EN

Eşqi Bağırovun yeniləşdirilmiş “repetitorsayağı kurslarının" əsl məzmunu nədir?..


Elşən Qafarov: "…repetitorluğa daha çox rəvac vermək, daha çox şərait yaratmaqdır"

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov yeni tədris ilinə həsr olunmuş tədbirdə jurnalistlərə deyib ki, orta təhsil səviyyəsində kursların təşkil olunduğu təxminən 14 ümumi təhsil müəssisəsi var.

"Kursların keçirilməsində məqsəd bu təhsil müəssisələrinin tələbələrinin ali təhsil müəssisələrinə yüksək keyfiyyətli hazırlanmasını təmin etməkdir. Yəni onlar məktəbdə qruplar və istiqamətlər üzrə üçüncü tərəf repetitorlardan yox, öz müəllimlərindən təlim ala bilərlər və düşünürük ki, bu ilin sonuna kimi bu kursların nəticələrini sizə açıqlaya biləcəyik. Yəni əlavə hazırlıq kurslarına və repetitorlara getmədən yüksək nəticələr əldə edəcək tələbələrimiz olacaq”, - E.Bağırov deyib.

Eşqi Bağırov deyib ki, 14 məktəbdə artıq kurslar təşkil etmişik, orda uşaqları ali məktəbə qəbul olması üçün hazırlaşdırırlar. O bildirib ki, onları repetitorlar yox, öz müəllimləri hazırlaşdırır. Məgər şagirdlərin öz müəllimləri onları pulsuz hazırlaşdıracaqlar?

Elə öz müəllimləridir repetirorluq edənlər də. O müəllimlər o kurslarda pulsuz dərs deyəcəklər? O müəllimlərə həmin şagirdlərə kurslarda əlavə dərs keçməsi müqabilində nə veriləcək? Olmaya, repetitorluğu qanuniləşdirirlər? Müəllimlərə iki dəfə əməkhaqqı verirlər?

Repetitorluğun qarşısını almaq cəhdi çox yaxşı bir şeydir, amma olduqca qeyri-müəyyən, əndrabadi bir üsul təklif olunur. Bunun mahiyyətini necə izah etmək olar? Bunun uğur qazanmaq şansı nə qədərdir?

"Çox təəssüf ki, bu da onların növbəti eksperimentidir"

Tanınmış təhsil eksperti Elşən Qafarov "Bakı-Xəbər"ə bildirdi ki, bu gün təhsil sistemi eksperimentlər mərkəzinə çevrilib: "Çox təəssüflər olsun ki, belədir. Elm və təhsil naziri Emin Əmrullayev də sonuncu brifinqdəki çıxışında bildirdi ki, tezliklə lisey və gimnaziyaların sayı 100-ə çatdırılacaq. Bir şeyi başa düşmək lazımdır ki, bu lisey və gimnaziyalar üçün ilk növbədə binalar tikmək lazımdır. Onlarıçox əcaib formada, tam orta təhsil səviyyəsində formalaşdırırlar. Deyirlər ki, şagirdlər bundan sonra repetitor yanına getməyəcəklər. Yəni bu onların növbəti ağ yalanıdır. Yadınıza salın, 2015-ci ildən Azərbaycan məktəblərində təmayülləşmə prosesi getdi, təmayül siniflər tətbiq olunmağa başladı. Onda da Təhsil Nazirliyində ağız dolusu danışırdılar ki, bəli, biz bununla da repetitorluğun qarşısını alırıq, təmayül siniflər yaranır, burda əlavə saatlar olacaq. Məktəblərdə humanitar, texniki, riyaziyyat təmayüllü, təbiət təmayüllü siniflər və sair olacaq. Nəticə nə göstərdi? Keçən 10 il ərzində nə gördük? Ölkədə təqribən 3400-dən artıq tam orta məktəbin təxminən 40 faizində təmayüllü siniflər yaradıldı. Amma repetitorluq dayandımı? Dayanmadı. Bu repetitorluğun ən geniş vüsət aldığı yer elə lisey və gimnaziyalardır. O cümlədən də təmayül sinifləri olan məktəblərdə müəllimlər direktora "görüm-baxım" edirlər ki, onları təmayül siniflərinə salsın. Çünki burda potensial ali məktəbə hazırlaşan uşaqlar olur. Emin Əmrullayev özü də bilir ki, yalan danışır".

Qafarov qeyd etdi ki, ayrı-ayrı rayonlarda, şəhərlərdə, Sumqayıtda, Gəncədə, Lənkəranda, Bakıda məktəblərdə bu formada təmayüllər yaradırlar: "Ən çox repetitor yanına gedənlər də məhz onlardır. O məktəblərə düşməyin özünün də böyük prestiji var. Çünki hazır repetitorluq var.

Əslində, Emin Əmrullayev bu tip məktəbləri yaratması, dediyi kimi, guya repetitorluğun qarşısını almaq deyil, repetitorluğa daha çox rəvac vermək, daha çox şərait yaratmaqdır. O baxımdan, çox təəssüf ki, bu da onların növbəti eksperimentidir. Bu eksperiment repetitorluğun qarşısını almaq, yaxud səviyyəsini aşağı salmaq deyil, repetitorluğun daha da genişlənməsinə şərait yaratmaqdır.

Heç nə demirəm, dərslər başlasın, 1 aydan sonra məktəblərə bir mediatur təşkil etsinlər, şagirdlərlə bir sorğu keçirək. Görək o məktəblərdə olan şagirdlərin neçəsi repetitor yanına getmir. Sizi inandırım ki, hər 100 şagirdin 100-nün də repetitor yanına getdiyi məlum olacaq. Artıq gedirlər.

Bu, Emin Əmrullayevin növbəti yalanıdır, sadəcə, biz cəmiyyət olaraq, təhsil ekspertləri (düzdür, təhsil ekspertlərinin adı gələndə Emin Əmrullayev allergiyaya düşür-E.Q) olaraq, təhsildə baş verən bu özbaşınalığı ifşa etdiyimizə, üstünü açdığımıza görə nazir qıcıqlanır. Amma reallıq bundan ibarətdir. Emin Əmrullayev artıq 12 ildən bir qədər çoxdur ki, təhsil nazirliyindədir. Əsas, funksional vəzifələri tutur. Emin Əmrullayev yaxşı bilməlidir ki, repetitorluğu yaradan səbəblər hansılardır və o səbəbləri aradan qaldırmadan repititorluğu minimal səhiyyəyə endirmək mümkün deyil.

Səbəblər hansıdır? Dövlət İmtahan Mərkəzinin qrup imtahanları. Gəlin, belə danışaq. DİM-in qrup imtahanlarını biz ixtisaslar üzrə qəbul imtahanları ilə əvəz etsək, sizi inandırım ki, repetitorluq indikindən ən azı 50 faiz aşağı düşəcək. Məsələ bu qədər sadədir. Yəni repetitorluğun bu qədər geniş yayılmasının səbəbi Elm və Təhsil Nazirliyində deyil, DİM-in qrup imtahanlarındadır. Bu tamamilə başqa mövzudur. Biz illərdir təklif edirik ki, DİM-in qrup imtahanı ixtisaslar üzrə qəbul imtahanı ilə əvəz edilsin. Amma repetitorluğun nəticələrindən ən çox bəhrələnən

də Elm və Təhsil Nazirliyidir. Bu gün uşaqların canı hesabına qazanılan bütün nəticələr məktəblərin adına yazılır. Emin Əmrullayev də deyir ki, belə nəticələrimiz var. Olimpiadalara, lisey və gimnaziyalara hazırılıqlar da belə. Bütün sahələr, o cümlədən də məktəblər bu cürdü.

Bu sadəcə bir eksperimentdir və repetitorluğun daha da genişlənməsi, mərkəzləşməsi üçün məktəblərdə yaradılmış şəraitdir. O baxımdan, mən Emin Əmrullayevin təhsillə bağlı rabitəsiz danışıqlarını, təhsildə baş verən xaosu hər də dəfə dilə gətirdikcə bir fikir səsləndirmək istəyirəm ki,Emin Əmrullayev başda olmaqla, nə qədər onun dostları, sinif və tələbə yoldaşları təhsil sisteminə biznes gözü ilə baxacaqlar, repetitorluq daha da inkişaf edəcək. Repetitorluğu aradan qaldırmaq adı ilə atılan növbəti addım, əslində repetitorluq üçün daha geniş şərait yaradılmasından başqa bir şey deyil".

İradə SARIYEVA

Chosen
54
baki-xeber.com

1Sources