EN

Müəllimləri yoran iş imtahan vermək yox, imtahan götürməkdir

Ötən günlərdə Milli Məclisdə müzakirə olunan mövzulardan biri dı müəllimlərin tez-tez imtahan verməsinin onların psixologiyasına mənfi təsir göstərməsi ilə bağlı olub. Deputatlar dərslərdə də bu təsirin müşahidə olunduğunu bildiriblər.

Mövzu ilə bağlı AzEdu.az-a təhsil eksperti Elmin Nuri danışıb.

Ekspertin sözlərinə görə, əgər biz deyiriksə ki, “müəllimlər yorulurlar”, onda səbəb imtahan vermək deyil, imtahan götürməkdir:

"Qeyd olunan məsələ ilə bağlı ümumiyyətlə razı deyiləm. Gəlin reallığa baxaq: bizdə müəllimlər özləri nə qədər imtahan verirlər ki? Sadəcə müəllimlərin sertifikatlaşdırılması prosesi var, o da 5 ildən bir keçirilir. Hələ ilk beşillik dövr tamamlanmayıb, proses 2021-ci ildə başlayıb və 2026-cı ildə başa çatacaq. Yəni hər bir müəllim yalnız 5 ildən bir sertifikasiyadan keçəcək. Üstəlik, bu proses 3 dəfə keçirildikdən sonra məktəb bu prosesdən azad olunur və məsələ bitmiş sayılır".

“Müəllimlər həddindən artıq imtahan verirlər” və ya “bir imtahandan çıxıb digərinə girirlər” kimi fikirlərlə razılaşmaq mümkün deyil:

"Həmçinin, MİQ müsabiqəsi məcburi deyil. MİQ tamamilə könüllü bir prosesdir. İşə qəbul olmaq istəyən şəxs elektron qeydiyyatdan keçir, daha sonra test imtahanı və digər iki mərhələdə iştirak edir. Yəni bu, məcburi bir imtahan deyil. Hazırda təhsil verən müəllimlər üçün məcburi şəkildə tətbiq olunan yeganə imtahan müəllimlərin sertifikatlaşdırılmasıdır. Onun da şərtləri və qaydaları Nazirlər Kabinetinin qərarına əsasən hər kəsə məlumdur. Belə olan halda “müəllimlər həddindən artıq imtahan verirlər” və ya “bir imtahandan çıxıb digərinə girirlər” kimi fikirlərlə razılaşmaq mümkün deyil. Başqa hansı rəsmi və təsdiqlənmiş imtahan var ki, elm və təhsil naziri tərəfindən həyata keçirilir? Yoxdur!".

Bugünkü vəziyyətdə müəllimlərdən çox sayda imtahan alınmır, əksinə, müəllimlər özləri daha çox imtahan götürürlər və bu da onları olduqca yorur:

"Əgər biz deyiriksə ki, “müəllimlər yorulurlar”, onda səbəb imtahan vermək deyil, imtahan götürməkdir. Formativ qiymətləndirmələr, kiçik summativlər, böyük summativlər, onların kağız işləri, sənədləşmə işləri bax, müəllimləri bunlar yorur. Bugünkü vəziyyətdə müəllimlərdən çox sayda imtahan alınmır, əksinə, müəllimlər özləri daha çox imtahan götürürlər və bu da onları olduqca yorur. Çünki şagirdlərin imtahan nəticələri dolayısı ilə müəllimin də nəticəsi sayılır. Məsələn, bir sinifdə 45 şagird varsa, həmin sinifin ümumi nəticəsi eyni zamanda müəllimin nəticəsi kimi qiymətləndirilir. Bax, bu tərəf doğrudan da yorucu ola bilər. Yoxsa ki, 'müəllimlər çox imtahan verirlər' demək inandırıcı deyil".

“Müəllimlər imtahandan yorulub” fikri qətiyyən həqiqətə uyğun deyil:

"Əksinə, bəzi özəl məktəblərdə və xüsusilə özəl hazırlıq kurslarında müəllimlər az qala hər il imtahan verirlər. Bəzi hazırlıq kursları var ki, bu, nəticədə sahibkarlıq subyektidir, orada müəllimlər hər il qiymətləndirmə imtahanlarından keçirlər. Halbuki dövlət məktəbində çalışan müəllim 5 ildən bir sertifikatlaşdırma prosesindən keçir. Belə olan halda 'müəllimlər imtahandan yorulub' fikri qətiyyən həqiqətə uyğun deyil".

Chosen
14
1
azedu.az

2Sources