“Hazırda hər hansı bir müəssisə, qiymət artımına gedərsə, bu inflyasiyaya tətikləyici bir addım olacaq. Ümumiyyətlə nəqliyyat qiymətləri inflyasiyaya tətikləyicidir. Bu nəticə etibarı ilə, sonradan digər sektorlarda qiymət artımına səbəb olacaq. Əgər maaş və pensiyalar artırılmasa, bu, birbaşa əhalinin rifahına mənfi təsir göstərəcək”.
Bu sözləri iqtisadçı Elman Sadıqov deyib. O bildirib ki, diferensiallaşdırma müxtəlif formalarda ola bilər:
“Diferensiallaşdırma hansı istiqamətdə və necə tətbiq olunacaq, bəlli deyil. Diferensiallaşdırma müxtəlif formalarda ola bilər. İkinci məsələ ondan ibarətdir ki, bizdə həqiqətən də ictimai nəqliyyatın bütün seqmentlərində müəyyən güzəştlərin tətbiqinə ehtiyac var. Məsələn, tələbələr, pensionerlər, təqaüdçülər və s. üçün. Tutaq ki, sərnişinlər üçün 1, 3, 6 yaxud 12 aylıq bilet satılır. Yəni siz müəyyən məbləğ ödəməklə 3 aylıq bilet alırsınız və bu müddət ərzində metroya 10 dəfə də, 100 dəfə də minsəniz, həmin bilet qüvvədədir. Bu daha ucuz və sərfəli olur. İnsanlar da aylıq biletləri olduğu üçün ictimai nəqliyyatdan istifadə etməyə çalışırlar. Amma müşahidələrimə əsasən, burada söhbət daha çox məsafəyə görə tarifin müəyyən edilməsindən gedir. Amma bir iqtisadçı kimi deyə bilərəm ki, hazırki şəraiti nəzərə aldıqda bu yanaşma doğru olmaz. Səbəb odur ki, məsafəyə görə ən çox istifadə edənlər şəhər ətrafından şəhərə gələnlərdir. Belə vətəndaşlar daha çox işə görə şəhərə üz tutur. Belə çıxır ki, məsələn, “Həzi Aslanov”dan, “Dərnəgül”dən gələnlər daha çox pul ödəyəcəklər. Əgər hazırki qiymət olan 50 qəpiyin üzərində olacaqsa, faktiki olaraq, qiymət artımıdır. Yox əgər maksimum qiymət 50 qəpik olacaqsa və digər qısaməsafə gedənlər daha az ödəyəcəklərsə, əhali üçün daha yaxşıdır, lakin metropolitenin rentabelliyinə təsir göstərər. Amma düşünmürəm ki, elə olsun. Qiymət artımı o halda nisbətən faydalı olur ki, bu artım hər üç maraqlı tərəfin (dövlətə, əhaliyə və qiyməti artıran müəssisəyə) mənafeləri ortaq kəsişmə nöqtəsinə malik olsun. Nəticədə hər 3-ü üçün uyğun bir qiymət olsun. Nəqliyyat qiymətləri inflyasiya tətikləyici olduğundan hazırda hər hansı bir müəssisə qiymət artımına gedərsə, bu digər sahələrdə də birbaşa və dolayı yolla inflyasiyaya təzyiq edəcək amilə çevriləcək. Yəni, nəticə etibarı ilə sonradan digər sektorlarda qiymət artımına səbəb olacaq. Əgər maaş və pensiyalar artırılmasa, bu, birbaşa əhalinin rifahına mənfi təsir göstərəcək. Üstəlik nəzərə alaq ki, metrodan və yerüstü nəqliyyatdan istifadə edənlər əhalinin maddi olaraq aşağı təbəqəsidir. Yəni nisbətən daha az maaş alanlardır. Bunlar daha geniş və həssas təbəqədir. Məsələn, taksi qiymətləri, avtomobillərlə bağlı cərimələr artırılarkən, ən azından təskinlik mənasında belə bir söz söylənilir ki, əgər kiminsə pulu çatmırsa, ictimai nəqliyyatdan istifadə etsin. Amma siz hər hansı bir vətəndaşa “sənin pulun yoxdursa, metroya minmə” deyə bilməzsiniz. Çünki daha ucuz alternativ nəqliyyat vasitəsi yoxdur. Burada bu kimi nüansları fikirləşmək lazımdır. Bir müəssisə hansısa obyektiv və subyektiv səbəblərdən öz qiymətlərini tənzimləyə bilmirsə bunu dövlətin, əhalinin üzərinə transfer etdikdə makroiqtisadi göstəricilərə və digər sahələrə də təsir edir”. Sezar pizza
Ekspert vurğulayıb ki, təməl ehtiyacların hər hansısa birinin qiyməti artırsa, digərinə də birbaşa təsir göstərir:
“Nəzərə alaq ki, hər bir şəxsin aldığı maaşın ən zəruri xərc istiqamətləri var. Ərzaq, nəqliyyat, dərman, geyim və s. Bunlar minimum təməl ehtiyaclardır. Əgər bu təməl ehtiyacların hər hansısa birinin qiyməti artırsa, digərinə də birbaşa təsir göstərir. Ümumiyyətlə təməl ehtiyacların qiyməti artanda isə insanlar digər ehtiyaclardan (ev təmiri, təhsil, ictimai iaşə, əyləncə, daxili turizm və sair) daha az istifadə edir. Bu da dövlətə zərərdir. Çünki sözügedən sahələrin dövriyyəsi aşağı düşür. Bu artıq vergi ödəmələrinin, vergi daxilolmalarının aşağı düşməsidir, iqtisadiyyatda daralmalıdır, biznes mühitinin zəifləməsidir. Nəzərə alaq ki, maaş alan əhalinin 50 faizə yaxın hissəsi 400-600 manat maaş alırlar. Bu insanlar sabah öz sahibkarına yaxud rəhbərliyinə narazlıq edir, maaş artımı gözləyirlər. Nəticə etibarı ilə demotivasiya baş verir. Bu isə işə, keyfiyyətə, nəticəyə təsir göstərir. Məsələn, biz keçən il dizel yanacağının qiymətinin 80 qəpikdən 1 manata artırılmasına çox bəsit baxdıq. Amma bu 20 qəpik artımın kənd təsərrüfatı sahəsində hansı qiymət artımlarına gətirib çıxaracağını düzgün proqnozlaşdırılmadı. Bu gün biz görürük ki, kənd təsərrüfatında birbaşa qiymət artımları var. Bəzən qiymət artımının 5-10 qəpik artmasının hansı sahələrdə iqtisadi təzyiqlər və büdcə daxilolmalarına nə dərəcə mənfi təsir göstərəcəyini düzgün şəkildə hesablanmır. Digər əsas məsələlərdən biri isə qiymət artımlarının iqtisadi əsaslandırmalarının düzgün aparılmamasıdır. Düzgün müqayisələr, iqtisadi modellər tətbiq edilmir. Müəssisə dövlətin və istehlakçıların mənafelərindən daha çox öz mənafeyini ön plana çəkir. Bu yanaşma bazar iqtisadiyyatı şəraitində rəqabət mühitində özəl təsərrüfat subyekləri üçün doğru ola bilər, lakin təbii inhisarlar olan dövlət qurumlarının qiymət artımları və tənzimləmələri məsələsində yanaşmalar nisbətən fərqli olur və fərqli olmalıdır”.
Qeyd edək ki, son zamanlar metroda gedişhaqqının diferensiallaşdırılmış tarifə keçirilməsi ilə bağlı fikirlər səslənməkdədir. Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin sədrin müşaviri Emil Əhmədov isə deyib ki, gələcəkdə diferensial qiymət tətbiqi mümkün ola bilər.(yenisabah)