EN

Macarıstan Rusiyadan qaz idxalını 23% artırıb

BAKI, 15 sentyabr. TELEQRAF

Yanvar-iyul aylarında Macarıstanın Rusiyadan boru kəməri ilə qaz alışının dəyəri 23% artıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, iyulda Aİ ölkələri Rusiyadan boru kəməri ilə ümumilikdə 338 milyon avro dəyərində qaz idxal ediblər. Bu, 1999-cu ilin payızından bəri qeydə alınan ən aşağı aylıq göstəricidir. Hazırda Rusiya qazının Avropaya çatdırılması üçün yeganə aktiv marşrut "Türk axını" qaz kəməridir.

İyulda əsas alıcı Macarıstan (183 milyon avro) olub.

Slovakiyanın da qaz idxalında artım qeydə alıb. Ölkənin Baş naziri Robert Fiko bəyan edib ki, “Türk axını” vasitəsilə ölkəyə tədarük edilən Rusiya qazının həcmi artaraq ildə təxminən 4 milyard kubmetrə çatıb. Müqaviləyə əsasən, bu tədarük 2034-cü ilə qədər davam edəcək.

Xatırladaq ki, yanvarın 1-də Ukrayna öz ərazisindən Rusiya qazının Mərkəzi Avropaya tranzitini dayandırıb. Bu da Slovakiyanın qaz təchizatında müvəqqəti çətinliklərə səbəb olub.

Ümumilikdə, yanvar-iyul aylarında Avropa İttifaqı Rusiya boru kəməri qazına görə bir il əvvəl 3,95 milyard avroya qarşı 3,2 milyard avro ödəyib. Əsas alıcılar alışları 23% artıran Macarıstan (1,7 milyard avro), Yunanıstan (870 milyon avro), Slovakiya (388 milyon avro) və İtaliya (205 milyon avro) olub.

TASS-ın avqustun əvvəlində yaydığı məlumata görə, Rusiya 2025-ci ilin yanvar-iyul aylarında “Türk axını” qaz kəməri ilə Avropaya qaz ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% artıraraq 9,9 milyard kubmetrə çatdırıb.

Chosen
21
teleqraf.com

1Sources