EN

Avropada ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş vermədiyi yeganə şəhər Helsinki olub

Berlin, 15 sentyabr, AZƏRTAC

Finlandiyanın paytaxtı Helsinki ötən il ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayına görə Avropa paytaxtları arasında ilk sıradadır.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Helsinkinin küçələrində ötən il yol-nəqliyyat hadisələri nəticəsində heç bir ölüm faktı qeydə alınmayıb. Bu şəhərdə ölümlə nəticələnən sonuncu yol-nəqliyyat hadisəsi 2023-cü ilin iyulunda baş verib.

Bu nəticəyə Avropanın heç bir paytaxt şəhəri nail ola bilməyib. Bu göstərici Osloda 4, Berlində 55, Vyanada 20, Romada isə 154 olub. Ümumilikdə Avropa İttifaqında ötən il yol-nəqliyyat hadisələri nəticəsində 19 min 800 nəfər ölüb.

Helsinkinin bu uğurunun “Tempo 30” siyasəti ilə bağlı olduğu bildirilir. Şəhərin küçələrinin 60 faizindən çoxunda 2018-ci ildən 30 m/saat sürət həddi tətbiq edilir. Nəticədə 1980-ci illərin sonunda ildə 1000-dən çox qəza və 30 ölüm faktı qeydə alınırdısa, hazırda ölüm halı yoxdur və cəmi 277 nəfər xəsarət alıb. Bundan başqa şəhərdə hərəkət zolaqları yenidən qurulub, kəsişmələr təhlükəsizləşdirilib, görmə bucaqları yaxşılaşdırılıb, işıqforlar yenidən tənzimlənib. Həmçinin yolayrıcları, rəngli velosiped zolaqları və təhlükəsiz keçidlər də ölüm hallarının azaldılmasına kömək edir. Finlandiyada cərimələr gəlirə uyğun hesablanır. Sürücülük imtahanı çox sərtdir və bütün ikitəkərli nəqliyyat vasitələri üçün dəbilqə taxmaq məcburidir. Finlandiyada həftəsonu spirtli içki qəbul edənlərin çox olması ilə əlaqədar skuterlərin icarəsi qadağandır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Chosen
2
azertag.az

1Sources