EN

Z nəslinin inqilabı Asiyada yayılır...

Nepalda gəncliyin etirazları ilə siyasi elita devrildi...

Nepal, Asiyanın ən gənc ölkələrindən biri son həftələrdə Z nəslinin küçələrdə başlatdığı kütləvi etirazlarla siyasi zəlzələ yaşadı. Ölkədə sosial şəbəkələrin qadağan olunması ilə başlayan aksiyalar hökumət binalarının yandırılmasına, barrikadaların qurulmasına və nəhayət, baş nazir K.P. Şarma Olinin istefasına səbəb oldu.

Katmandu küçələrində hələ də etirazların izləri qalmaqdadır: musson yağışları altında yuyulan qan ləkələri, talan olunmuş siyasətçilərin iqamətgahları, tüstülənən dövlət binaları...

Parlament binasının divarında markerlə yazılmış şüar isə prosesin rəmzinə çevrilib: “Buradan sonra yalnız Gen Z olacaq. Korrupsiyalaşmış liderlər ölkədən qovulacaq. Yaşasın Nepal, yaşasın Gen Z!”.

Qanlı etirazların başlanğıcı

İlk etirazlar sosial şəbəkələrin bloklanması ilə başladı. Bu qərar illərdir yığılan gənclik narazılığını alovlandırdı. Gənclərin çoxu hakim elitanı korrupsiyada və xalqdan uzaq həyat sürməkdə ittiham edirdi.

Cəmi iki gün davam edən qarşıdurmalarda 51 nəfər həlak olub, 1 400-ə yaxın insan yaralanıb. 24 yaşlı hüquq fakültəsi tələbəsi Anjali Şah hadisələri belə izah edir:

“Onlayn bizi sustura bilərlər, amma küçələrdə susmayacağıq. Vergilərimizin hara xərcləndiyini bilmək haqqımızdır. Onlar dövlət qulluqçusu maaşı ilə bu dəbdəbəli həyatı necə yaşayır? Biz isə gündəlik dolanışığa güclə çatırıq.”

Nepalda orta yaş cəmi 25-dir. Bu göstərici Asiya üzrə ortalama 32 yaşdan xeyli aşağıdır. Beləliklə, ölkədə gəncliyin payı dominantdır və hakimiyyətə qarşı ən güclü təzyiq də məhz onlardan gəlir.

Regional domino effekti

Nepaldakı hadisələr Asiyada gəncliyin güclənən siyasi təsirinin sonuncu nümunəsidir. 2022-ci ildə Şri-Lankada gənclərin rəhbərlik etdiyi etirazlar prezident Qotabaya Rajapaksanı ölkədən qaçmağa məcbur etdi. 2024-cü ildə isə Banqladeşdə Dəkkə Universitetinin tələbələri avtoritar lider Şeyx Hasinanı devirdi. İndoneziyada da parlamentin özünə böyük güzəştlər verməsi gənclərin küçələrə axışmasına səbəb olmuşdu.

Ekspertlər hesab edir ki, bütün bu hadisələri birləşdirən ümumi amil — köhnəlmiş siyasi elitaya qarşı gənclərin üsyanı, işsizlik və korrupsiyadır.

Banqladeş Sülh və Təhlükəsizlik Tədqiqatları İnstitutunun əməkdaşı Şafkat Munir qeyd edir:
“Z nəsli siyasətçilərə əvvəlki nəsil kimi hörmətlə yanaşmır. Onlar qlobal düşünür, digər ölkələrdə baş verənləri görürlər. İnternet onlar üçün sadəcə ünsiyyət vasitəsi deyil, həyat damarlarıdır.”

“Nepo Kids” fenomeni və partlayan qəzəb

Nepalda sosial şəbəkələrdə “#NepoKid” və “#NepoBabies” haştaqları altında paylaşılan görüntülər xüsusi rezonans yaratdı. Videolarda siyasətçilərin övladlarının bahalı maşınlarda gəzib, dəbdəbəli tətillərdə əyləndiyi görünürdü. Transparency International-ın korrupsiya indeksində 180 ölkə arasında 107-ci yeri tutan, adambaşına gəlirin cəmi 1 400 dollar olduğu Nepal üçün bu görüntülər xalqın qəzəbini partlatdı.

“Bizim vətəndaşlarımızda duz belə yoxdur, amma onların övladları qızıl və gümüş boşqalda yeyir” — deyə sosial şəbəkədə yazılan paylaşımlardan birində qeyd olunurdu.

Keçmiş və indiki ümidlər

Nepal 2006-cı ildə kral hakimiyyətini devirərək respublika qurmuşdu. Lakin son 19 ildə bir-birini əvəzləyən hökumətlər, eyni siyasi simaların hakimiyyətdə qalması gənclərin ümidlərini puç edib.

Katmandulu politoloq Amit Raj Mulmi vəziyyəti belə xarakterizə edir:
“Siyasətçilər özlərini yeni krallar kimi aparır, xalqı eşitmir. Bu qəzəb təkcə Nepalda deyil, Banqladeşdə, Şri-Lankada, İndoneziyada da eyni ssenari ilə partlayır.”

Yeni siyasi reallıq

Nepalda Z nəslinin təzyiqi nəticəsində keçmiş ali məhkəmə sədri, korrupsiya ilə adı hallanmayan Suşila Karki keçid hökumətinin başçısı təyin edilib. Onun təşəbbüsü ilə prezident parlamenti buraxıb və martda növbədənkənar seçkilər elan edib.

Banqladeşdə gənclər yeni siyasi partiya — Milli Vətəndaş Partiyasını quraraq gələn seçkilərdə iştirak edəcək. Şri-Lankada isə gənclərin dəstəyi ilə solçu siyasətçi Anura Kumara Dissanayake prezident seçilib.

Gəncliyin gələcəyi və çağırışı

BMT məlumatına görə, Cənubi və Cənub-Şərqi Asiyada gənclərin əhali içində payı yüksəkdir. Lakin bu üstünlük iqtisadiyyatlarda işsizlik və kölgə iqtisadiyyatının çoxluğu səbəbindən real “demoqrafik dividend”ə çevrilmir. Nepalda hər il 700 min nəfər iş tapmaq üçün ölkəni tərk edir, əsasən də Körfəz ölkələrinə üz tutur.

Nepallı tələbə Yatiş Odja deyir: “Biz korrupsiyaya qarşı çıxdıq, siyasətçilərdən şəffaflıq tələb edirik. Bu etirazlarda qonşu ölkələr, Şri-Lanka və Banqladeşdəki gənclərin hərəkatı da bizə ilham verdi. Katmanduda heç vaxt düşünməzdim ki, iki günə bütün siyasi sistemi devirmək mümkün olacaq.”

Hazırda Katmandu küçələri nisbətən sakitdir. Lakin gənclər inqilabın ikinci mərhələsinə, ölkəni yenidən qurmağa hazırlaşır.

Poliqon.info

Chosen
18
poliqon.info

1Sources