EN

20 min dollarlıq analıq: Təklifi qəbul etsəniz...

Son zamanlar sosial şəbəkələrdə surroqat ana təklifləri artıb.

Azərbaycan qanunvericiliyinə görə, surroqat ana fəaliyyətini təşkil etmək və ya bu məqsədlə xaricə getmək ciddi qanun pozuntusu hesab olunur. Eyni zamanda, dövlət bu sahədə nəzarəti gücləndirərək, hüquqi müdaxilə imkanlarını aktiv şəkildə tətbiq edir.

Bu cür təkliflər verən və ya qəbul edib xaricə gedən şəxslər Azərbaycan qanunvericiliyinə görə hansı hüquqi məsuliyyətlə üzləşə bilərlər?

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirib ki, surroqat analıq insan alverinin bir elementi hesab olunur:

“Şəxsən mən sosial şəbəkədə belə elanlarla rastlaşmamışam, amma düşünürəm ki, əgər bu cür elanlar varsa, onlar mütləq şəkildə araşdırılmalıdır. Çünki surroqat analıq ölkəmizdə geniş yayılmasa da, əldə olunan məlumatlar göstərir ki, gələcəkdə bu sahə ilə bağlı kifayət qədər problemlər yarana bilər.

Hüquqda “insan alveri” anlayışı mövcuddur. İnsan alveri — zor tətbiq etmək, zor tətbiq etmək hədəsi, hədə-qorxu, aldatma, digər məcbur etmə vasitələri ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığını almamaq üçün maddi və ya digər nemətlər, imtiyazlar və güzəştlər verməklə və ya almaqla şəxsin istismar olunması məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir”.

Onun sözlərinə görə, kimlərsə  bu prosesə insanları cəlb edib maddi qazanc əldə etməyə çalışır:

“Ümumilikdə insan alverinin tərifində bir neçə element nəzərdə tutulur. Əsas element ondan ibarətdir ki, mütləq istismar məqsədi olmalıdır. Surroqat analıq da istismar məqsədi daşıdığı üçün insan alverinin elementlərindən biri hesab olunur və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə cəzalandırılması nəzərdə tutulur.

Bununla yanaşı, digər elementlər də olmalıdır — zor tətbiqi, aldatma və sair. Sualda qeyd edildiyi kimi, vətəndaşlar öz xoşları ilə surroqat ana olmağı qəbul edirlər, bu missiyanı könüllü üzərlərinə götürürlər. Kimlərsə isə bu prosesə insanları cəlb edib bundan maddi qazanc əldə etməyə çalışırlar. Bəziləri düşünə bilərlər ki, burada cinayət tərkibi yoxdur, çünki heç kim zor tətbiq etmir və ya məcbur etmir, şəxs özü razılıq əsasında bu prosesə qoşulur”.

Hüquqşünas qeyd edib ki, insan alveri məsələləri çox mürəkkəbdir, onların araşdırılması isə kifayət qədər vaxt və güc tələb edir:

“Amma qeyd etdiyim kimi, insan alverinin iki mühüm elementi burada əks olunur. Birincisi , istismar faktı var. Şəxs razılıq versə belə, bu, istismar hesab olunur. İkincisi isə zəiflik mövqeyindən istifadədir. Yəni surroqat analığı sifariş edən şəxs qarşı tərəfin maddi durumunun aşağı olmasından faydalanaraq bu addımı atır. Həmin şəxs pula və işə ehtiyacı olduğu üçün belə elanlara müsbət cavab verir. Öz istəyi ilə olsa belə, zəif mövqedə olan insandan maddi nemətlər qarşılığında istifadə edilirsə, bu, istismar hesab olunmalı və surroqat analıq insan alveri cinayəti kimi qiymətləndirilməlidir.

Bu, mənim subyektiv fikrimdir. Hesab edirəm ki, əgər belə elanlar varsa, müvafiq orqanlar tərəfindən araşdırılmalıdır: kimlər bu elanları verir, məqsədləri nədir, ola bilsin ki, arxasında tamam fərqli niyyətlər dayanır. İnsan alveri məsələləri çox mürəkkəbdir, onların araşdırılması isə kifayət qədər vaxt və güc tələb edir. Ona görə də belə elanlar paylaşan şəxslər ilk gündən nəzarətə götürülməli və ciddi araşdırılmalıdır”.

Chosen
18
2
cebheinfo.az

3Sources