Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2024–2025-ci tədris ili üzrə tələbələrlə iş və tədbirlərin təşkili sahəsində görülən işlərə dair hesabat təqdim olunub.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
“Ənənələrə sadiq, yeniliklərə açıq universitet” prinsipi əsasında ADPU-da həyata keçirilən sosial fəaliyyətlər tələbələrin inkişafına, dövlət proqramlarının icrasına və universitet həyatının daha da zənginləşdirilməsinə xidmət edir. Hesabatda qeyd olunur ki, il ərzində universitetdə ümumilikdə 808 tədbir təşkil olunub, onlardan 160-ı onlayn, 648-i isə ənənəvi formada keçirilib. Tədbirlər arasında seminarlar, görüşlər, müsabiqələr, ekskursiyalar və müxtəlif maarifləndirici layihələr yer alıb. Sosial fəaliyyətlər, əsasən, fakültələr, şöbələr və tələbə təşkilatları ilə əməkdaşlıq, dövlət proqramlarının icrası, fərdi layihə və təşəbbüslərin dəstəklənməsi, eləcə də tələbələrin sosial və akademik inkişafının təmin olunması istiqamətində qurulub.
Tələbələr tərəfindən şöbəyə il ərzində ünvanlanan suallar və müraciətlər, əsasən təqaüdlər, imtahan və apellyasiya prosesi, diplomların verilməsi və auditoriya məsələləri ilə bağlı olub. Onların rəylərini öyrənmək üçün müxtəlif mövzularda sorğular keçirilib və toplanan məlumatlar təhlil olunaraq universitetdə fəaliyyətlərin planlanması və təkmilləşdirmə işlərində mənbə kimi istifadə olunub. Bütün sorğular anonim və könüllü şəkildə aparılıb.
Hesabat dövründə milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideyalarının təbliği, Heydər Əliyev irsinin öyrənilməsi, milli bayramların qeyd olunması, incəsənət və mədəniyyət mövzularında tədbirlər həyata keçirilib. Eyni zamanda, insan hüquqları, gender bərabərliyi, sağlam həyat tərzi, ekoloji maarifləndirmə, erkən nikah hallarının qarşısının alınması, yol hərəkəti təhlükəsizliyi və fövqəladə hallarda davranış qaydaları ilə bağlı maarifləndirici layihələr təşkil olunub.
Universitetdə gənclərin inkişafı və könüllülük hərəkatı xüsusi diqqət mərkəzində saxlanılır. Könüllülük fəaliyyətinin təşviqi, startap və innovativ təşəbbüslərin dəstəklənməsi, tələbələrin elmi və sosial nailiyyətlərinin ictimaiyyətə çatdırılması bu il görülən işlər sırasında mühüm yer tutur.
ADPU-da tələbə həyatının zənginliyi müxtəlif təşkilatlar və klublar vasitəsilə təmin olunur. Universitetdə Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Meh ədəbi dərnəyi, Təhsil Könüllüləri Tələbə birliyi, Yeni klub, Kiber klub, UNESCO klubu və digər tələbə birliklərilə yanaşı onların nəzdində fəaliyyət göstərən Psixologiya, İntellektual oyunlar, Kitab, Art, Vətənpərvərlik, Tarix, Sinema, Elm və təhsil, İdman və sağlamlıq, Xarici dillər, Layihələr, Məntiq və əyləncə, Qızıl əllər, ENACTUS, Təhsil fəalları və Debat klubu kimi müxtəlif klublar fəaliyyət göstərir.
Son bir il ərzində, həmçinin universitetin tələbə təşkilatlarının rəqəmsal və sosial media fəaliyyətləri də əhəmiyyətli ölçüdə genişləndirilib və universitet rəyatının rəqəmsal tanıtımı istiqamətində ardıcıl fəaliyyət icra olunub.
Ümumiyyətlə, Pedaqoji Universitetdə tələbələrin sosial həyatlarının səmərəli təşkili daim diqqət mərkəzindədir. Qarşıdakı illərdə də tələbələrin iştirakı ilə daha genişmiqyaslı layihələrin reallaşdırılması və universitetin tələbəyönümlü siyasətinin davam etdirilməsi nəzərdə tutulur.