EN

Rusiyada yanacaq böhranı - səbəb və nəticələri

Bakı, 15 sentyabr, AZƏRTAC

Ukrayna ordusu pilotsuz uçuş aparatlar (PUA) ilə Rusiya ərazisindəki neftayırma zavodlarını vurduqdan sonra ölkədə enerji böhranı yaşanır.

AZƏRTAC “İzvesitiya” qəzetinin elektron variantına istinadla xəbər verir ki, hazırda Rusiyanın Saratov, Samara, Ulyanovsk, Ryazan, Xabarovsk, Penza, Primorye - ümumilikdə 20 regionunda yanacaqdoldurma məntəqələri fəaliyyətlərini dayandırıb, bu vilayətlərə benzin aparılmır. Avqust ayından başlayaraq Ukrayna dronlarının neftayırma zavodlarına hücumu nəticəsində Rusiyanın yanacaq istehsalı 17 faiz azalıb.

“Reuters” agentliyinin xəbərinə görə, Rusiyanın ildə 8,3 milyon ton yanacaq istehsal edən Novokuybışev, Saratov (ildə 5,8 milyon ton), Volqoqrad (ildə 14,8 milyon ton), Sızran (ildə 8,5 milyon ton) yanacaq istehsal etmək gücünə malik olan neftayırma zavodları tamamilə sıradan çıxıb. Bu zavodların təmir olunaraq yenidən fəaliyyətə başlamaları üçün uzun zaman lazımdır. Bunun nəticəsidir ki, Rusiyanın Saxalin, Kamçatka, Amur, Maqadan, Yakutiya, Çukotka kimi ucqar vilayətlərində, sözün həqiqi mənasında, enerji böhranı yaşanır.

Rusiya Dövlət Dumasının üzvü Dmitri Tortev bildirib ki, avqust ayında mərkəzi vilayətlərdə müşahidə olunan enerji böhranı artıq bütün Rusiyanı bürüyüb.

Rusiya Enerji İttifaqı Təşkilatının prezidenti Pavel Bajenov mətbuat nümayəndələrinə bildirib ki, regionlardakı yanacaq doldurma məntəqəli fəaliyyətlərini dayandırıblar: “Onlar 3-4 gündə bir dəfə məntəqəni açaraq çox az miqdarda daxil olan benzini 2-3 saat ərzində satır sonra məntəqəni bağlayıb növbəti benzindaşıyan maşını gözləyirlər”.

Yanacaq qıtlığı Rusiyada benzinin qiymətini fantastik həddə bahalaşmasına səbəb olub. Böhran Rusiyanın neft sənayesinə də təsirsiz ötüşməyib. Sutkada 1 milyon barel neft emal edən zavodlar xam neft qəbul edib anbarlarında saxlaya bilmir. Bu həm təhlükəlidir, həm də anbarlar dolduqdan sonra nefti saxlamağa yer tapılmır. İstehsalçı şirkətlər isə neft quyularını bağlaya bilməz. Onların bağlanaraq sonradan açılması olduqca bahalı prosesdir.

Rusiya Antiinhisar Xidmətinin rəis müavini Vitaliy Korolev yanacağın qiymətinin artmasını kənd təsərrüfatında payız əkinləri ilə əlaqələndirib. Rusiyanın bəzi internet resursları bu izahı qəbul etməyərək bildirirlər ki, ötən illərdə əkin mövsümü olub, lakin yanacağın qiyməti artmayıb. Bu il isə yanacağın qiymətinin artması Ukrayna ordusunun Rusiyanın enerji sektoruna zərbələr endirməsi ilə əlaqədardır.

Yanacağın qıtlığı və qiymətinin yüksəlməsi iqtisadiyyatın digər sahələrində mənfi təsir göstərir. Onsuz da heç də yaxşı vəziyyətdə olmayan Rusiya iqtisadiyyatında durğunluq daha da dərinləşməyə başlayıb. İlk növbədə ərzaq mallarının qiymətində artım müşahidə olunur. Qiymət artımı ilə yanaşı ictimai-siyasi sabitlik də kövrəlir. Artıq Krımda əhali yanacaq qıtlığına etiraz etməyə başlayıb.

Rusiya hökuməti isə böhranın qarşısını almaq üçün tədbirlər planı hazırlayır. Hələlik isə yanacaq ixracına 2 aylıq qadağa qoyulub. Hökumət bu 2 ay ərzində dağıdılan neftayırma zavodlarını təmir etməyi və böhranı aradan qaldırmağı düşünür. Lakin bu müddət ərzində Ukraynanın həmin zavodlara yenidən zərbə vurmayacağına heç kim zamin dura bilməz.

Chosen
27
azertag.az

1Sources