyən dərəcədə real maraq zəminində formalaşa bilər. Yəni ya qeyri-rəsmi məhdudiyyətlər tətbiq olunub, ya da sürücülər öz aralarında anlaşılmazlıq və təzyiq hiss edirlər.

Hava limanı rəhbərliyi isə bunu rəsmi şəkildə inkar edir, çünki açıq məhdudiyyət ictimaiyyətdə narazılıq yaradar.

Nəticə olaraq qeyd edək ki, hazırda ortada rəsmi təsdiq olunmuş qadağa yoxdur, amma vəziyyət tam aydın da deyil. Əgər yaxın günlərdə “Bolt” və “Uber” rəsmi açıqlama versələr, məsələnin real səbəbləri ortaya çıxacaq".

İradə SARIYEVA

Chosen
8
baki-xeber.com

1Sources