“Ermənistan sosial şəbəkələrində Nikol Paşinyanın açılışını etdiyi məktəbdə stulların rənglərinin Azərbaycan bayrağını xatırlatması barədə müzakirələr, əslində, simvolik mənalar üzərindən qurulmuş siyasi şərhlərin göstəricisidir”.
Bu sözləri KONKRET.az-a politoloq Züriyə Qarayeva şərh edib:
“Əgər bu, təsadüfi deyilsə, belə bir vizual mesaj Ermənistan rəhbərliyinin ictimaiyyətə dolayı şəkildə “sülhə və qonşuluq münasibətlərinə açıq olmaq” istəyi kimi dəyərləndirilə bilər. Çünki simvollar və rənglər siyasətdə bəzən rəsmi bəyanatlardan daha güclü mesaj ötürə bilir.
Digər tərəfdən, bu, Paşinyanın daxildə sülh gündəmini gücləndirməyə çalışmasının bir jesti də ola bilər. Azərbaycan bayrağının rənglərini xatırladan bir elementin təhsil ocağında, yəni gələcək nəsillərin formalaşacağı məkanda yer alması, psixoloji baxımdan “qarşıdurmadan əməkdaşlığa keçid” kimi yozular. Hərçənd Ermənistan daxilində radikal qüvvələr bunu “təslimiyyət” və ya “simvolik güzəşt” kimi təqdim edərək tənqid etməyə çalışacaq”.
Z.Qarayeva səsləndirir ki, ümumilikdə, bu cür simvolik detalları siyasi kontekstdən ayırmaq çətindir.
“Məktəbdə stulların rənglərinin belə müzakirə predmeti olması göstərir ki, Ermənistanda Azərbaycanla münasibətlərin gələcəyi mövzusu artıq gündəlik həyatın ən kiçik detallarına qədər sirayət edib. Bu isə sülh prosesinin təkcə siyasi danışıqlar masasında deyil, ictimai şüurda da formalaşmaqda olduğunu göstərir”.
Müşviq Tofiqoğlu,
KONKRET.az