ain.az, Azertag portalına istinadən məlumat verir.
Naxçıvan, 15 sentyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) 15 Sentyabr - Bilik Günü münasibətilə tədbir keçirilib.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə universitetin rektoru Elbrus İsayev professor-müəllim heyətini və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Rektor bildirib ki, son illərdə qazanılan bütün nailiyyətlər dövlət başçısı İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar və dövlətimizin bu sahəyə göstərdiyi xüsusi qayğının nəticəsidir. Elbrus İsayev bu çərçivədə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda ali təhsil ocağının qarşısındakı mərhələlər üzrə perspektivlərini diqqətə çatdırıb.
Vurğulanıb ki, Dövlət Proqramının səmərəli icrası nəticəsində universitetdə SABAH qrupları yaradılıb, bəzi ixtisasların tədrisi ingilis dilində aparılır, universitetin nəzdində ingilis dili təmayüllü gimnaziya və Beynəlxalq Kembric Məktəbi fəaliyyətə başlayıb. Dünyanın texnologiya lideri olan IBM-lə NDU arasında əməkdaşlıq müqaviləsinə əsasən IBM Mərkəzi istifadəyə verilib. Xarici ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıqlar gücləndirilib. Birgə proqramların təşkili, mövcud "ikili diplom" proqramlarının icra edilməsi, müəllim və tələbərin mobilliyi, əcnəbi professorların tədrisə cəlbi, IELTS və SAT imtahan mərkəzlərinin infrastrukturunun təkmilləşdirilməsi, əcnəbi tələbələrin qəbulu genişləndirilib.
Elbrus İsayev bildirib ki, 3 kolleci, 2 tədqiqat institutu,1 rəsədxanası, mərkəzləri ilə müasir tipli və çoxprofilli təhsil sisteminə malik NDU uğurları ilə daim seçilir. “Bu il bakalavriat üzrə 1764, magistratura üzrə isə 208 tələbə universitetə qəbul olub. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin seçimində Naxçıvan Dövlət Universiteti ön sıralarda yer alıb, yüksək balla qəbul olunanların sayı 4 dəfə artaraq 41-dən 152 nəfərə çatıb. Qruplar üzrə 600-dən yuxarı bal toplayan abituriyentlər NDU-nun hüquqşüaslıq, tibb, kompüter mühəndisliyi və digər ixtisaslarında təhsil almaq imkanı əldə ediblər. Naxçıvan Dövlət Universiteti dövlət və ictimai münasibətlər ixtisası üzrə ən yüksək keçid balına malik universitetlər sırasında ilk sırada qərarlaşıb. Həmçinin 600 baldan yuxarı nəticə göstərən abituriyentlər arasında NDU-nun riyaziyyat müəllimliyi ixtisasını seçən tələbələr var. IV qrup üzrə 600-dən yuxarı bal toplayan 130 nəfər Naxçıvan Dövlət Universitetini seçib ki, nəticədə plan yerləri 100 faiz dolaraq universitet tarixində rekord göstərici olub”, - deyə rektor çıxışında qeyd edib. Həmçinin ölkə universitetləri arasında ilk dəfə NDU-da yaradılan tibb ixtisası üzrə SABAH qruplarının yeni tədris ilindən ingilis dilində də aparılacağını əlavə edən rektor gözlənilən yeniliklərdən də bəhs edib. Universitet nəzdində ingilisdilli bağça, alman dili hazırlıq və imtahan mərkəzi, tibb kampusunun planlaşdırılan layihələr sırasında olduğunun vurğulayıb.
Tədbirdə birinci kurs tələbələri adından 2025-2026-cı tədris ili üzrə keçirilən qəbul imtahanlarında 688 bal toplayıb NDU üzrə ən yüksək nəticəni əldə edərək Memarlıq və mühəndislik fakültəsinin ikili diplom proqramı üzrə tədrisi ingilis dilində aparılan kompüter mühəndisliyi ixtisasına qəbul olan Cəmilə Babayeva göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Valideynlər adından çıxış edən iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımov isə ali təhsil ocağında keyfiyyətli və yenilikçi təhsil üçün hərtərəfəli şəraitin olduğunu, gənclərin də yaradılan bu imkanlardan istifadə edərək Vətənə layiqli insan kimi yetişməsinə çalışacaqlarını söyləyib.
Sonra universitetin tanıtım filmi nümayiş olunub və xatirə fotosu çəkdirilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.